Azedu.az

“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri

Şagirdlər

17 Sentyabr 2026, 14:42
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri

Yeni tədris ili başlayıb. Bu il 124 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyub. Birinci sinfə başlayan uşaqlar üçün bu mərhələ həm yeni mühitə uyğunlaşmaq, həm də yeni məsuliyyətləri qəbul etmək deməkdir.

Maraqlıdır, birinci sinfə başlayan uşaqların məktəbə adaptasiya prosesində daha çox hansı çətinliklərlə qarşılaşması müşahidə olunur?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, valideyn hər şeyi övladının əvəzinə etdikcə, uşağın məktəbə və sosial mühitə uyğunlaşması çətinləşir:

Uşaqlar niyə məktəbə getmək istəmir?

“Əvvəlki illərdə uşaqlar məktəbə başlayanda sinif yoldaşlarının və müəllimlərinin kim olduğunu əvvəlcədən bilmirdilər. Amma indi uşaqlar erkən yaşlarından məktəbəqədər hazırlıq qruplarına başladıqları üçün bir-birlərini və müəllimlərini əvvəlcədən tanıyırlar.

Bu uşaqlar təbii olaraq məktəbə daha yaxşı adaptasiya olacaqlar. Çünki müəllimə əvvəlcədən onlara dərs keçib, uşaqlar da bir-birlərini tanıyırlar. Hansı uşaqlarda problemlər ortaya çıxa bilər?

Birinci, həddindən artıq qoruyucu ailə mühitində böyüyən uşaqlarda. Belə ailələrdə valideyn övladını həddindən artıq qoruyur, onun səhv etməsinə imkan vermir və hər şeyi onun əvəzinə edir. Məsələn, “Mən hər şeyi sənin əvəzinə edəcəyəm, sən yıxılarsan” deyərək uşağı daim qoruyur.

Belə uşaq sosial mühitə çıxanda çətinlik yaşaya bilər. Çünki ailəsindən gördüyü diqqəti, qayğını və sevgini məktəb mühitində də gözləyəcək. Halbuki burada hər kəs ona istədiyi kimi davranmaq və ya daim sevgi göstərmək məcburiyyətində deyil. Məktəbin öz qayda-qanunları var və onlara riayət etmək hər birimizin borcudur.

Yəni burada həddindən artıq qoruyucu ailədə böyüyən, valideynləri tərəfindən çox qorunan uşaqlarda, sosial adaptasiyası və sosiallığı aşağı olan, adaptasiya problemi yaşayan, həddindən artıq kaprizli uşaqlarda müəyyən çətinliklər ortaya çıxa bilər”.

Bu gün bəzi uşaqlar məktəbə niyə getməli olduqlarını bilmirlər, çünki onlara hər şey hazır şəkildə verilir:

“Ümumiyyətlə, bəzən valideyn elə bilir ki, məktəbə getməklə, sinifdə oturmaqla problem həll olunacaq. Xeyr, valideynin sinifdə oturması ilə bu problem həll olunmayacaq, əksinə, daha da şiddətlənə bilər.

Valideyn öz övladına məktəbin mahiyyətini izah etməlidir. İlk növbədə bunu modelləşdirməlidir: “Sən məktəbə gedirsən”. Məktəbin nə olduğunu, nə üçün məktəbə getdiyimizi, öz məktəb təcrübəsini uşağı ilə bölüşməlidir. Həmçinin “Biz məktəbə getməklə nə əldə edəcəyik?” sualını izah etməlidir.

Bu gün valideynlər uşaqlarına o qədər çox şey verirlər ki, uşaq bəzən məktəbə getməyə ehtiyac olmadığını düşünür. “Məktəbə niyə gedim?” deyir. Amma belə olmamalıdır. Uşaq bilməlidir ki, “Mən məktəbə gedirəm və məktəb mənə təhsil verəcək, mən burada müəyyən bilik və bacarıqlar əldə edəcəyəm”.

Hər bir uşağı 5 yaşından etibarən məktəbə hazırlamaq, məktəbin mahiyyətini ona anlatmaq lazımdır ki, sonradan müəyyən problemlər ortaya çıxmasın. Uşaq məktəbin mənasını, mahiyyətini başa düşdükdən sonra məktəbə daha hazırlıqlı gedəcək.

Bəzən valideynlər uşaqları məktəbdən çıxanda onlara çox fərqli suallar verirlər. Məsələn, “Kim yaxşı cavab verdi?”, “Müəllimə birinci kimi ayağa qaldırıb dərsi soruşdu?” kimi suallar vermək düzgün deyil. Bu, həm etik qaydaları pozur, həm də uşağa düzgün yanaşma deyil.

Eyni zamanda, uşağınızı başqa uşaqlara görə müqayisə etməyin. Kiminsə övladı bu gün birinci və ya ikinci sinifdə yaxşı oxuya bilər, sonradan nəticəsi zəifləyə bilər. Yaxud sizin övladınız sonradan ondan daha yaxşı nəticə göstərə bilər. Bu o demək deyil ki, hər bir uşaq mütləq digərlərindən daha yüksək nəticə göstərməlidir”.

Hər bir uşaq öz çantasını, nə qədər ağır olsa da, özü daşımağı öyrənməlidir:

“Uşaq ailə və oyun mühitindən çıxaraq daha məsuliyyətli, nizam-intizamın olduğu başqa bir mühitə daxil olur. Bu da onun üçün müəyyən uyğunlaşma çətinlikləri yaradır. Bəzən uşaq bu dəyişiklikləri qəbul etmək istəmir. Birinci çətinlik səhər yuxudan oyanmaqdır, ikinci isə çantasını daşımaq.

Bu gün elə uşaqlar var ki, çantalarını belə özləri daşımaq istəmirlər, istəyirlər ki, valideynləri aparsın. Amma bilin ki, siz bu gün onun çantasını daşıyırsınızsa, sabah da onun həyat yükünü çiyinlərinizdə daşımalı olacaqsınız. Hər bir uşaq öz çantasını, nə qədər ağır olsa da, özü daşımağı öyrənməlidir.

Yəqin ki, dövlət, məktəb, təhsil sistemi, səhiyyə qurumları bu məsələləri nəzərə alıblar. Kitablar hazırlanarkən onların çəkisi və qalınlığı da düşünülüb. Hətta bəzi dərsliklər iki hissəyə bölünüb ki, uşaqlar üçün daha rahat olsun. Məsələn, kimya, biologiya, fizika kimi fənlərin kitabları artıq iki hissə şəklində nəşr olunur. Mənim də övladım şagirddir və bunu müşahidə edirəm. Demək istədiyim odur ki, uşaq öz məsuliyyətini anlamalı, onu qəbul etməli və daşımağı bacarmalıdır”.

Uşağın məktəbə adaptasiyasında evdəki rahat və dəstəkləyici mühit qədər müəllimin səbrli yanaşması da vacibdir:

“Valideynlər çalışmalıdırlar ki, evdə uşaqlar üçün rahat və dəstəkləyici mühit yaratsınlar. Çünki yeni yoldaşlara alışmaq, hər gün 4-5 saat dərsdə oturmaq, bəzən isə dərsdən sonra hazırlıq məşğələlərinə qatılmaq uşaqlar üçün kifayət qədər yorucudur. Buna görə də valideynlər bu məqamları nəzərə almalı və gündəlik rejimi ona uyğun qurmalıdırlar.

Müəllimlər də bu dövrdə daha səbirli olmalıdırlar. Çünki bugünkü uşaqlar əvvəlki nəsillərdən müəyyən mənada fərqlənirlər. Onlar daha həssas, səbirsiz və emosional reaksiya verməyə meyilli olurlar. Bu xüsusiyyətlərin formalaşmasında ailə mühiti, sosial dəyişikliklər və ümumilikdə yaşadıqları dövrün təsiri var. Zamanla məktəb mühiti və sosial münasibətlər onların uyğunlaşmasına kömək etsə də, ilkin mərhələdə bu xüsusiyyətləri nəzərə almaq vacibdir”.

AzEdu.az mövzu ilə bağlı valideyn mövqeyini də öyrənmək üçün ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin fikirlərini öyrənib. Onun övladı Oğuz bu il birinci sinfə başlayacaq.

189266

İlk aylarda mənim üçün əsas prioritet onun dərs nəticələrindən daha çox məktəbə psixoloji və sosial adaptasiyası olacaq:

“Oğuz məktəbə getməyə çox həvəslidir, amma təbii ki, müəyyən narahatlıqları da var. Yeni mühit, yeni insanlar, müəllim və sinif yoldaşları ilə tanışlıq uşaq üçün böyük dəyişiklikdir. Mən də çalışıram ki, bu mərhələyə onu ilk növbədə psixoloji baxımdan hazırlayım. Məktəblə bağlı mümkün qədər pozitiv danışır, onu nələrin gözlədiyini əvvəlcədən izah edirəm ki, bu dəyişiklik onun üçün qorxulu və naməlum görünməsin.

Yay ərzində Oğuz nənəsi ilə birlikdə əlifbanı və hazırlıqda öyrəndiklərini yenidən təkrar edib. Məqsədimiz odur ki, məktəbə başlayanda dərslər onun üçün birdən-birə çox çətin görünməsin və özünü daha inamlı hiss etsin. Amma ilk aylarda mənim üçün əsas prioritet onun dərs nəticələrindən daha çox məktəbə psixoloji və sosial adaptasiyası olacaq.

Mən hər axşam övladlarımın məktəbdə baş verənlərlə bağlı danışdıqlarını dinləməyə xüsusi diqqət edirəm. Çünki uşaqların öz dünyası var. Biz böyüklərə çox kiçik və əhəmiyyətsiz görünən bir hadisə onlar üçün həmin günün ən böyük problemi, hətta ciddi narahatlıq mənbəyi ola bilər. Ona görə uşağın hisslərini kiçiltməmək, “bu nədir ki?” deyib keçməmək və rahat şəkildə özünü ifadə edə biləcəyi bir mühit yaratmaq məncə çox vacibdir”.

Uşaq məktəbi qorxulu və yalnız qiymətlərin verildiyi bir yer kimi görməməlidir:

“İşləyən ana kimi hər gün dərslərinə uzun saatlar ayırmaq çətin olsa da, bacardığım qədər yanında olmağı və ehtiyac duyduğu məqamlarda ona dəstək verməyi planlaşdırıram. Eyni zamanda düşünürəm ki, uşağın hər tapşırığını onun əvəzinə yerinə yetirmək doğru deyil. Məqsəd ona nəzarət etməkdən daha çox, onda məsuliyyət və müstəqillik hissini tədricən formalaşdırmaqdır.

189267

Məncə, məktəbə yeni başlayan uşaq üçün ən vacib məsələlərdən biri ona məktəbin qorxulu və yalnız qiymətlərlə bağlı bir yer olmadığını anlatmaqdır. İstəyirəm ki, Oğuz məktəbi özünü kəşf edəcəyi, yeni dostlar qazanacağı, öyrənəcəyi və gələcəkdə arzularını həyata keçirməsinə kömək edəcək böyük bir dünyanın başlanğıcı kimi görsün”.

Ramiz Mehdiyevdən ŞOK HİYLƏGƏRLİK: Görün, nə etdi?!
Son xəbərlərDaha çox