Azedu.az

Rəhim Bayramlı: “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir”

AzEdu Təhsil Platforması

17 Sentyabr 2026, 13:04
Rəhim Bayramlı: “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir”

“Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir”.

AzEdu.az xəbər verir ki, bunu “SABAH.HUB” şirkətinin baş icraçı direktoru Rəhim Bayramlı “Baku ID 2026” innovasiya festivalı çərçivəsində media nümayəndələrinə müsahibəsi zamanı deyib.

Rəhim Bayramlı bildirib ki, artıq beşinci dəfə keçirilən “Baku ID” regionun ən böyük innovasiya və startap tədbirlərindən birinə çevrilib:

“İlk növbədə “Baku ID” tədbiri ilə bağlı bir qədər məlumat vermək istəyirəm. “Baku ID” artıq beşinci ildir keçirdiyimiz tədbirdir və regionun ən böyük innovasiya və startap tədbirlərindən biridir. 

Əsas məqsədimiz Azərbaycandan və regiondan olan startaplar üçün platforma yaratmaq, onların beynəlxalq investorlar qarşısında çıxış edərək sərmayə cəlb etmələrinə dəstək göstərməkdir.

Bu il “Baku ID” bizim ən böyük tədbirimizdir. İlk dəfə olaraq 50-dən çox beynəlxalq və regional vençur fondu tədbirdə iştirak edir. 60 startap həmin investorlar qarşısında təqdimatla çıxış edir. Onlardan 45-i regional və xarici, 15-i isə yerli startaplardır.

Builki “Baku ID” bizim üçün həm də xüsusi əhəmiyyət daşıyır. Çünki tədbir eyni zamanda “SABAH.CITY” layihəsinin startı və layihənin birinci fazasının başlanğıcıdır.

“SABAH.CITY” Azərbaycanda Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihədir. Düşünürəm ki, bu model çərçivəsində belə böyük miqyasda reallaşdırılan ilk layihələrdən biridir.

“SABAH.CITY”nin əsas məqsədi Azərbaycanın və regionun əsas startap ekosistemi iştirakçılarını – ali təhsil müəssisələrini, tədqiqat institutlarını, startapları, investisiya şirkətlərini, dövlət qurumlarını və texnologiya şirkətlərini bir araya gətirməkdir.

Burada məqsəd tərəflər arasında düzgün əməkdaşlıq əlaqələri yaratmaq, Azərbaycanda və regionda bilik iqtisadiyyatının inkişafına töhfə verməkdir”.

Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir?
Son xəbərlərDaha çox