Avropa İttifaqında 13 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsi planlaşdırılır.
AzEdu.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Aİ üzrə uşaqların sosial media və rəqəmsal texnologiyalardan istifadəsinə yaş məhdudiyyətlərinin tətbiqi ilə bağlı yeni təşəbbüsün hazırlandığını açıqlayıb.
Fon der Leyen bildirib ki, 13 yaşdan aşağı uşaqlar üçün sosial media istifadəsi qadağan edilməli, 15 yaşdan aşağı şəxslərə isə şəxsi hesab açmağa icazə verilməməlidir.
Onun sözlərinə görə, 13 və 14 yaşlı uşaqlar üçün valideyn nəzarəti altında, məhdud funksiyalara malik “mini hesablar” yaradıla bilər. Bu hesabların istifadəsinin gündə bir saatla məhdudlaşdırılması nəzərdə tutulur.
Avropa Komissiyasının yeni “Uşaqlar haqqında qanun” layihəsini təqdim edəcəyi bildirilib. Layihəyə əsasən, sosial media platformaları öz xidmətlərinin azyaşlılar üçün təhlükəsiz olduğunu sübut etməli olacaq.
Hazırda bir sıra Aİ ölkələri sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq etmək istiqamətində addımlar atır. Fransa 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası tətbiq edən ilk Aİ ölkəsi olub. Lakin bu qərar daha sonra ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.
İspaniya, Danimarka və İsveç də uşaqların sosial media istifadəsinə yaş məhdudiyyətləri tətbiq edən ölkələr sırasındadır.
Qeyd edək ki, Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan aşağı şəxslər üçün sosial medianı qadağan edən ilk ölkə olub.