Azedu.az

Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA

Şagirdlər

21 Sentyabr 2026, 09:17
Şagirdlər dərsdə özbaşınadır? - Məktəbdə canlı yayım açmalarına REAKSİYA

15 sentyabrdan etibarən yeni tədris ili başlayıb. Dərslərin başlaması ilə şagird və tələbələrin sosial media hesablarında etdikləri paylaşımlar da gündəmə gəlib. Xüsusilə bəzi şagirdlərin dərs saatlarında canlı yayımlar açaraq dərslərin səmərəsiz və ya boş keçdiyini bildirməsi diqqət çəkir.

Şagirdlərin dərs zamanı mobil telefondan istifadəsinə müəyyən məhdudiyyətlər qoyulsa da, müşahidələr göstərir ki, bu qaydalar bəzi məktəblərdə tam tətbiq olunmur.

Maraqlıdır, şagirdlərin dərs zamanı telefon və sosial mediadan istifadəsinə daha ciddi məhdudiyyətlərin tətbiqi məqsədəuyğundurmu? 

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən "Əməkdar müəllim" Sona Əliyeva qeyd edib ki, şagirdin dərs vaxtı sosial şəbəkəyə daxil olması və xüsusilə sinifdən canlı yayım açması normal davranış kimi qəbul edilə bilməz:

187455

“Məncə, dərs zamanı telefon istifadəsi ilə bağlı yanaşma cəza üzərində qurulmamalıdır. əlbəttə ki, bu mövzuda tam sərbəstlik verilməsi də yanlışdır. Azərbaycanda bununla bağlı artıq davranış qaydaları mövcuddur. Ona görə də cəmiyyəti narahat edən, qaydaların məktəblərdə nə dərəcədə ardıcıl tətbiq edilməsi ilə bağlıdır.

Şagirdin dərs vaxtı sosial şəbəkəyə daxil olması və xüsusilə sinifdən canlı yayım açması normal davranış kimi qəbul edilə bilməz. Müəllimin və digər şagirdlərin razılığı olmadan video çəkilməsi, dərs prosesinin ictimai şəkildə nümayiş etdirilməsi məktəbdə həm intizam, həm də rəqəmsal etika məsələsi yaradır. Həmçinin, şagird canlı yayımda “dərs boş keçir” deyirsə, bunu avtomatik olaraq həqiqət kimi qəbul etmək də düzgün deyil, tamamilə görməzdən gəlmək də yolverilməzdir.

Belə halların təkrarlanması məktəblər üçün müəyyən siqnal olmalıdır. Çünki telefon bəzən problemin səbəbi yox, dərsdən uzaqlaşmanın nəticəsi olur. Bu səbəbdən məktəblərdə telefonların dərs zamanı xüsusi saxlanc yerlərində saxlanılması, yalnız tədris məqsədi olduqda istifadəsinə icazə verilməsi və qayda pozuntularına görə əvvəlcədən müəyyən edilmiş ardıcıl tədbirlərin tətbiqi mümkündür. Amma hər şeyi texniki vasitələrlə həll etmək, məsələn, siqnalbloklayıcılarla məktəbdə rabitəni kəsmək düzgün yanaşma deyil”.

Müəllim özü dərs zamanı telefondan istifadə edirsə, şagirddən rəqəmsal intizam tələb etmək çətinləşir:

“Burada müəllim və valideynin də məsuliyyəti var. Məktəb qayda qoyursa, onu bütün tərəflər üçün eyni prinsiplə tətbiq etməlidir. Müəllim özü dərs zamanı telefondan istifadə edirsə, şagirddən rəqəmsal intizam tələb etmək çətinləşir. Valideyn də bilməlidir ki, dərs vaxtı övladı ilə əlaqə yaratmaq üçün məktəbin müəyyən etdiyi alternativ kanal olmalıdır.

Biz təhsil prosesinin bir parçası olaraq, uşağa sadəcə “telefonu kənara qoy” deməklə kifayətlənməməliyik. Rəqəmsal davranış, sosial şəbəkədə məsuliyyət, başqasının görüntüsünü icazəsiz paylaşmamaq və texnologiyadan məqsədyönlü istifadə də məktəb təhsilinin bir hissəsinə çevrilməlidir. Valideyndlər də, müəllimlər də anlamalıdır ki, məqsəd telefonu şagirddən almaq deyil. Məqsəd dərs zamanı onun diqqətini qorumaq, məktəbdə sağlam təhsil mühiti yaratmaq və eyni zamanda uşağa öz rəqəmsal davranışını idarə etməyi öyrətməkdir”.

 

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox