Azedu.az

ADNSU-da RFO-nun təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Ali təhsil

11 İyun 2026, 12:41
ADNSU-da RFO-nun təbiət fənləri üzrə qalibləri mükafatlandırılıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AzEdu.az xəbər verir ki, açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADNSU-nun rektoru Rüfət Əzizov çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli olimpiada qaliblərini təbrik edərək onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb.

Həsən Həsənli qeyd edib ki, son illər Respublika Fənn Olimpiadalarının qaliblərinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artıb. Nazir müavini çıxışında qaliblərin gələcək fəaliyyətinə də toxunaraq bildirib ki, onların bu gün nümayiş etdirdiyi bilik, bacarıq və keyfiyyətlər gələcək uğurlarının əsasını təşkil edir.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışındaqalibləri təbrik edərək, bu il respublika fənn olimpiadalarında ölkənin müxtəlif məktəblərindən 70 mindən çox şagirdin iştirak etdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu göstərici Azərbaycanda güclü olimpiada hərəkatının formalaşmasının, şagirdlərin bilik yarışlarına marağının, müəllimlərin onların hazırlığına göstərdiyi diqqətin və məktəblərdə bu istiqamətdə yaradılan inkişaf mühitinin bariz göstəricisi kimi dəyərləndirilə bilər. Rüfət Əzizov həmçinin vurğulayıb ki, əgər bir vaxtlar beynəlxalq olimpiadalarda medal qazanmaq böyük hadisə kimi qiymətləndirilirdisə, bu gün Azərbaycan şagirdlərinin beynəlxalq arenada əldə etdikləri uğurlar artıq gözlənilən nəticəyə çevrilib. O bildirib ki, bu nailiyyətlər təsadüfi deyil, təhsil sahəsində uzun illər ərzində həyata keçirilən sistemli və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir. Tədbirin rəsmi hissəsindən sonra təbiət fənləri üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.Respublika Fənn Olimpiadaları nədir?Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

Azərbaycan ordusu Xəzərdə HƏRƏKƏTƏ KEÇDİ - Nə baş verir?
Son xəbərlərDaha çox