AzEdu.az Təhsil Portalının “Təhsil Resepti” adlı yeni rubrikasına start verilib.
Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?
Rubrika çərçivəsində müxtəlif ziyalılarla silsilə müsahibələr təqdim olunacaq.
İlk müsahibimiz isə tanınmış həkim, Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının dosenti, Rəşid Mahmudovdur.
Müsahibəni təqdim edirik:
- Keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Sizcə, bu nüfuzlararası fərqin əsas səbəbi nədir?
- Təhsilin zəifləməsində həm müəllimlərin, həm valideynlərin günahı var. Təhsili daha da inkişaf etdirmək lazım idi. Təhsilin inkişafı üçün 5 əsas amil vacibdir:
Birincisi, tələbəni motivasiya etməkdir. Tələbəyə hiss etdirməlisən ki, sən bu elmi öyrənməsən, yaxşı həkim ola bilməyəcəksən. Bunu necə etmək isə artıq müəllimin ustalığından asılıdır.
İkincisi, bizə nə akademik, nə də professor lazımdır. Bizə öz elmini tələbəyə ötürə bilən müəllim, öz sənətini bilən pedaqoq lazımdır. İnsan əvvəlcə pedaqoq olmalıdır. Ondan sonra istər doktor olsun, istər akademik, bu, artıq ikinci məsələdir.
Tələbələrdə elm sevgisi yarada bilən müəllimlər formalaşmalıdır. Məsələn, nümunə olaraq, elə Azərbaycan Tibb Universitetini götürək: orada müəllim olmaq istəyən şəxsə ayrıca vaxt ayrılmalıdır. Yoxsa, biri gedib bir iş yazır, müdafiə edir, elmi dərəcə alır və elə bilir ki, artıq müəllimdir. Belə deyil. Müəllimlik tamam başqa sənətdir. Amma bu gün elə savadsız müəllimlər var ki, tələbə ondan daha çox şey bilir. Belə olanda müəllim nüfuzu da itib gedir.
Üçüncü amil isə yüksək keyfiyyətli laboratoriyaların vacibliyidir. Avropa və Amerika səviyyəsində laboratoriyalar olmalıdır.
Dördüncüsü, hər cür müasir avadanlıq və cihazların olması mütləqdir.
Nəhayət, beşincisi isə mükəmməl dərsliklərin yazılması və həmin dərsliklərin bütün tələbələr tərəfindən qəbul olunmasıdır. Bu beş şərt ödənilməsə, yüksək keyfiyyətli kadr hazırlığından söhbət gedə bilməz.
"Bəzi fənləri indiki bir çox müəllimdən daha yaxşı bilirəm"
- Rəşid müəllim, bugünkü məktəblərlə sizin dövrünüzün məktəbləri arasında ən ciddi fərqi nədə görürsünüz?
- Mən oxuyanda tarix, coğrafiya, həndəsə, triqonometriya və riyaziyyat kimi fənləri çox yaxşı öyrənmişəm. Ümumiyyətlə, bütün fənlər bizə yüksək səviyyədə tədris olunurdu. İndinin özündə belə bir çox müəllimdən bu fənləri daha yaxşı bilirəm. Ancaq bu gün müəllimlərin özləri belə öz fənnini dərindən bilmir. Şagirdlərə isə sadəcə qayda əzbərlədirlər. Bu səbəbdən bizim çox mükəmməl müəllimlərə ehtiyacımız var. Savadlı müəllimlər yetişdirilməli, yaxşı tələbələr qabağa çəkilməlidir. Başımıza gələn bir çox problemlərin kökündə savadsızlıq dayanır. “Mən akademikəm”, “filankəsin oğluyam”, “filankəsin qohumuyam” kimi dövr bitib. İndi elm zamanıdır. Güc dövrü artıq qurtarıb. İndi qabağa elmi, biliyi olanlar gedəcək.
Bu gün televiziyalarda çıxıb hər mövzuda danışan “qeyri-ciddi” adamları daha çox göstərirlər. Elmə, təhsilə aid ciddi verilişlər demək olar ki, yoxdur. Məgər bir dənə elm yönümlü televiziya proqramı açmaq olmazmı? Elə sizin ünvanladığınız sualları televiziyaya müəllimləri dəvət edib niyə onlara ünvanlamırlar? Bütün bu məsələlərlə bağlı konkret çıxış yolları tapmaq lazımdır. Azərbaycan təhsili bu şəkildə davam edə bilməz.
Diplomunu alıb-gələn hər kəsin mütləq müəllim olması yanaşması doğru deyil. Müəllim olmaq istəyən şəxs öz sahəsində ciddi şəkildə yoxlanmalıdır. Ondan sonra tələbənin qarşısına çıxarılmalıdır. Yoxsa “mən dosentəm”, “mən professoram” deməklə iş bitmir. Bu məsələlər həll olunmalıdır və bizə yüksək keyfiyyətli kadrlar lazımdır.
- Maraqlıdır, təhsilin bugünkü sağlamlıq durumunu necə qiymətləndirirsiniz? - reanimasiya vəziyyəti, orta-ağır, yoxsa, stabil?
- Təhsilimiz nə ölüdür, nə də diri.
- Dövrünüzdəki müəllimlərdən bu günə nümunə ola biləcək hansı yanaşmalar qalıb?
- Əlbəttə ki, əvvəlki müəllimlərin arasında zəifi də var idi, güclüsü də. Açıq deyim, indiki təhsil sistemində tələbəyə çox güzəşt edilir. Deyirlər ki, dərsin 20 faizini buraxa bilərsən. Tələbə əsas fənnin 100 saat dərsinin 20 saatına gəlmir. Amma Sovet dövründə dərs buraxan tələbə həmin dərsi mütləq gəlib əvəz etməli idi.
Məsələn, bizdə qan analizləri var. Eritrositi, leykositi saymaq, mikroskopla baxmaq var. Tələbə bunları öz gözü ilə etməli, praktik tətbiqini bilməlidir. O 20 faiz güzəşt əsas fənlər üçün nəzərdə tutulmamalıdır. Bütün dərslərdə bu qədər boşluq düzgün deyil. Bizim universitetdə tarix, din tarixi, fəlsəfə və siyasi iqtisad dərsləri keçirilir. Axı bunlar nəyə və kimə lazımdır?! Keçilirsə də, heç olmasa, həmin 20 faiz güzəşt o fənlərə şamil edilsin. Tələbənin özü də anlamalıdır ki, anatomiya, fiziologiya kimi əsas fənlərdən dərs buraxa bilməz.
"Müəllimi yoxlamamış tələbənin qarşısına çıxarmaq olmaz"
- Gənclərdə hazırda sizi ümidləndirən hansı keyfiyyətləri görürsünüz?
- Siz gəlin mənim tələbələrimə baxın, onlar çox çalışqandırlar. İndi internet dövrüdür. Çalışqan tələbə tam başqa cür inkişaf edir. Onlara şərait yaradılsa, böyük nailiyyətlər əldə edə bilərlər. Amma indi müəllim slayd açır, orada ingiliscə, rusca, azərbaycanca yazılanı olduğu kimi oxuyur. Tələbə də sadəcə, baxır. Halbuki bunu tibbdən xəbəri olmayan bir şəxs də edə bilər.
Təhsil elə “hay-küy”lə düzələn məsələ deyil. Təhsil birbaşa müəllimdən başlayır. Müəllim vicdan deməkdir. Əgər o, vicdanla dərs demirsə, ondan müəllim olmaz. Təkcə fizikanı, biologiyanı bilməklə də həkim olmaq olmur. Həkim insansevər olmalıdır, xalqını, dövlətini, millətini sevən biri olmalıdır. Həkim üzərindəki xalat qədər təmiz və saf olmalıdır. Ondan sonra yaxşı həkim ola bilər.
- Əgər təhsil üçün kənardan bir “resept” verməli olsaydınız, ilk hansı problemi həll edərdiniz?
- İlk növbədə müəllimlərdən başlayardım. Kəndlərdə işləyən müəllimlər var idi ki, gedib öz fənnindən 3 bal toplamışdı. Boş yerə Sovet dövrünü də tərifləmək lazım deyil. Təhsili düzəltmək istəyirsənsə, əvvəl müəllimdən başlamalısan. Müəllim tələbəsinə öz övladı, öz nəvəsi kimi baxmalıdır. Onu alçaltmaq, üstünə qışqırmaq düzgün deyil. Uşağı döyə-döyə yox, sevdirə-sevdirə oxutmaq lazımdır.
İnsan bu dünyaya sevmək və sevilmək üçün gəlir. Əgər müəllimdə sevgi yoxdursa, ondan yaxşı müəllim də çıxmaz, yaxşı insan da. Yenə deyirəm, müəllimi yoxlamamış tələbənin qarşısına çıxartmaq olmaz. Bu gün tələbələr bir çox müəllimi məsxərəyə qoyub ciddiyə almır. Görün, bu nə deməkdir?!