Azedu.az

Azərbaycanda distant təhsilə keçid - Qanunvericilikdə nələr dəyişməlidir?

Təhsil hüququ və qanunvericilik

14 May 2026, 10:12
Azərbaycanda distant təhsilə keçid - Qanunvericilikdə nələr dəyişməlidir?

Dünyada rəqəmsallaşmanın sürətlənməsi təhsil sisteminə də yeni çağırışlar və imkanlar qazandırıb.

Xüsusilə pandemiya dövründən sonra distant təhsil artıq alternativ deyil, müasir təhsil modelinin vacib tərkib hissəsinə çevrilib.

Bu model təhsilin əlçatanlığını artırmaqla yanaşı, müəllim və şagirdlərdən yeni bacarıqlar, texnoloji imkanlar və çevik yanaşmalar tələb edir.

Azərbaycanda distant tədrisin hüquqi bazasının təkmilləşdirilməsi üçün hansı yeni qanunvericilik təşəbbüsləri nəzərdə tutulur?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə Akimova qeyd edib ki, bir zamanlar müəllimin lövhə qarşısında dayanaraq dərs keçdiyi sinif otaqları indi ekranlara, rəqəmsal platformalara və virtual auditoriyalara çevrilib:

183130

"Xüsusilə pandemiya dövrü bütün dünyaya göstərdi ki, təhsil dayanarsa, cəmiyyətin gələcəyi dayanmış olar. Elə buna görə də distant təhsil artıq sadəcə müvəqqəti çıxış yolu deyil, müasir dünyanın qaçılmaz gerçəkliyidir.

Pandemiya illərində Azərbaycan da bu böyük sınaqla üz-üzə qaldı. Məktəblərin bağlandığı günlərdə “Virtual məktəb” platformasının yaradılması, televiziya dərslərinin təşkili və on minlərlə müəllimlə şagirdin onlayn tədrisə cəlb olunması ölkənin təhsil sistemində rəqəmsal dönüşün başlanğıcı oldu. Bütün çətinliklərə baxmayaraq, təhsil prosesinin dayanmaması dövlətin bu sahəyə verdiyi önəmi açıq şəkildə göstərdi. Bu gün isə artıq məqsəd sadəcə distant təhsili tətbiq etmək deyil, onu daha keyfiyyətli və əlçatan etməkdir.

Lakin bu gerçəklik özü ilə həm imkanlar, həm də ciddi suallar gətirir. Azərbaycanda distant tədrisin hüquqi bazasının təkmilləşdirilməsi artıq zamanın tələbidir. Çünki rəqəmsal təhsil sistemində müəllimin məsuliyyəti, şagirdin hüquqları, qiymətləndirmə mexanizmləri və elektron platformaların təhlükəsizliyi qanunvericilikdə daha aydın şəkildə əks olunmalıdır. Son illərdə elektron təhsilin inkişafı ilə bağlı müxtəlif dövlət proqramları qəbul olunsa da, distant təhsilin ayrıca hüquqi mexanizmlərlə tənzimlənməsi gələcəyin vacib məsələlərindən biri olaraq qalır. Bu sahədə yeni qanunvericilik təşəbbüslərinin hazırlanması yalnız texniki məsələ deyil, gələcək nəsillərin taleyi ilə bağlı strateji addımdır".

"Distant təhsilin keyfiyyət məsələsi isə ən vacib mövzulardan biridir", - deyə deputat əlavə edib:

"Bu gün hər ekran qarşısında keçirilən dərs keyfiyyətli təhsil hesab oluna bilməz. Təhsilin səviyyəsini ölçmək üçün vahid milli standartların hazırlanması vacibdir. Çünki bir bölgədə internetin zəifliyi səbəbindən dərsdən geri qalan şagirdlə paytaxtda ən müasir texnologiyalarla oxuyan şagird arasında yaranan fərq gələcəyin sosial bərabərsizliyinə çevrilə bilər. Təhsil isə fərqləri dərinləşdirmək üçün deyil, onları aradan qaldırmaq üçün mövcuddur.

Son illərdə regionlarda internet infrastrukturunun gücləndirilməsi istiqamətində müəyyən addımlar atılsa da, hələ də ucqar kəndlərdə yaşayan minlərlə şagird və tələbə internet və texniki avadanlıq çatışmazlığından əziyyət çəkir. Elə ailələr var ki, bir telefondan iki-üç uşaq dərsə qoşulmağa çalışır. Bu mənzərə XXI əsrin rəqəmsal dünyası üçün acı reallıqdır. Problemin həlli üçün dövlət və özəl sektor birgə addımlar atmalı, ucqar bölgələrdə internet şəbəkəsi daha da gücləndirilməli, aztəminatlı ailələr üçün planşet və kompüter dəstəyi proqramları genişləndirilməlidir. Əks halda distant təhsil bərabər imkan yaratmaq əvəzinə, yeni uçurumlar formalaşdıracaq.

Distant tədrisdə ən çətin məsələlərdən biri də şagird motivasiyasıdır. Çünki ekran qarşısında saatlarla diqqəti qorumaq heç də asan deyil. Müasir tədris metodları artıq yalnız mühazirə üzərində qurulmamalıdır. Azərbaycanda bəzi məktəblərdə interaktiv platformalardan, elektron testlərdən və virtual təqdimatlardan istifadə olunmağa başlanıb. Lakin bu proses daha geniş miqyas almalıdır. Oyunlaşdırma üsulları, layihə əsaslı tapşırıqlar, virtual müzakirələr və müəllimlə canlı ünsiyyət şagirdlərin dərsə marağını artıran əsas vasitələrindəndir. Şagird özünü sadəcə dinləyici deyil, prosesin iştirakçısı kimi hiss etməlidir".

Beynəlxalq təcrübə göstərir ki, uğurlu distant təhsil modeli yalnız texnologiya ilə deyil, düzgün strategiya ilə qurulur:

"Finlandiyanın çevik təhsil sistemi, Cənubi Koreyanın rəqəmsal platformaları, Estoniyanın elektron məktəb modeli bu sahədə dünyanın ən uğurlu nümunələri hesab olunur. Azərbaycan üçün isə bu təcrübələrin milli xüsusiyyətlərə uyğunlaşdırılması daha vacibdir. Çünki hər ölkənin təhsil sistemi onun cəmiyyətinin ruhunu daşıyır. Azərbaycanın milli-mənəvi dəyərlərini qorumaqla rəqəmsal təhsil modelini inkişaf etdirməsi gələcəyin əsas hədəflərindən biri olmalıdır.

Bu gün distant təhsil haqqında danışmaq əslində gələcəyin insanını formalaşdırmaq deməkdir. Sabahın həkimi, müəllimi, mühəndisi və jurnalisti bu gün ekran qarşısında oturan uşaqlardır. Əgər biz onlara keyfiyyətli rəqəmsal təhsil təqdim edə bilsək, gələcəyimizi də daha güclü qurmuş olarıq. Təhsil yalnız bilik vermir, o, cəmiyyətin taleyini yazır".

Rusiyada şok istefalar BAŞLADI - Bu zərbələr Putini özündən çıxardı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox