Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.
2-3 may tarixlərində keçirilən prosesdə alman, fransız, ingilis, rus dilləri, həmçinin Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya və biologiya fənləri üzrə 1315 təhsilverən iştirak edib.
Belə ki, imtahandan uğurlu nəticə göstərənlərdən biri də Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, "Örnək müəllim" Ofeliya Cəfərovadır.
O, 2003-cü ildə bu məktəbi əla qiymətlərlə bitirib, 541 balla NDU- nun Fizika-Riyaziyyat fakültəsinin Riyaziyyat və informatika ixtisasına qəbul olub. 2007-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib, elə təhsil aldığım məktəbdə müəllim kimi peşə fəaliyyətinə başlayıb.
Ofeliya müəllim qeyd edib ki, imtahan sualları dərslik səviyyəsini əhatə edib:
"Müəllimlərin diaqnostik qiymətləndirilməsində 60 bal, 2021-cı ildə keçirilən sertifikasiyanın 1-ci mərhələsində 51 bal toplamışam. Nəhayət mayın 3-ü keçirilən sertifikasiyanın 2-ci mərhələsində də 53 bal topladım.
İkinci cəhd sertifikasiya imtahanının riyaziyyat sualları tam dərsliyi əhatə edən səviyyədə hazırlanıb. Mən qarşıdan gələn müsahibə imtahanlarından da yaxşı nəticə göstərəcəyimə əminəm. İmtahan rahat keçdi. Dərslikdən kənar heç nə düşmədi. Mən neçə ildi repetitor fəaliyyəti ilə də məşğul oluram. Yəni heç hazırlaşmasaydım da elə yaza biləcəyim suallar idi".