Azedu.az

Diplom ümidi, qeyri-müəyyən gələcək - Türkiyədə təhsilin görünməyən tərəfi...

Xəbərlər

13 May 2026, 15:35
Diplom ümidi, qeyri-müəyyən gələcək - Türkiyədə təhsilin görünməyən tərəfi...

Türkiyə universitetləri uzun illərdir azərbaycanlı gənclərin ən çox üz tutduğu təhsil istiqamətlərindən biri hesab olunur.

Coğrafi yaxınlıq, ortaq dil və mədəniyyət, həmçinin beynəlxalq diplom vədləri bu marağı daha da artırır.

Lakin son illərdə tələbələrin bir qismi təhsil aldıqları universitetlərdə gözləntilərlə reallığın üst-üstə düşmədiyini bildirirlər.

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov danışıb.

O qeyd edib ki, Türkiyə universitetlərində təhsil alan tələbələrin qarşılaşdığı ən ciddi problemlər akademik keyfiyyət qeyri-bərabərliyi, sürətli kontingent artımı və eyni zamanda məzuniyyətdən sonrakı iqtisadi qeyri-müəyyənlikdir.

“Türkiyə universitetlərini seçən gənclərin fərqli mühit arzusu ilə yanaşı qarşılaşdıqları çətinlikləri daha geniş, ətraflı və peşəkar şəkildə bir neçə istiqamətdə səciyyələndirmək olar.

İlk növbədə, akademik keyfiyyət və universitetlər arasındakı disbalans diqqət çəkir. Türkiyənin kifayət qədər qabaqcıl universitetləri var ki, onlar artıq özlərini təsdiq etmiş, dünyada hörmət qazanmış və beynəlxalq reytinqlərdə yüksək mövqe sərgiləyən ali təhsil müəssisələridir. Lakin son illərdə Türkiyədə universitetlərin sayı sürətlə artıb. Demək olar ki, hər şəhərdə açılan dövlət və özəl universitetlər ali təhsilin kütləviləşməsinə səbəb olsa da, bu proses müəyyən mənada keyfiyyətin aşağı düşməsi ilə nəticələnib.

Bu vəziyyətin əsas nəticələrindən biri akademik heyət çatışmazlığıdır. Xüsusilə yeni açılan əyalət universitetlərində müəllim çatışmazlığı ciddi şəkildə hiss olunur. Pedaqoji heyətin yetərsizliyi isə birbaşa təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

Digər mühüm problem nəzəriyyəyönümlü təhsilin üstünlük təşkil etməsidir. Dünyada nüfuz qazanan universitetlər yalnız nəzəri biliklə kifayətlənmir, eyni zamanda tələbələrə peşəkar bacarıqlar, praktiki səriştələr və əmək bazarına uyğun kompetensiyalar qazandırırlar. Lakin Türkiyədəki bütün universitetlərdə bunu eyni səviyyədə görmək mümkün deyil”.

Bəzi universitetlərdə tələbə sayının həddindən artıq çox olması da təhsilin keyfiyyəti ilə bağlı suallar yaradır:

“60-70 min tələbəsi olan universitetlərdə keyfiyyət məsələsi daha çox müzakirə olunur. Çünki bu ali məktəblər əsasən tələbə sayını artırmaqla əlavə gəlir əldə etməyə çalışırlar. Bu isə xüsusilə mühəndislik və tibb kimi praktik sahələrdə problemlərə səbəb olur. Tələbə sayının çoxluğu fonunda avadanlıq, laboratoriya və ümumilikdə maddi-texniki baza çatışmazlığı hiss edilir.

Eyni zamanda yaşayış problemi də, xüsusilə böyük şəhərlərdə, tələbələrin qarşılaşdığı əsas çətinliklərdən biridir. Kirayə mənzil qiymətlərinin kəskin artması tələbələr üçün ciddi sosial və iqtisadi problem yaradır.

Bir çox universitet, məsələn, 100% ingilis dilində təhsil vəd etsə də, həmin universitetlərdə çalışan pedaqoji heyətin dil səviyyəsi və dərslərin gedişi fərqli olur, nəticədə tədris əsasən türk dilinə meyillənir.

Digər bir çatışmazlıq isə Boloniya sisteminin formal xarakter daşımasıdır. Avropa Kredit Sistemi tətbiq olunsa da, Avropa universitetləri ilə tələbə mübadiləsi və ya transfer imkanları, xüsusilə “Erasmus” proqramları çərçivəsində, kifayət qədər aşağı kvotalarla məhdudlaşır. Eyni zamanda xarici tələbələr bəzən ciddi bürokratik maneələrlə qarşılaşırlar. Bu da yaşayış icazəsinin alınması, qeydiyyat və digər rəsmi sənədləşmə prosedurlarının uzun və yorucu olmasına gətirib çıxarır”.

Türkiyədə gənclər arasında işsizlik səviyyəsi kifayət qədər yüksəkdir:

“Türk lirəsinin dəyərsizləşməsi fonunda təhsil, qidalanma və nəqliyyat xərclərinin gözlənilməz şəkildə artması tələbələrin büdcəsinə ciddi təsir göstərir. Bundan əlavə, Türkiyədə gənclər arasında işsizlik səviyyəsi kifayət qədər yüksəkdir. Yəni universitet təhsili almaq hər zaman məzun olduqdan sonra iş tapmaq imkanlarının yüksək olması demək deyil.

Məsələn, Avropa universitetlərində, xüsusilə Almaniya universitetlərində bu məsələ qlobal rəqabət baxımından daha fərqli şəkildə özünü göstərir. Çünki bəzi universitetlərdə məzunların işlə təmin olunma faizi 85-90 faizə çatır. Bu isə universitetin verdiyi təhsilin keyfiyyətindən və əmək bazarına uyğunluğundan xəbər verir.

Amma Türkiyə universitetlərində biz bunu hər zaman eyni səviyyədə müşahidə etmirik. Digər tərəfdən, Türkiyədə təhsil alan xarici tələbələrin rəsmi şəkildə işləmək və təhsil alarkən təcrübə keçmək imkanları qanunvericiliklə ciddi şəkildə məhdudlaşdırılır. Bu da tələbələrin təhsil müddətində qarşılaşdıqları maliyyə çətinliklərini aradan qaldırmalarına imkan vermir.

Bütün bunlar əslində mövcud reallıqlardır. Təbii ki, söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, Türkiyənin özünü təsdiq etmiş, kifayət qədər nüfuzlu və keyfiyyətli universitetləri var”.

Savadlı, perspektivli və hazırlıqlı gənclər Türkiyəni seçmək əvəzinə başqa ölkələrə üstünlük verirlər:

“Lakin son illərdə Türkiyədə universitetlərin sayının sürətlə artması, demək olar ki, hər yerdə yeni universitetlərin açılması və qəbul prosesində kütləviliyə üstünlük verilməsi təhsilin keyfiyyətinin aşağı düşməsinin göstəricilərindən biridir.

Mən hesab edirəm ki, bu, müəyyən mənada zərərli tendensiyadır. Çünki burada əsas məqsədin yalnız daha çox tələbə cəlb etmək və tələbəyə bir növ turist kimi yanaşmaq olması doğru yanaşma deyil. Üstəlik, təklif olunan təhsil haqları da aşağı deyil, kifayət qədər yüksəkdir.

Halbuki, məsələn, Almaniyanın bir sıra nüfuzlu universitetlərində təhsil ya pulsuzdur, ya da daha münasib qiymətlərlə təqdim olunur. Nəticədə daha savadlı, perspektivli və hazırlıqlı gənclər Türkiyəni seçmək əvəzinə başqa ölkələrə üstünlük verirlər.

Bu mənada Türkiyə universitetlərinin mövcud durumunu təhlil etdikdə hesab edirəm ki, qeyd olunan problemlər bütün universitetlərə aid olmasa da, xüsusilə son illərdə yaradılmış bir çox ali təhsil müəssisəsində müşahidə olunur. Bu vəziyyət isə gələcəkdə həmin universitetlərin təhsil modelinə və ümumilikdə Türkiyənin ali təhsil sisteminə olan etimadı zəiflədə bilər”.

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox