Azedu.az

İmtahana cəmi 11 gün qaldı: Bu səhvlər qəbul şansınızı AZALDACAQ

İmtahanlar və qəbul məsələləri

13 May 2026, 11:12
İmtahana cəmi 11 gün qaldı: Bu səhvlər qəbul şansınızı AZALDACAQ

III və II ixtisas qrupları üzrə qəbul imtahanına cəmi 11 gün qalır. Bu mərhələdə abituriyentlərin əsas diqqəti artıq yeni mövzular öyrənməkdən çox, keçilmiş materialların sistemli təkrarına yönəlir.

Hazırda əsas müzakirə olunan məqamlardan biri də son günlərdə hansı hazırlıq strategiyasının daha effektiv olmasıdır. Mütəxəssislər hesab edirlər ki, bu dövrdə düzgün planlaşdırılmış təkrar sistemi nəticəyə birbaşa təsir edən əsas amillərdən biridir.

Eyni zamanda bu il abituriyentlərin qəbul imtahanına hazırlıq səviyyəsi və son 11 gündə hansı mövzulara üstünlük verməli olduqları da diqqət mərkəzindədir.

AzEdu.az-a mövzu ilə bağlı "İlin gənc müəllimi" müsabiqəsinin qalibi, repetitor müəllim və hazırlıq kursu olan Xəzri Muradov açıqlama verib.

174932

Artıq yeni mövzu yox, təkrar və strategiya mərhələsidir:

“Müəllim olaraq deyə bilərəm ki, qəbul imtahanına 11 gün qalmış artıq yeni mövzu öyrənmək mərhələsi deyil. Bu mərhələ tamamilə təkrar, strategiya, psixoloji dayanıqlıq və düzgün idarəetmə mərhələsidir. Yəni artıq marafonun son metrələrindəyik və burada düzgün bölgü əsas şərtdir.

Hazırda III və II ixtisas qrupları üzrə abituriyentlər üçün ən vacib məsələ vaxtı düzgün dəyərləndirməkdir. Son günlərdə çoxlu test həll etmək yox, səhvləri azaltmaq, bildiyini möhkəmləndirmək və özünəinamı qorumaq daha önəmlidir”.

Son 11 gündə hansı təkrar metoduna üstünlük verilməlidir?

“Bu mərhələdə mən yalnız ümumi sınaqlar və praktik tapşırıqlara üstünlük verirəm. Amma sadəcə test işləyib keçmək yanaşması doğru deyil. Hər bir test sualının arxasında bir neçə mövzu dayanır. Ona görə də hər sualı analiz etmək, niyə səhv edildiyini müəyyənləşdirmək və həmin mövzuya yenidən qayıtmaq vacibdir. Yəni artıq kəmiyyət deyil, keyfiyyət ön plandadır.

Bir şagird 300 test işləyib nəticə əldə etməyə bilər, başqa biri isə 50 testi dərindən analiz etdiyi üçün daha böyük irəliləyiş göstərə bilər. Son günlərdə əsas məqsəd balı artırmaqdan çox, səhvləri minimuma endirməkdir.

Ümumilikdə bu il rəqabət ciddi görünür. Bir çox şagird ilboyu sistemli hazırlaşıb. Lakin müşahidə etdiyimiz əsas problem odur ki, buraxılış imtahanından sonra bəzi şagirdlər tempdən düşürlər. Sanki əsas mərhələ artıq bitib. Halbuki blok imtahanı bir çox şagird üçün taleyüklü mərhələdir. Təəssüf ki, bəziləri bu dövrdə enerjisini toparlamaq əvəzinə diqqətini başqa istiqamətlərə yönəldir".

Bu günlərdə bəzi şagirdlərin blok imtahanına hazırlıq əvəzinə “son zəng” tədbirlərinə daha çox vaxt ayırması müşahidə olunur:

"Şəkil çəkdirmək, sinfi bəzəmək, geyim seçimi kimi hazırlıqlar bəzən əsas prioriteti, imtahan hazırlığını kölgədə qoyur. Halbuki vəziyyəti belə təsəvvür edin: döyüşə gedən bir orduda sərkərdə ön cəbhədə mübarizə aparır, əsgərlər isə arxada geyim və dəbilqə seçimi ilə məşğuldur. Belə bir ordu qələbə qazana bilərmi? Bugünkü seçimlər sabahın nəticələrini müəyyən edir. "Son zəng" bir gündür, amma universitet həyatı illərlə davam edir. Bu 11 gün isə düzgün planlaşdırma ilə maksimum səmərə verə biləcək həlledici mərhələdir".

Bu dövrdə ən effektiv hazırlıq sistemi aşağıdakı istiqamətləri əhatə etməlidir:

Hər gün sınaq və ya vaxtlı test bloku: Real imtahan rejiminə uyğun şəkildə işləmək vacibdir;

Səhv dəftəri: Yanlış cavablandırılan suallar ayrıca qeyd edilməli, səhvin səbəbi analiz olunmalıdır;

Zəif mövzulara fokuslanma: Bütün mövzuları təkrarlamaqdan çox, problemli hissələr üzərində işləmək daha səmərəlidir;

Psixoloji hazırlıq: Yuxu rejimi, stressin idarə olunması və özünəinamın qorunması mühüm rol oynayır;

Telefon və sosial şəbəkə məhdudiyyəti: Son günlərdə diqqət dağınıqlığı yaradan ən böyük amillərdən biri məhz bu faktor hesab olunur".

Psixoloji dayanıqlıq nəticəni müəyyən edən əsas faktordur:

"Ən çox səhv edilən mövzular, dəfələrlə unudulan qaydalar, formula və terminlər, oxu sürəti tələb edən tapşırıqlar, vaxt aparan sualların həll texnikası və ən əsası, yeni mövzular deyil, daha çox bal qazandıran bölmələr prioritet olmalıdır.

Bu mərhələdə ən vacib məqam psixoloji dayanıqlıqdır. Hazırda müəllimlər təkcə dərs keçməklə kifayətlənmirlər, həm də şagirdlərə psixoloji dəstək göstərirlər. Çünki son günlərdə bilik qədər ruh yüksəkliyi də həlledici rol oynayır.

Bir çox şagird mövzunu bilsə də, həyəcan və gərginlik nəticəyə mənfi təsir göstərə bilir. Buna görə də onlara tez-tez xatırladılır ki, “Sən bacaracaqsan, bu günə qədər boşuna əziyyət çəkməmisən, imtahan sənin rəqibin deyil, zəhmətinin nəticəsidir".

Bu 11 gün sadəcə təkrar dövrü deyil, həm də nəticənin formalaşdığı həlledici mərhələdir. Qarşımızda bir qapı var. O qapı ya uğura, ya da fürsət itkisinə açılır. Seçim isə bugünkü intizamdan, səbir və fokustan keçir. Abituriyentlər telefonu kənara qoysun, bəhanələri dayandırsın və son sprintə çıxsınlar. Bu 11 gün həyatınızı dəyişə bilər".

Biz müharibəyə hazırlaşırıq! - Prezident SƏFƏRBƏRLİK ELAN ETDİ
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox