'Heç olmasa bir il, arzuolunandır ki, iki il uşaqlar məktəbəqədər təhsilə getsin".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev PISA 2025- Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramının nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.
"İri kəndlərdə şagirdlərin nəticələri böyük şəhərlərdəki göstəricilərə daha yaxın olduğu halda, kiçik kəndlərdə nəticələr nisbətən aşağıdır. Onun sözlərinə görə, bunun səbəblərindən biri kiçik yaşayış məntəqələrində məktəblərin və siniflərin sayının az olmasıdır.
Böyük kəndlərdə də bu göstərici böyük şəhərlərdəki kimidir. Kiçik kəndlərdə isə nəticələrin daha aşağı olduğunu görürük. Burada söhbət regional məktəblərdən gedir. Bəzi kiçik kəndlərdə elə siniflər var ki, şagird sayı çox azdır.
Məktəblərin rasionallaşdırılması, xüsusilə kiçik kəndlərdə şagirdlərin daha böyük məktəblərdə təhsil almasının təmin edilməsi nəticələrə müsbət təsir göstərə bilər.
Rasionallaşdırma kiçik kəndlərdə məktəblərin necə təşkil olunması, daha böyük siniflərin formalaşdırılması məsələsidir. Bu amil də nəticələrin yüksəlməsinə təsir göstərir".
Onun sözlərinə görə, Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri bu təhsildən daha az və ya heç yararlanmayanlarla müqayisədə fərqlənir:
"Məktəbəqədər təhsilə getməyən uşaqların 15 yaşındakı riyazi savadlılıq göstəricisi 373 bal olub. Ən azı bir il məktəbəqədər təhsil alan uşaqlarda isə bu göstərici daha yüksəkdir. Görürsünüz, böyük fərq var. İkinci ildən etibarən nəticələrdə fərq artıq görünür. Bu da göstərir ki, bizim qəbul etdiyimiz qərar doğrudur. Heç olmasa bir il, arzuolunandır ki, iki il uşaqlar məktəbəqədər təhsilə getsin.
Məktəbəqədər təhsilin genişləndirilməsi ilə bağlı islahatlar hələ yeni başladığından, bunun PISA nəticələrində tam təsirinin görünməsi üçün müəyyən vaxt tələb olunur.
2018-ci ildə 5 yaşı olan uşaqların 2022-ci ildə 15 yaşı olduğunu nəzərə alsaq, onlar bizim üçün müəyyən mənada göstəricidir. İnanıram ki, qarşıdakı illərdə məktəbəqədər təhsilin nəticələrə təsirini daha aydın görəcəyik".