Sertifikasiya imtahanlarının hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları artıq yekunlaşıb.
İştirakçıların təəssüratlarını öyrənmək üçün onlarla əlaqə saxladıqda bildirirlər ki, birinci sertifikasiya imtahanında imtahanın mahiyyətini tam anlamadıqları üçün nəticələr zəif olmuşdu və müəllimlər imtahandan çəkinirdilər. Lakin indi vəziyyət fərqlidir. Müəllimlər artıq sertifikasiyanın faydalarını daha yaxşı anlayır və imtahana daha hazırlıqlı gəlirlər.
Maraqlı məqam isə budur ki, Azərbaycan Respublikası üzrə sertifikasiya prosesinin ikinci dövriyyəsində nəticələr necə olacaq? Doğrudanmı müəllimlər ilk mərhələdə imtahanın mahiyyətini tam dərk etmədikləri üçün narazılıq edirdilər? Deyə bilərikmi ki, ikinci dövriyyədə maksimum bal toplayanların sayında ciddi artım olacaq?
Mövzu ilə bağlı AzEdu.az-a Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli açıqlama verib.

O, qeyd edib ki, Azərbaycan üzrə sertifikatlaşdırmanın ikinci dövriyyəsinin nəticələri əvvəlki mərhələdən daha uğurlu olacaq:
“Sertifikasiya prosesi son illərdə Azərbaycan təhsil sistemində ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə ilk mərhələdən sonra həm müəllimlər, həm də cəmiyyət arasında bu proseslə bağlı fərqli fikirlər formalaşmışdı. Bəziləri sertifikasiyanı müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi baxımından vacib hesab etsə də, digər tərəfdən imtahanın yaratdığı psixoloji gərginlik və yenilik faktoru müəyyən narazılıqlara səbəb olurdu. Artıq ikinci dövriyyənin başlanması isə göstərir ki, müəllimlərin prosesə münasibətində əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik müşahidə edilir.
Düşünürəm ki, Azərbaycan üzrə sertifikatlaşdırmanın ikinci dövriyyəsinin nəticələri əvvəlki mərhələdən daha uğurlu olacaq. Çünki artıq müəllimlər imtahanın mahiyyəti, formatı və qiymətləndirmə prinsipləri barədə kifayət qədər məlumatlıdırlar. İlk sertifikasiya mərhələsi bir çox müəllim üçün həm də təcrübə oldu. İndi isə onlar hansı mövzulara daha çox diqqət yetirməli olduqlarını, vaxt bölgüsünü necə aparmalı olduqlarını və imtahan zamanı stresin idarə edilməsinin vacibliyini daha yaxşı anlayırlar. Bu səbəbdən ümumi nəticələrin yüksələcəyi gözlənilir".
Sertifikasiya yeni tətbiq olunduğu üçün bəzi müəllimlər bunu yalnız nəzarət və ya cəzalandırma mexanizmi kimi qəbul edirdilər:
“İlk mərhələdə müəllimlərin müəyyən hissəsinin narazılığı daha çox prosesin mahiyyətinin tam başa düşülməməsi ilə bağlı idi. Sertifikasiya yeni tətbiq olunduğu üçün bəzi müəllimlər bunu yalnız nəzarət və ya cəzalandırma mexanizmi kimi qəbul edirdilər. Halbuki əsas məqsəd müəllimlərin peşəkar inkişafını stimullaşdırmaq və təhsilin keyfiyyətini artırmaq idi. Zaman keçdikcə müəllimlər sertifikasiyanın onların bilik və bacarıqlarının inkişafına dəstək verdiyini daha yaxşı anlamağa başladılar. Bu da prosesə münasibətin dəyişməsinə səbəb oldu.
Hesab edirəm ki, ikinci dövriyyədə maksimum bal toplayan müəllimlərin sayında ciddi artım müşahidə oluna bilər. Bunun bir neçə səbəbi var. İlk növbədə müəllimlər artıq əvvəlki imtahanlardan təcrübə qazanıblar. Bundan əlavə, hazırlıq kurslarına maraq artıb, müəllimlər elektron resurslardan və metodik vəsaitlərdən daha fəal istifadə etməyə başlayıblar. Eyni zamanda psixoloji baxımdan da əvvəlki illərlə müqayisədə daha rahatdırlar. Bütün bunlar yüksək nəticələrin sayının artmasına müsbət təsir göstərə bilər. Ümumilikdə isə ikinci dövriyyənin həm müəllimlərin hazırlıq səviyyəsi, həm də təhsilin keyfiyyəti baxımından daha uğurlu nəticələrlə yadda qalacağı gözlənilir".