Finlandiyanı təmsil edən fiziklər rekord həssaslığa malik yeni kvant kalorimetri ixtira ediblər.
AzEdu.az xəbər verir ki, Aalto Universitetinin mətbuat xidməti bu barədə rəsmi açıqlama yayıb.
Qeyd edilir ki, sözügedən aparat bir zeptocouldan (bir nanocoulun trilyondabiri) da az enerjini hesablaya bilir. Bu rekord göstərici kvant kompüterlərinin təkamülünə güclü təkan verəcək.
Açıqlamada, həmçinin vurğulanır ki, yeni texnologiya tədqiqatçılara qaranlıq maddənin ən yüngül forması olan aksion hissəciklərini müəyyən edən detektorlar hazırlamağa geniş şərait yaradacaq.
"Bu nailiyyət mikrodalğalı şüalanmada tək fotonların hesablanmasına imkan verir. Proses təkcə kvant sahəsində inkişafa deyil, həm də astrofizika tədqiqatlarına mühüm töhfədir. Kosmik fəzada aksionları tapmaq məqsədilə enerjini hər an dəqiq ölçəcək cihazın ərsəyə gətirilməsi bizim üçün olduqca əhəmiyyətli idi", - deyə Aalto Universitetinin professoru Mikko Möttönen bildirib.
Professorun sözlərinə görə, son 20 ildə alimlər mikrodalğalı spektrdə fərdi işıq zərrəciklərini tuta bilən bir sıra cihazlar hazırlasalar da, həmin aparatlar məhdud spektral aralıqda fəaliyyət göstərir və hissəciklərin energetik parametrlərini tam dəqiq qiymətləndirə bilmirdi. Bu isə onların praktiki tətbiqini çətinləşdirirdi.
Finlandiyalı tədqiqatçılar yeni kvant kalorimetri ilə bu maneələri aradan qaldırmağa müvəffəq olublar. Yeni cihaz iki əsas hissədən ibarətdir: qızıl və platin qarışığından hazırlanmış kiçik çubuq, həmçinin ona inteqrasiya edilmiş çoxlu sayda alüminium disklər və nanocisimlər. Temperatur mütləq sıfır dərəcəyə qədər endirildikdə, alüminium material ifrat keçirici xüsusiyyət qazanır, qızıl-platin ərintisi isə öz normal keçiriciliyini qoruyub saxlayır.