Süni intellekt artıq şagird üçün yalnız sualın cavabını tapmağa kömək edən vasitə deyil. Düzgün istifadə edildikdə o, fərdi repetitor, məşqçi, imtahan tərəfdaşı, dil müəllimi və hətta şagirdin öz səhvlərini görməsinə kömək edən “ikinci müəllim” rolunu oynaya bilər.
Lakin burada əsas məsələ süni intellektə nə sual verilməsidir. “Bu mövzunu izah et” kimi ümumi tapşırıqla “Mən 8-ci sinif şagirdiyəm, bu mövzunu əvvəlcədən yalnız bu qədər bilirəm, mənə sadə nümunələrdən başlayaraq izah et və hər mərhələdən sonra anlayıb-anlamadığımı yoxla” tipli prompt arasında ciddi fərq var.
UNESCO da şagirdlərin süni intellektdən istifadəsində əsas məqsədin texnologiyanın insan düşüncəsini əvəz etməsi deyil, insanın qərarvermə, tənqidi düşünmə və öyrənmə qabiliyyətlərini dəstəkləməsi olduğunu vurğulayır. Təşkilatın şagirdlər üçün süni intellekt kompetensiyaları çərçivəsində də “anlamaq, tətbiq etmək və yaratmaq” mərhələləri önə çəkilir.
AzEdu.az şagirdlər üçün ən effektiv promptları araşdırıb.
Düzgün qurulmuş prompt mürəkkəb mövzuların daha asan mənimsənilməsinə kömək edir:
Şagird hansısa mövzunu dərslikdən və ya müəllimin izahından sonra anlamayıbsa, süni intellektdən mövzunu daha sadə səviyyəyə endirməsini istəyə bilər. Bunun üçün belə bir prompt daha məqsədəuyğundur: “Mən (mövzunun adı) mövzusunu başa düşməkdə çətinlik çəkirəm. Mənə bunu öz yaşıma və bilik səviyyəmə uyğun, mümkün qədər sadə dildə izah et. Çətin terminləri izah etmədən istifadə etmə. Gündəlik həyatdan ən azı 3 analogiya gətir və sonda mövzunu anlayıb-anlamadığımı yoxlamaq üçün mənə 3 sual ver”.
Bu üsulun üstünlüyü ondan ibarətdir ki, şagird yalnız məlumat almır, həm də məlumatın öz bilik səviyyəsinə uyğunlaşdırılmasını tələb edir. Məsələn, “fotosintez nədir?” sualına ensiklopedik cavab almaqdansa, “fotosintezi mətbəxdə yemək hazırlanması prosesi ilə müqayisə edərək izah et” demək yadda qalmanı asanlaşdıra bilər.
Feynman texnikası şagirdin mövzunu həqiqətən anlayıb-anlamadığını üzə çıxarır:
Şagirdin mövzunu həqiqətən anlayıb-anlamadığını yoxlamağın maraqlı yollarından biri Feynman yanaşmasıdır. Bunun üçün süni intellektə belə yazmaq olar: “Mənə (mövzu) haqqında məlumat vermə. Əvvəlcə mənim bu mövzu barədə nə bildiyimi yoxlamaq üçün 3 sual ver. Sonra mənim cavablarıma əsasən bilmədiyim hissələri müəyyən et və onları sadə dillə izah et. Sonda mövzunu öz sözlərimlə izah etməyimi istə və izahımdakı boşluqları göstər”.
Bu prompt xüsusilə biologiya, tarix, fizika və digər nəzəri fənlərdə faydalıdır. Çünki şagirdin “oxudum, deməli, bilirəm” yanılmasını üzə çıxarır. Bəzən şagird bir paraqrafı oxuyarkən hər cümləni başa düşdüyünü düşünür, amma həmin məlumatı kitabı bağladıqdan sonra öz sözləri ilə izah edə bilmir. Süni intellekt burada sadəcə cavab generatoru deyil, yoxlayıcı rolunu oynayır.
Riyaziyyat məsələlərində hazır cavab əvəzinə düşünmə prosesini istiqamətləndirmək mümkündür:
Riyaziyyatda süni intellektdən istifadə zamanı ən böyük risk hazır cavabın köçürülməsidir. Bunun qarşısını almaq üçün promptun özündə “cavabı demə” məhdudiyyəti qoymaq olar: “Bu məsələni həll etmə. Mənim riyazi düşünmə prosesimə kömək et. Əvvəlcə məsələdə verilənləri və tələb olunanı müəyyənləşdirməyim üçün mənə sual ver. Sonra hansı düstur və ya üsulun uyğun olduğunu tapmağım üçün istiqamətləndir. Mən səhv addım atsam, birbaşa düzgün cavabı yazma, səhvimin harada olduğunu göstər”.
Belə yanaşma süni intellekti “hesablayan kalkulyator”dan “riyaziyyat müəllimi”nə çevirir. Şagirdin məqsədi konkret bir məsələni həll etmək yox, növbəti oxşar məsələdə həmin üsulu müstəqil tətbiq etmək olur.
Sokratik dialoq süni intellektdən istifadə etməklə tənqidi təfəkkürü inkişaf etdirir:
Süni intellektdən tənqidi düşünmə bacarığını inkişaf etdirmək üçün də istifadə etmək mümkündür. Bunun üçün ən yaxşı strategiyalardan biri Sokratik dialoqdur. Prompt belə ola bilər: “Sən mənim Sokratik üslubda düşünmə məşqçimsən. (mövzu) haqqında mənə hazır cavab vermə. Bunun əvəzinə düşünməyimə kömək edən bir-birinin ardınca suallar ver. Mən cavab verdikcə arqumentimin güclü və zəif tərəflərini müəyyənləşdirməyimə kömək et. Mənimlə razılaşmaq məcburiyyətində deyilsən”.
Bu üsul xüsusilə tarix, ədəbiyyat, fəlsəfə və sosial elmlər üçün maraqlıdır. Məsələn, şagird “Bu tarixi qərar düzgün idi” dedikdə AI dərhal “bəli” və ya “xeyr” demək əvəzinə “Sən bu nəticəyə hansı faktlara əsasən gəlmisən?”, “Əks mövqedə olan şəxs hansı arqumenti irəli sürə bilər?” kimi suallar verə bilər.
Süni intellekt şagirdin imtahana fərdi şəkildə hazırlaşmasına imkan yaradır:
Daha bir maraqlı üsul AI-dan şagirdin fikrinə qəsdən etiraz etməsini istəməkdir. Prompt: “Mən (mövzu) haqqında bu fikri müdafiə edirəm: (fikrini yaz). Sən isə mənim fikrimə qarşı çıxan tənqidi tərəf ol. Əvvəlcə ən güclü əks arqumentləri təqdim et, sonra mənim arqumentimi müdafiə etməyim üçün suallar ver. Sonda hansı arqumentlərimin zəif olduğunu göstər”.
Bu, xüsusilə esse və debatlara hazırlaşan şagirdlər üçün faydalıdır. Çünki şagird yalnız öz fikrini təsdiqləyən məlumatları axtarmır, əks mövqeni də görməyə başlayır.
Süni intellekti virtual müəllim kimi istifadə etmək üçün promptda onun davranış qaydalarını əvvəlcədən müəyyənləşdirmək mümkündür: “Sən mənim (fənn) üzrə imtahana hazırlıq müəllimimsən. Mənim səviyyəm (sinif/səviyyə)-dir. Mənə hər dəfə yalnız bir sual ver. Cavabımı gözlə. Düzdürsə, niyə düzgün olduğunu qısa izah et. Səhvdirsə, birbaşa cavabı demə, mənə ipucu ver və yenidən cəhd etməyimi istə. Səhvlərimi yadda saxla və zəif olduğum mövzular üzrə daha çox sual ver”.
Bu promptun maraqlı tərəfi odur ki, şagirdin zəif və güclü tərəflərinə uyğun dinamik məşq yaratmaq mümkündür. Məsələn, şagird ardıcıl olaraq faiz məsələlərində səhv edirsə, AI növbəti sualları həmin mövzu ətrafında sıxlaşdıra bilər.
Test nəticələrinin təhlili şagirdin zəif mövzularını müəyyənləşdirməyə kömək edir:
Şagird imtahan və ya sınaq testindən sonra yalnız neçə düzgün cavab topladığını bilməklə kifayətlənməməlidir. Səhvlərin səbəbini tapmaq daha vacibdir. Bunun üçün belə promptdan istifadə etmək olar: “Bu testdə səhv etdiyim sualları və cavablarımı təhlil et. Səhvlərimi mövzu üzrə qruplaşdır. Hansı səhvlərin bilik çatışmazlığından, hansının diqqətsizlikdən, hansının sualı səhv anlamaqdan qaynaqlandığını müəyyən et. Daha sonra zəif olduğum mövzular üçün 7 günlük təkrar planı hazırla”.
Beləliklə, süni intellekt test nəticəsini sadəcə “85 faiz” kimi göstərmir, həmin nəticənin arxasındakı problemi tapmağa kömək edir.
Süni intellekt yaddaş kartları və yadda saxlama üsulları hazırlaya bilir:
Yadda saxlamaq üçün də AI-dan daha məqsədli istifadə etmək olar. Sadəcə “mövzu üzrə flashcard hazırla” demək əvəzinə belə yazmaq daha effektlidir: “(mövzu) üzrə 20 yaddaş kartı hazırla. Sualların 40 faizi əsas anlayışlar, 30 faizi müqayisə, 20 faizi tətbiq və 10 faizi çətin düşünmə tələb etsin. Cavabları qısa saxla. Eyni məlumatı təkrarlayan suallar yaratma”.
Bu yanaşma şagirdin yalnız tərifləri əzbərləməsinə yox, həmin bilikləri tətbiq etməsinə də imkan yaradır. Çünki real imtahanda sualın dərslikdəki cümlə ilə eyni formada verilməsi həmişə mümkün deyil.
Tarixlər, adlar, terminlər, düsturlar və ardıcıllıqlar şagirdlər üçün xüsusilə çətin ola bilər. Burada AI-dan yaddaş texnikası yaratmasını istəmək mümkündür: “Mən (məlumat siyahısını) yadda saxlamaqda çətinlik çəkirəm. Mənim üçün Azərbaycan dilində yaddaqalan assosiasiya, qısa hekayə, akronim və ya obrazlı yaddaş üsulu hazırla. Hazırladığın üsul məlumatların ardıcıllığını da qoruyub saxlasın”.
Məsələn, biologiyada ardıcıl prosesləri sadəcə əzbərləməkdənsə, onları kiçik bir hekayəyə çevirmək şagirdin yaddaşında daha uzun müddət qala bilər.
Esse yazarkən süni intellekt müəllifin yerinə yazmaq əvəzinə redaktor rolunu oynaya bilər:
Süni intellektdən esseyi tam yazdırmaq əvəzinə onu redaktor kimi istifadə etmək daha məqsədəuyğundur. Prompt belə ola bilər: “Bu esseni mən yazmışam. Mənim yerimə yenidən yazma. Əvvəlcə əsas fikrimi müəyyən et, sonra arqumentlərimin güclü və zəif tərəflərini göstər. Məntiqi boşluqları, təkrarlanan fikirləri və zəif əsaslandırılmış iddiaları qeyd et. Hər problem üçün onu özüm necə düzəldə biləcəyim barədə tövsiyə ver”.
Beləliklə, AI şagirdin müəllifi olduğu mətni əvəz etmir. Əksinə, şagirdə öz yazısına kənardan baxmaq imkanı verir. Bu, süni intellektdən istifadə ilə plagiat arasında mühüm fərq yaradır.
Xarici dil öyrənən şagirdlər süni intellektlə interaktiv danışıq məşqləri apara bilirlər:
Dil öyrənən şagirdlər üçün AI-nin üstünlüklərindən biri fasiləsiz danışıq məşqidir. Məsələn: “Mənimlə ingilis dilində B1 səviyyəsində danış. Mövzu səyahət olsun. Mənə hər dəfə bir sual ver. Cavabımdakı bütün səhvləri deyil, yalnız ünsiyyətə və qrammatik düzgünlüyə ciddi təsir edən səhvləri düzəlt. Səhvimin səbəbini Azərbaycan dilində qısa izah et və sonra söhbəti davam etdir”.
Bu yanaşma xüsusilə danışıq praktikasına çıxışı məhdud olan şagirdlər üçün faydalı ola bilər. Üstəlik, şagird özünü real dialoqa daha yaxın situasiyada sınayır.
Süni intellekt şagirdin öz səhvlərini müəyyənləşdirərək düzəltməsinə şərait yaradır:
Daha effektiv promptlardan biri iki mərhələli öyrənmə modelidir: “Əvvəlcə (mövzunu) mənə müəllim kimi izah et. Sonra izahını dayandır və mənə mövzu ilə bağlı 5 sual ver. Cavablarımı yoxla. Daha sonra mənim ən çox səhv etdiyim hissəni yenidən, amma bu dəfə daha sadə üsulla izah et”.
Daha çətin promptlar şagirdin əzbərdən tətbiqə keçməsinə kömək edir:
Şagirdin qarşısında dərslik, müəllim qeydləri və ya konspekt varsa, ən yaxşı nəticə AI-a həmin material əsasında işləməyi tapşırmaqla əldə olunur. Məsələn: “Aşağıdakı dərs materialından kənara çıxmadan mənə bu mövzu üzrə dərs keç. Əvvəlcə əsas 5 ideyanı müəyyən et. Sonra hər ideyanı sadə dillə izah et. Materialda olmayan məlumat əlavə etmə. Sonda mənim üçün 5 test və 3 açıq sual hazırla”.
Bu yanaşma xüsusilə vacibdir, çünki generativ AI-nin cavabları həmişə doğru olmaya bilər. UNESCO da AI sistemlərinin inandırıcı səslənən, lakin səhv və qərəzli məlumatlar yarada bildiyini vurğulayır. Buna görə şagird AI cavabını avtomatik olaraq “doğru məlumat” kimi qəbul etməməlidir.
“Mənim cavabımı qiymətləndir, amma mənim əvəzimə düzəltmə”.
Şagird hər hansı suala öz cavabını yazdıqdan sonra AI-dan həmin cavabı qiymətləndirməsini istəyə bilər: “Bu suala mən belə cavab vermişəm: [cavab]. Cavabımı 10 ballıq şkala ilə qiymətləndir. Qiymətin səbəbini izah et. Əskik olan əsas məqamları göstər, lakin mənim üçün yeni cavab yazma. Əvvəlcə mənə özümün düzəldə bilməyim üçün 3 ipucu ver”.
Bu üsul şagirdin öz səhvini özü düzəltməsinə imkan yaradır. Təhsil baxımından bu, hazır cavab almaqdan daha dəyərlidir.
Şagird mövzunu yaxşı mənimsədiyini düşünürsə, AI-dan onu daha yüksək səviyyədə sınamasını istəyə bilər: “Mən (mövzu) üzrə əsas sualları cavablandıra bilirəm. İndi mənə əzbərləmə deyil, tətbiq, müqayisə və nəticə çıxarma tələb edən 5 çətin sual ver. Suallar məktəb səviyyəmə uyğun olsun, amma məni düşünməyə məcbur etsin”.
Belə prompt şagirdi “cavabı xatırlamaq” mərhələsindən “bilikdən istifadə etmək” mərhələsinə keçirir. UNESCO-nun AI kompetensiyaları çərçivəsində də şagirdin texnologiyanı sadəcə istifadə etməsi deyil, onu düşünülmüş və məsuliyyətli şəkildə tətbiq etməsi önə çəkilir.
Ən güclü promptların ortaq xüsusiyyəti nədir?
Əslində uğurlu promptların böyük hissəsini bir sadə formula ilə qurmaq mümkündür: rol + məqsəd + şagirdin səviyyəsi + kontekst + məhdudiyyət + nəticə formatı + yoxlama. Məsələn, “Mənə fizikanı izah et” çox ümumi promptdur. “Sən 9-cu sinif fizika müəllimisən. Mən qüvvə və təcil mövzusunda çətinlik çəkirəm. Mövzunu gündəlik həyatdan nümunələrlə izah et, hər mərhələdən sonra mənə bir sual ver, cavabı əvvəlcədən demə və sonda 5 suallıq mini-test hazırla” isə AI-a konkret vəzifə verir.
Bu yanaşmanın özü də ayrıca öyrənmə bacarığına çevrilir. 2024-cü ildə aparılan bir araşdırmada tələbələrə prompt hazırlama strategiyalarının öyrədilməsi onların AI-dan istifadə üzrə özünəinamını, AI haqqında biliklərini və effektiv prompt yaratmaq bacarıqlarını artırıb.
Ən təhlükəli prompt: “Mənim yerimə et”
Süni intellektin təhsildə ən böyük risklərindən biri onun şagirdin düşünmə prosesini əvəz etməsidir. Şagird hər məsələni, esseni, layihəni və araşdırmanı AI-a gördürdükdə nəticə yaxşı görünə bilər, lakin həmin nəticənin arxasında real öyrənmə baş verməyə bilər. UNESCO-nun 2026-cı ildə dərc etdiyi təhlildə də AI-nin cavablarının inandırıcı görünməsinə baxmayaraq səhv ola biləcəyi, şagirdlərin isə AI nəticələrini tənqidi şəkildə sorğulamağı öyrənməli olduğu vurğulanır.
Bu səbəbdən “Bu tapşırığı mənim üçün həll et”, “Mənə hazır esse yaz”, “Testin bütün cavablarını ver” kimi promptlar qısamüddətli rahatlıq yaratsa da, uzunmüddətli öyrənmə baxımından zəif strategiyadır. Daha yaxşı variant “Mən bu tapşırığı özüm həll etmək istəyirəm, mənə istiqamət ver”, “Yazımı yoxla, amma yenidən yazma”, “Səhvimi tapmağım üçün mənə ipucu ver” kimi promptlardır.
Nəticə etibarilə, süni intellektdən səmərəli istifadə etməyin əsas göstəricisi şagirdin AI-dan nə qədər çox cavab alması deyil, həmin cavablardan sonra nə qədər çox düşünə bilməsidir.