Dövlət İmtahan Mərkəzi tərəfindən 17 may 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda, ümumilikdə 92 binada təşkil olunacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.
İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.
İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq.
İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.
İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə 1 – 14 aprel tarixlərində aparılıb. İmtahanda iştirak etmək üçün 23089 bakalavr ərizə təqdim edib. Onlardan 21372 nəfər Azərbaycan bölməsi, 1717 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15293-ü cari ilin, 7796-sı isə əvvəlki illərin məzunlarıdır, 55 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahanda 23 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli bakalavrların bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 8‑dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur. İştirakçılar həmçinin my.gov.az portalı və ya "mygov" mobil tətbiqi vasitəsilə də buraxılış vərəqələrini çap edə bilərlər.
Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:
- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;
- “İmtahana buraxılış vərəqəsi”ni.
Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri və mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binaları yoxlanılır, zallarda bakalavrların rahat imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə mayın 16-da imtahan mərkəzləri, zallar, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.