Azedu.az

33 ildir çalışan 64 yaşlı müəllim sertifikasiyada yüksək nəticə TOPLADI

Sertifikasiya

12 May 2026, 10:02
33 ildir çalışan 64 yaşlı müəllim sertifikasiyada yüksək nəticə TOPLADI

Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin ikinci dövriyyəsi üzrə test imtahanlarına başlanılıb.

Belə ki, mayın 4-də kimya müəllimləri üçün keçirilən imtahanda yaşı 60-dan yuxarı müəllimlər də iştirak edərək uğurlu nəticə göstəriblər. Onlardan biri də  64 yaşlı Culfa rayon Əlincə kənd tam orta məktəbin kimya müəllimi Əli Məmmədovdur. Əli müəllim sertifikasiyadan 55 bal toplayıb.

O, 1993-cü ildən Xanəgah kənd orta məktəbində kimya-biologiya müəllimi kimi fəaliyyətə başlayıb:

"Hazırda isə Əlincə kənd orta məktəbində və Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kimya-biologiya təmayüllü gimnaziyada kimya müəllimi işləyirəm. Fəaliyyətimi davam etdirirəm. Hələ pensiyaya çıxmağıma bir il qalır.

Sertifikasiya imtahanında ilk dəfə iştirak etmişəm. Həmin vaxt ixtisas üzrə 40, kurikulum üzrə isə 8 bal toplamışam. Müsahibə mərhələsindən də 40 bal əldə etmişəm və ümumi nəticəm 88 bal olub.

Bu il də sertifikasiya imtahanında könüllü şəkildə iştirak etmişəm. İmtahandan çəkinmədiyim və özümü sınamaq istədiyim üçün yenidən iştirak etdim. Əvvəlki illərdə yüksək nəticə göstərən müəllimlərin fərqləndirilməsi məsələsi də mənim qərarıma təsir etdi.

1993-cü ildən bu günə qədər, yəni 33 ildir müəllim kimi fəaliyyət göstərirəm. Sertifikasiya imtahanına hazırlaşmaq üçün heç bir kursa getməmişəm və xüsusi hazırlıq keçməmişəm. Sadəcə, illərlə dərs dediyim biliklərə əsaslanaraq imtahanda iştirak etmişəm. Uzun illər repetitor kimi də fəaliyyət göstərdiyim və abituriyent hazırladığım üçün özümü hər zaman imtahana hazır hiss etmişəm".

Kimya fənni üzrə sertifikasiya sualları normal səviyyədə tərtib olunub:

"Asan, orta və çətin səviyyəli suallar balanslı şəkildə verilmişdi və testologiya prinsipləri gözlənilmişdi. Məncə, sinfə girib dərs deyən müəllim ən azı 30 suala rahat cavab verə bilməlidir. Müəllimləri fərqləndirmək üçün müəyyən sayda daha çətin sualların olması da təbiidir.

Sertifikasiya prosesinə ümumilikdə müsbət yanaşıram. Bu proses müəllimlərdə məsuliyyət hissini artırır və onları öz üzərində işləməyə təşviq edir. Hətta əvvəllər özünü inkişaf etdirməyən müəllimlər də sertifikasiya sayəsində daha çox çalışmağa başlayırlar.

Gənc müəllimlərə tövsiyəm odur ki, imtahan zamanı ilk növbədə bildikləri sualları cavablandırsınlar, çətin hesab etdikləri sualları isə sonraya saxlasınlar və onların üzərində daha çox düşünsünlər. Məncə, sertifikasiya imtahanı müəllimlərin dediyi qədər çətin deyil. Öz üzərində işləyən və həqiqətən dərs deyən müəllim həmin sualları cavablandıra bilər".

ŞOK GÖRÜNTÜLƏR! Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox