2026-cı ilin 12 may tarixində Mingəçevir Dövlət Universitetinin Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Net-Sıfır gələcəyinə keçid: yaşıl iqtisadiyyat, karbon maliyyəsi və dayanıqlı inkişaf” mövzusunda elmi-praktik tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, Mingəçevir şəhər Gənclər Evində təşkil olunan tədbirdə universitetin professor-müəllim heyəti, tədqiqatçılar və Mingəçevir şəhər Bələdiyyəsinin nümayhəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MDU-nun Dayanıqlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutunun direktoru, dosent Ruhiyyə Hüseynova müasir dövrdə iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi, dekarbonlaşma və yaşıl iqtisadi transformasiya istiqamətində qlobal çağırışların ali təhsil müəssisələri qarşısında yeni məsuliyyətlər formalaşdırdığını diqqətə çatdırıb. O, universitetlərdə dayanıqlı inkişaf yönümlü tədqiqatların genişləndirilməsinin, yaşıl innovasiyaların təşviqinin və ekoloji məsuliyyətli akademik mühitin formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, Mingəçevir Dövlət Universitetində həyata keçirilən “Yaşıl Kampus” yanaşması çərçivəsində enerji səmərəliliyi, yaşıl iqtisadiyyat, bərpa olunan enerji, karbon emissiyalarının azaldılması və ekoloji dayanıqlılıq istiqamətlərində elmi-praktik fəaliyyətlər davamlı şəkildə genişləndirilir.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İqtisadiyyatın Dövlət Tənzimlənməsi kafedrasının dosenti Elşən Əhmədov “Karbon qiymətləndirməsi, emissiya ticarəti sistemləri (ETS) və yaşıl maliyyə mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə karbon bazarlarının formalaşması, emissiya idarəetmə modelləri və yaşıl maliyyələşdirmə alətlərinin iqtisadi transformasiyada rolu barədə ətraflı məlumat verilib.
Daha sonra Mingəçevir şəhər Bələdiyyəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zahid Qasımlı “Yaşıl hidrogen iqtisadiyyatı, enerjinin saxlanması texnologiyaları və investisiya modelləri” mövzusunda təqdimatla çıxış edərək alternativ enerji texnologiyalarının perspektivləri və yaşıl enerji ekosisteminin inkişaf meyillərindən bəhs edib.
MDU-nun İqtisadiyyat kafedrasının dosenti Vüqar Məmmədli “Bərpa edilə bilən enerji mənbələrinə keçidin maliyyə səmərəliliyi: Enerji qənaətinin iqtisadi qiymətləndirilməsi” mövzusunda çıxışında enerji səmərəliliyinin iqtisadi aspektləri, resurslardan rasional istifadə və dayanıqlı enerji siyasətinin strateji əhəmiyyətini diqqətə çatdırıb.
Universitetin Menecment kafedrasının müəllimi Saqib Məmmədov isə “Dövri iqtisadiyyat, dekarbonlaşma strategiyaları və rəqəmsal transformasiya” mövzusunda təqdimat edərək müasir iqtisadi modellərdə resursların təkrar istifadəsi, rəqəmsal həllər və ekoloji idarəetmə mexanizmləri barədə fikirlərini bölüşüb.
Tədbirdə yaşıl iqtisadiyyatın inkişafı, karbon emissiyalarının azaldılması, enerji keçidi, ekoloji məsuliyyət və dayanıqlı inkişaf istiqamətində ali təhsil müəssisələrinin rolu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf, yaşıl texnologiyalar, enerji səmərəliliyi və ekoloji idarəetmə istiqamətində həyata keçirilən elmi və institusional fəaliyyətlər universitetin innovativ və məsuliyyətli akademik mühitinin inkişafına xidmət edir.