Azərbaycanda informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələri üzrə məzunların sayı kifayət qədər olsa da, onların bilik və bacarıqları hər zaman əmək bazarının tələbləri ilə üst-üstə düşmür.
AzEdu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinə (AZSET) həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə ölkənin gələcəyi gənclərin bilik və bacarıq səviyyəsindən birbaşa asılıdır: "Bu gün burada toplaşmağımızın əsas məqsədi belə bir bilik və bacarığı formalaşdıracaq tədris və elm ocağının yaradılması ilə bağlı vacib addım atmaqdır. Yaxın zamanda Prezident tərəfindən süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf və innovasiya ekosisteminin formalaşdırılması ilə bağlı geniş müşavirə keçirilib və həmin müşavirədən sonra 2026-2028-ci illər üzrə fəaliyyət planı təsdiqlənib".
Nazirin sözlərinə görə, fəaliyyət planının əsas istiqamətlərindən biri insan potensialının inkişafıdır:
"Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycanda İT təhsilinin mövcud vəziyyəti, eləcə də işəgötürənlərin universitetlərdən gözləntiləri ilə bağlı geniş araşdırma aparılıb. Araşdırma göstərdi ki, Azərbaycanda hər il bu ixtisaslar üzrə təxminən 4 min tələbə məzun olur. Kəmiyyət ilk baxışda kifayət qədər görünsə də, işəgötürənlərlə danışdıqda məlum olur ki, bu kəmiyyət hər zaman keyfiyyətlə üst-üstə düşmür", - deyə R.Nəbiyev əlavə edib.