“Gələcəkdə informatika üzrə də imtahanlarının rəqəmsallaşdırılması nəzərdə tutulur. Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır”.
AzEdu.az xəbər verir ki, bunu APA İnformasiya Agentliyinə müsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq. Dövlət qulluğuna qəbul imtahanları artıq elektrondur. Təkcə bu il 67 min nəfər elektron imtahanlarda iştirak edib. Təbii ki, bu rəqəm artacaq. Bu, artdıqca mahiyyət də dəyişir və proqramlar da ona uyğunlaşdırılır: “Biz gənclərin koqnitiv bacarıqlarını ön plana çəkərək onları yoxladıqda, həmin bacarıqlar da inkişaf edir. Onların ali məktəbdə nəticələri də daha yüksək olur, nəinki bu bacarıqları əvvəlcədən zəif olanlarda. Bu istiqamətdə bizim əsas məqsədimiz proqram və zamanın tələblərinə uyğunlaşmaqdır”.