Azedu.az

Pediatr xəbərdarlıq etdi: bu saatlarda günəş uşaqlar üçün təhlükəlidir

Xəbərlər

14 May 2026, 13:45
Pediatr xəbərdarlıq etdi: bu saatlarda günəş uşaqlar üçün təhlükəlidir

Xalq arasında belə bir fikir var ki, may ayının günəşi D vitamini baxımından faydalıdır. Bu səbəbdən də uşaqların may günəşində qaralmasının vacib olduğu düşünülür.

Lakin nəzərə alsaq ki, havaların sərin keçməsindən dərhal sonra temperatur kəskin şəkildə artıb və artıq 30-31 dərəcə isti müşahidə olunur, belə havalarda uşaqları günəşə çıxarmağın faydaları və zərərləri nələrdir?

AzEdu.az-a mövzu ilə bağlı pediatr Şəlalə Poluxova açıqlama verib.

Onun sözlərinə görə, günəş şüalarına həddindən artıq məruz qalmaq uşaqlarda daha ciddi problemlərə gətirib çıxara bilər:

“Son zamanlar, xüsusən də bu gün hiss olunur ki, birdən-birə havalar qızdı, temperatur kəskin qalxdı, günəş daha intensivdir. Əlbəttə ki, günəşin faydaları çoxdur. Aydın məsələdir ki, UVB şüaları var ki, məsələn, onlar bizdə D vitamini sintezi üçün çox əhəmiyyətlidir. Lakin burada bir məqam var: uşaqların mütləq günəşdən qaralması vacib deyil. Əksinə, günəş şüalarına həddindən artıq məruz qalmaq uşaqlarda daha ciddi problemlərə gətirib çıxara bilər. Buna görə diqqətli olmağımız lazımdır.

Burada əsas məqsəd uşağın günəşdən qaralması deyil, uyğun saatlarda və lazım olan şəraitdə günəşdən fayda görməsini təmin etməkdir. Burada nə baş verə bilər? Əlbəttə ki, günəşə görə diqqət etməli olduğumuz saatlar var. Saat 10:00 ilə 16:00 arasında uşaqları günəş şüalarına məruz qoymamaq, onları birbaşa günəş altında saxlamamaq məsləhətdir. Ehtiyac olduqda isə, daha yaxşı olar ki, uşaqlar səhər saat 10:00-a və ya 16:00-dan sonra günəş altında vaxt keçirsinlər”.

Uşaq orqanizmi, xüsusilə də uşaq dərisi, böyüklərlə müqayisədə daha həssasdır:

“Qeyd etdiyim saatlar arasında çöldə olduqda, xüsusilə baş örtüklərinə, yay mövsümündə açıq rəngli, sərin və rahat geyimlərə, həmçinin bol maye qəbuluna mütləq diqqət edilməlidir. Susuzluğa körpə yaşlı uşaqlar daha həssas olur. Ümumiyyətlə, uşaq orqanizmi, xüsusilə də uşaq dərisi, böyüklərlə müqayisədə daha həssasdır. Buna görə də uyğun olmayan saatlarda həddindən artıq günəşə məruz qalmaq, uşağı qaralana qədər günəş altında saxlamaq günvurma, istivurma halları və dəri yanıqlarına gətirib çıxara bilər. Buna görə diqqətli olmağımız lazımdır.

6 aydan yuxarı uşaqlarda isə, uyğun şəkildə həkim-pediatr məsləhəti ilə günəş qoruyucu kremlərdən istifadəni tövsiyə edirik. Ümumiyyətlə, D vitamini qəbuluna gəldikdə isə, təkcə günəş şüaları bəzən kifayət etmir. Xüsusilə də 2 yaşa qədər körpələrdə profilaktik D vitamini həkim məsləhəti və təyinatı ilə verilir. Yəni, “günəş var” deyə həmin profilaktik D vitamini preparatını özbaşına kəsmək məsləhət deyil”.

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox