"Buraxılış imtahanında danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər"
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsi zamanı söyləyib.
O, qeyd edib ki, biz gənclərin koqnitiv bacarıqlarını ön plana çəkərək onları yoxladıqda, həmin bacarıqlar da inkişaf edir.
"Xarici dil fənni üzrə dəyişikliklərə gəlincə, gələn il XI sinfə keçəcək şagirdlər əslində bir il bundan əvvəl, IX sinifdə yeni tətbiq olunacaq sistemə uyğun imtahan veriblər. Biz bir il ərzində bu model üzərində yenidən işləyib, təhlillər aparmışıq. Müəyyən monitorinqlər, pilot imtahan keçirilib. Növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur. Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Bu məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək.
Hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır. Buraxılış imtahanlarında hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər.
Ümumiyyətlə, gələcəkdə, məsələn, informatika üzrə də imtahanlarının rəqəmsallaşdırılması nəzərdə tutulur. Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq. Dövlət qulluğuna qəbul imtahanları artıq elektrondur. Təkcə bu il 67 min nəfər elektron imtahanlarda iştirak edib. Təbii ki, bu rəqəm artacaq. Bu artdıqca mahiyyət də dəyişir və proqramlar da ona uyğunlaşdırılır.
Biz gənclərin koqnitiv bacarıqlarını ön plana çəkərək onları yoxladıqda, həmin bacarıqlar da inkişaf edir. Onların ali məktəbdə nəticələri də daha yüksək olur, nəinki bu bacarıqları əvvəlcədən zəif olanlarda. Bu istiqamətdə bizim əsas məqsədimiz proqram və zamanın tələblərinə uyğunlaşmaqdır. Sonda bir daha qeyd edim ki, önümüzdəki tədris ilində XI sinif buraxılış imtahanında bu modeli tətbiq edən şagirdlər ötən il IX sinifdə də eyni model üzrə imtahan veriblər.