Azedu.az

Qarabağ Universiteti elmi jurnal hazırlayıb

Ali təhsil

14 May 2026, 14:48
Qarabağ Universiteti elmi jurnal hazırlayıb

Qarabağ Universitetinin təsis etdiyi ilk elmi jurnal “Biophysics and Beyond” özünün ilk buraxılışını (1-ci cild, 1-ci sayı, 2026) 14 may 2026-cı il tarixində oxuculara təqdim edib.

AzEdu.az xəbər verir ki, “Biophysics and Beyond” bioloji sistemlərin fizika elmi prizmasından araşdırılmasına həsr olunmuş beynəlxalq, resenziyalı (peer-reviewed) elmi jurnaldır.

Jurnal biologiya, fizika, mühəndislik və hesablama elmlərinin kəsişməsində aparılan fundamental və tətbiqi tədqiqatlar üçün açıq elmi platforma rolunu oynayır. Molekulyar, hüceyrəvi və sistem səviyyəsində biofiziki prosesləri idarə edən fiziki prinsiplərin öyrənilməsi jurnalın əsas missiyasını təşkil edir. Bununla yanaşı, jurnal yaradıcı eksperimental yanaşmaları, interdisiplinar metodları və yeni nəzəri çərçivələri təşviq edərək ənənəvi biofizikanın sərhədlərini genişləndirməyi hədəfləyir.

Cəmi iki ildən az əvvəl, 2024-cü ilin sentyabr ayında fəaliyyətə başlayan bir universitetin öz elmi jurnalını nəşr etməsi Qarabağ Universitetinin akademik inkişafında mühüm mərhələ hesab olunur. Bu addım universitetin yalnız tədris müəssisəsi deyil, həm də beynəlxalq elmi ictimaiyyətə töhfə verən nüfuzlu tədqiqat mərkəzi kimi formalaşdığını göstərir.

Jurnalın baş redaktoru, "Scopus" bazasında H-indeksi 56 olan və biofizika sahəsində tanınmış alimlərdən biri hesab edilən professor Rövşən Xəlilovdur. İlk buraxılışda biofizikanın müxtəlif istiqamətlərini əhatə edən 7 elmi məqalə dərc olunub. Qarabağ Universitetinin Biologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru və jurnalın redaktorlarından biri olan Səbinə Cəfərzadənin “Plant Mediated Synthesis of Biocompatible Fe3O4 Nanoparticles for Magnetic Hyperthermia Therapy” adlı elmi məqaləsi də jurnalda yer alıb. Redaksiya heyətində Azərbaycan, Türkiyə, Rusiya, Malayziya və Misirdən olan mütəxəssislər təmsil olunur. Bu isə jurnalın fəaliyyətə başladığı ilk gündən etibarən beynəlxalq elmi xarakter daşıdığını və geniş elmi əməkdaşlıq platforması rolunu oynadığını aydın şəkildə nümayiş etdirir.

Biologiya, fizika, nanomateriallar, bioinformatika, tibbi biofizika və əlaqəli sahələr üzrə tədqiqat aparan yerli və xarici alimləri “Biophysics and Beyond” jurnalında məqalə dərc etməyə dəvət edirik. Jurnalda bütün məqalələr açıq giriş (open access) formatında yayımlanır.

“Biophysics and Beyond” jurnalına uğurlu və uzunömürlü fəaliyyət arzulayırıq. Elmin sərhəd tanımadığı bu platformanın hər yeni sayının Qarabağ Universitetinin adını beynəlxalq elmi mühitdə daha geniş tanıtmasına inanırıq.

Jurnalla tanış olmaq üçün: //krbujournals.az/journals/biophysics-and-beyond/current-issue 

183190

HƏBSLƏR BAŞLAD! Köçəryana qarşı ƏMƏLİYYAT
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox