"Liseylərdə qiymətləndirmə daha ciddi aparılır".
AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə APA-ya müsahibəsi zamanı söyləyib.
O, qeyd edib ki, artıq məktəblərdə daxili qiymətləndirmə prosesi daha yaxşı aparılır:
"Biz 2012-ci ildən başlayaraq abituriyentlərin attestat qiymətləri ilə qəbul imtahanlarında topladıqları ballar üzrə paylanma cədvəlini 12 nömrəli “Abituriyent” jurnalında çap edirik. Bəli, əvvəllər çox ciddi fərq var idi. Mən deyə bilərəm ki, getdikcə bu fərq azalır. Müəyyən fənlər var ki, qiymətlər demək olar bizim nəticələrlə üst-üstə düşür.
Amma bəzən məktəbi əla qiymətlərlə bitirən şagird buraxılış imtahanında, ya da növbəti – blok imtahanında həmin fəndən aşağı nəticə göstərir. 13 il bundan əvvəl fərq daha böyük idi, hazırda isə elə də çox deyil.
Artıq məktəblərdə daxili qiymətləndirmə prosesi daha yaxşı aparılır. Biz müəyyən uyğunluq müşahidə edirik, amma hələ ki, istədiyimiz səviyyədə deyil. DİM vahid standarta uyğun qiymətləndirmə aparır. Müəllim isə, hətta yaxşı müəllim də səhv edə bilər. Niyə? Çünki o müqayisəli qiymətləndirmə aparır. Sinifdə, məsələn, 25 nəfər olur və istər-istəməz onların səviyyəsi bir-biri ilə müqayisə edilir. Müəllim ən yaxşı bilən şagirdə “5” yazır. Amma o, ölkə səviyyəsində ən yaxşı biləndirmi? Hər dəfə respublika çempionu Avropa çempionu olurmu və hər Avropa çempionu sonra dünya çempionu olurmu?
Bizdə isə vahid standart var və biz bu standarta uyğun qiymətləndirmə aparırıq. Müəllim müqayisəli qiymətləndirmə etdiyi üçün fərqlər ola bilər. Amma bu, “iki alan şagirdə beş yazmaq” demək deyil. Məsələn, dörd ilə beş arasında qalan şagirdə beş də yazıla bilər və ya bəzən dördə üstünlük verilə bilər. Liseylərdə qiymətləndirmə daha ciddi aparılır. Bu da normaldır".