Azedu.az

 “Kitab oxumayan cəmiyyətin böyük ideyaları ola bilməz” - Deputatın “Təhsil Resepti”

Rubrika

Müsahibə və reportajlar

5 İyun 2026, 14:10
 “Kitab oxumayan cəmiyyətin böyük ideyaları ola bilməz” - Deputatın “Təhsil Resepti”

AzEdu.az Təhsil Portalının “Təhsil Resepti” adlı  rubrikasına davam edir. 

Rubrikanın əsas məqsədi ictimaiyyətdə maarifçi yanaşmaları, fərqli baxışları, xüsusən də təhsil sahəsi ilə bağlı zəruri düşüncələri ilə seçilən  ziyalı şəxslərin fikirlərini, daha doğrusu, "təhsil reseptləri"ni  oxuculara çatdırmaqdır. Onlar təhsilimiz üçün hansı "reseptləri" təklif edəcəklər?

Rubrikamızın növbəti qonağı Milli Məclisin deputatı Elnarə Akimovadır.

Müsahibəni təqdim edirik:

- Elnarə xanım, keçmiş dövrdə müəllim nüfuzu daha yüksək idi. Sizcə, bu nüfuzu yaradan sistem idi, yoxsa cəmiyyətin müəllimə baxışı?

- Mən hesab edirəm ki, müəllim nüfuzu həm dövlət siyasətinin, həm də cəmiyyətin dəyərlər sisteminin məhsuludur. Keçmiş dövrlərdə müəllim kəndin, məhəllənin, bütövlükdə cəmiyyətin ən hörmətli insanlarından biri sayılırdı. Bunun səbəbi yalnız təhsil sisteminin quruluşu deyildi. O dövrdə müəllim həm də maarifçi, ziyalı, ictimai rəy formalaşdıran şəxs idi. Bu gün dünya dəyişib. İnformasiya texnologiyaları bilik mənbələrini çoxaldıb. Artıq müəllim yeganə informasiya daşıyıcısı deyil. Buna baxmayaraq, müəllimin cəmiyyətdəki rolu azalmayıb, sadəcə mahiyyəti dəyişib.

Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev "Mən dünyada müəllimdən yüksək ad tanımıram" deyirdi. Bu fikir müəllim peşəsinin yalnız təhsil sistemində deyil, bütövlükdə dövlət quruculuğunda və milli inkişafda oynadığı rolu ən dəqiq şəkildə ifadə edir.

Azərbaycanda son illər müəllim nüfuzunun gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Müəllimlərin əməkhaqlarının artırılması, sertifikasiya mexanizminin tətbiqi, işə qəbulun şəffaflaşdırılması və peşəkar inkişaf proqramları bu siyasətin tərkib hissəsidir. Dünyanın ən uğurlu təhsil modellərinə malik Finlandiya, Sinqapur və Cənubi Koreya təcrübəsi göstərir ki, güclü təhsil sistemi ilk növbədə güclü müəllim üzərində qurulur. Ona görə də müəllim nüfuzunun qorunması yalnız təhsil məsələsi deyil, milli inkişaf məsələsidir.

- Kənardan baxanda sizcə Azərbaycan təhsil sisteminin ən böyük çatışmayan tərəfi nədir?

- Mən "çatışmazlıq" sözündən daha çox "inkişaf ehtiyacı olan istiqamət" ifadəsini işlətməyə üstünlük verərdim. Çünki Azərbaycan təhsili son illərdə ciddi modernləşmə mərhələsindən keçir. Yeni məktəblər tikilir, rəqəmsal həllər tətbiq olunur, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli iş aparılır.
Bununla belə, hesab edirəm ki, gələcək mərhələdə daha çox diqqət analitik düşüncə, yaradıcılıq və problem həll etmə bacarıqlarının inkişafına yönəlməlidir.

Dünya İqtisadi Forumunun hesabatlarında da göstərilir ki, gələcəyin əsas bacarıqları sırasında tənqidi düşüncə, kreativlik və çevik qərarvermə qabiliyyəti xüsusi yer tutur. XXI əsrdə uğur qazanmaq üçün yalnız bilik kifayət etmir, həmin bilikdən istifadə etmək bacarığı da lazımdır. Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri də məhz budur.

"Yeni texnologiyalar müəllimi əvəz edə bilməz"

- Maraqldıır, bugünkü məktəblərlə sizin dövrünüzün məktəbləri arasında ən ciddi fərqi nədə görürsünüz?

- Fərq ilk növbədə imkanlarda və təhsil mühitindədir. Bizim dövrümüzdə bir kitabı əldə etmək üçün günlərlə kitabxana axtarırdıq. Bu gün isə dünyanın ən böyük kitabxanaları bir telefonun ekranına sığıb. Müasir məktəblərdə rəqəmsal texnologiyalar, elektron resurslar, STEAM layihələri, laboratoriyalar və beynəlxalq proqramlar mövcuddur.

Ancaq dəyişməyən bir həqiqət var: məktəbin mərkəzində yenə də müəllim dayanır. Texnologiya müəllimi əvəz edə bilməz. Texnologiya vasitədir, müəllim isə şəxsiyyət formalaşdıran əsas qüvvədir. Ona görə də müasir məktəblərin əsas üstünlüyü texniki imkanlarla yanaşı, müəllimin yeni çağırışlara uyğun hazırlanmasıdır.
Lev Tolstoyun məşhur bir fikri var: "Əgər müəllim öz işini və şagirdini sevirsə, o, kamil müəllimdir". Texnologiyalar dəyişə bilər, amma müəllim-şagird münasibətinin əsasında duran bu prinsip heç vaxt dəyişməyəcək.

"Təhsilimizin vəziyyətini ağır qiymətləndirmək olmaz"

- Bəs, təhsilin bugünkü sağlamlıq durumunu necə qiymətləndirirsiniz - reanimasiya vəziyyəti, orta-ağır, yoxsa stabil?

- Mən bu suala emosional deyil, faktlar əsasında cavab verməyi üstün tuturam. Əgər son iyirmi ildə Azərbaycanda minlərlə yeni məktəbin tikildiyini, təhsil infrastrukturunun yeniləndiyini, müəllimlərin sertifikasiyaya cəlb olunduğunu, rəqəmsallaşmanın sürətləndiyini və işğaldan azad olunmuş ərazilərdə dünyanın ən müasir məktəblərinin qurulduğunu nəzərə alsaq, təhsil sistemini nə reanimasiya, nə də ağır vəziyyətdə olan sistem kimi təqdim etmək düzgün olmaz.

Təhsil daim yenilənən canlı orqanizmdir. Bu gün Azərbaycan təhsili inkişaf və transformasiya mərhələsindədir. Qarşıda həllini gözləyən məsələlər var, lakin sistemin ümumi istiqaməti müsbətdir. Bunu beynəlxalq qiymətləndirmələrdə iştirak, təhsilin əlçatanlığının artması və insan kapitalına yatırılan investisiyalar da təsdiq edir.

"Keçmişdə müəllimlər yalnız dərs keçmir, şagirdləri həyata hazırlayırdılar"

- Sizcə, keçmiş nəslin müəllimlərindən bu günə örnək ola biləcək hansı yanaşmalar hələ də yaşayır?

- Ən böyük örnək müəllimin peşəsinə münasibətidir. Keçmiş müəllimlər müəllimliyi sadəcə əmək fəaliyyəti kimi deyil, mənəvi missiya kimi qəbul edirdilər. Onlar şagirdə yalnız dərs keçmirdilər, onu həyata hazırlayırdılar.
Bu gün də minlərlə Azərbaycan müəllimi eyni fədakarlıqla çalışır. Xüsusilə regionlarda çalışan müəllimlərin fəaliyyəti böyük hörmətə layiqdir.

Mirzə Fətəli Axundzadə maarifçiliyi xalqın tərəqqisinin əsas şərti hesab edirdi. Bu gün də müəllimin missiyası yalnız bilik vermək deyil, düşünən və məsuliyyətli vətəndaş yetişdirməkdir. Müasir texnologiyalar dəyişə bilər, proqramlar yenilənə bilər, amma müəllimin insan yetişdirmək missiyası dəyişmir.

- Bugünkü gənclərdə sizi ümidləndirən hansı keyfiyyətləri görürsünüz?

- Mən bugünkü gənclərdə böyük potensial görürəm. Onlar daha açıq dünyagörüşünə malikdirlər, xarici dilləri öyrənirlər, texnologiyalara sürətlə uyğunlaşırlar və qlobal prosesləri yaxından izləyirlər. Bu gün Azərbaycan gəncləri beynəlxalq olimpiadalarda, elmi müsabiqələrdə, idman yarışlarında ölkəmizi uğurla təmsil edirlər.
Ən vacibi isə budur ki, Vətən müharibəsi göstərdi ki, bu gənclər yalnız bilikli deyil, həm də vətənpərvərdirlər. Biliklə vətən sevgisinin vəhdəti isə hər bir dövlət üçün ən böyük sərvətdir.

- Təhsil prosesinin cəmiyyətin ziyasına çevrilməsi üçün hansı fərdi düsturlarınızı təklif edərdiniz?

- Mənim düsturum üç anlayış üzərində qurulub: kitab, düşüncə və məsuliyyət.
Kitab oxumayan cəmiyyət böyük ideyalar yarada bilməz. Düşünməyən cəmiyyət inkişaf edə bilməz. Məsuliyyət hissi olmayan cəmiyyət isə əldə etdiyi nailiyyətləri qoruya bilməz.
Nizami Gəncəvi əsrlər öncə yazırdı:

"Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz". 
Bu gün də güclü cəmiyyətin, güclü dövlətin və rəqabətqabiliyyətli iqtisadiyyatın təməlində məhz elm və təhsil dayanır.

"Təhsil haqqında" Qanunda da göstərilir ki, təhsilin məqsədi hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmaqdır. Mən hesab edirəm ki, məktəb yalnız bilik verməməli, həm də xarakter formalaşdırmalıdır. İnsan əvvəl yaxşı vətəndaş, sonra yaxşı mütəxəssis olmalıdır.

- Elnarə xanım, əgər təhsil sisteminə kənardan bir resept verməli olsaydınız, ilk hansı problemi həll etməyi tövsiyə edərdiniz?

- İlk növbədə mütaliə mühitinin daha da gücləndirilməsini tövsiyə edərdim. OECD və UNESCO-nun araşdırmaları göstərir ki, müntəzəm kitab oxuyan şagirdlər digər sahələrdə də daha yüksək nəticələr göstərirlər.
Təəssüf ki, bütün dünyada sosial şəbəkələr və sürətli informasiya mühiti dərin oxu vərdişlərinə müəyyən təsir göstərir. Ona görə də məktəb, ailə və cəmiyyət birlikdə kitabı yenidən gündəlik həyatın mərkəzinə qaytarmalıdır. Çünki kitab yalnız məlumat vermir, insanın düşüncə sistemini formalaşdırır.

- Bizlər çox vaxt savadla ziyalılığı olmağı səhv salırıq. Sizcə, bugünkü təhsilimiz sadəcə "diplomlu mütəxəssis" yetişdirir, yoxsa həqiqi "ziyalı"? Bu balansı bərpa etmək üçün təhsilə hansı maddəni əlavə etməliyik?

- Bu, çox vacib sualdır. Savad və ziyalılıq eyni anlayış deyil. Savad bilikdir, ziyalılıq isə həmin biliyin mənəvi məsuliyyətlə istifadəsidir.

Mən hesab edirəm ki, Azərbaycan təhsilinin məqsədi yalnız diplom vermək deyil. Bəxtiyar Vahabzadənin təbirincə desək, "alim olmaq asandır, vətəndaş olmaq çətindir". Məhz buna görə təhsil yalnız peşəkar deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, cəmiyyət qarşısında məsuliyyət hiss edən ziyalı formalaşdırmalıdır. Dövlət siyasətində milli-mənəvi dəyərlərin, vətənpərvərlik tərbiyəsinin, mədəniyyət və multikulturalizm ənənələrinin qorunmasına xüsusi önəm verilməsi də bunun göstəricisidir.

Əgər təhsilə əlavə bir komponent daxil etməli olsaq, bu, mütaliə mədəniyyəti və humanitar düşüncə olardı. Çünki ziyalı yalnız peşəkar deyil, həm də cəmiyyət qarşısında məsuliyyət hiss edən insandır.

- Müəllimlik təkcə auditoriyada dərs keçmək yox, həm də bir insanın taleyinə toxunmaqdır. Sizin şəxsi "təhsil reseptinizdə" tələbənin fənnə deyil, məhz həyata qazanılması üçün hansı gizli məsləhət və ya metod yer alır?

- Mən həmişə düşünmüşəm ki, müəllimin ən böyük uğuru yüksək bal toplayan şagirdi deyil, onun həyatda öz yerini tapmasına vəsilə olmasıdır. İnsanlar zaman keçdikcə müəllimin izah etdiyi düsturları unuda bilərlər, amma onun aşıladığı dəyərləri unutmurlar.

Mənim təhsil fəlsəfəmdə əsas prinsip budur: şagirdə özünə inanmağı öyrətmək. Özünə inanan insan öyrənəcək, inkişaf edəcək və uğur qazanacaq. Məktəb yalnız peşə hazırlayan müəssisə deyil, insan yetişdirən məkandır. Güclü dövlətlərin təməlində güclü iqtisadiyyat yox, ilk növbədə güclü insan kapitalı dayanır. Ulu Öndər Heydər Əliyev müəllimləri "gələcəyin memarları" adlandırırdı. Bu, sadəcə bədii ifadə deyil, böyük həqiqətdir. Çünki müəllim bir şagirdin taleyinə toxunmaqla əslində güclü insan kapitalını, bütöv bir xalqın gələcəyini formalaşdırır. Buna görə də müəllim hər zaman gələcəyin memarı olaraq qalacaq.

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmilər vuruldu - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox