Azedu.az

Məktəbdəki o hadisə məni rayon təhsilinə tanıtdı - Deputatın müəllimlik xatirələri - RUBRİKA

Rubrika

Müsahibə və reportajlar

4 İyun 2026, 12:49
Məktəbdəki o hadisə məni rayon təhsilinə tanıtdı - Deputatın müəllimlik xatirələri - RUBRİKA

Hər birimizin ömür kitabında silinməz izlər qoyan, bizə təkcə elmin əlifbasını deyil, həm də həyatın ləyaqət dərslərini öyrədən unudulmaz simalar var.

AzEdu.az "Bir zamanlar müəllim" rubrikasında illərini sinif otaqlarına, lövhə qarşısında fəda etmiş, bu gün isə fərqli zirvələrdə olan ustad pedaqoqların xatirələrini sizlər üçün işıqlandıracağıq. 

Rubrikamızın isə ilk qonağı  Azərbaycan Respublikası Milli Məclisinin deputatı, sabiq vitse-spiker,  tarix elmləri doktoru, professor Fəzail İbrahimlidir. 

Fəzail İbrahimli Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil alıb. Ardınca təyinatla Yardımlıya göndərilərək, 1973-1977-ci illərdə rayonun Çanaqbulaq kənd məktəbində müəllim işləyib. 1979-1982-ci illərdə Bakı Dövlət Universitetinin əyani şöbəsində aspirant olan Fəzail müəllim, 1982-ci ildən BDU-nun kafedralarında müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. O, hazırda universitetin Azərbaycan tarixi kafedrasının professorudur.

Müsahibəni təqdim edirik:

"Bu hadisə rayon təhsil sistemində tanınmağıma səbəb oldu"

 - Fəzail müəllim, müəllimlik illərinizdən bəhs edərkən ağlınıza gələn ilk xatirə, ilk görüntü nə olur?

- Rayona işləməyə təyinatla getmişdim. Sentyabrda dərslər başladı, noyabr ayında rayon təhsil şöbəsindən məktəbə yoxlama gəldi. Mən də o vaxt özünün  tələbə dünyasında olan,  ali məktəbi qırmızı diplomla qurtarmış azad insan, bir sözlə,  pafoslu dövrümdür. Gördüm ki, müəllimlər hədsiz narahatdırlar.  Belə, el dili ilə desək, bir-birilərinə dəyiblər. Soruşdum ki, "niyə narahatçılıq var? ,- özüm də gənc müəllim, birinci ildir ki, işləyirəm,- dedilər, yoxlama gəlir. Soruşdum ki, nəyi yoxlayacaqlar?. Cavab verdilər: - "Dərsin keyfiyyətini".

Həmən də dedim: "bəs, burda narahatlıq nə var ki?!", - təcrübəsizəm deyə, ətraflı  maraqlanıram. Aramızda kiçik bir dialoq oldu. Yoxlamanın  dərsi dinləyib,  sonra da getdiyini bildirdilər. "Yaxşı, pis nəticə olsa nə olacaq?", -deyə, soruşanda cavabladılar ki, "Maarif" (yerli təhsil idarəsi-red.) mənfi istiqamətdə  ad çəkilir. Dedim: "Ondan başqa nə cəza olur? Maaşınızı kəsmirlər ki? Həbs cəzası yoxdur ki?" Dedilər: "Yox". Dedim: "Onda nəyə görə bu qədər narahatsız? Yaşlı müəllimlər idi, hamısı da mənim müəllimlərim idi. Düşünürdüm ki, gedib adımı çəksinlər də, ad çəkiləndə insan bu qədər əzab çəkməz axı".

"Yoxlamanın müəllimlərin yanında o cür gəzməsi hissiyatıma yaman toxundu"

O "Maarif"dən gələn inspektoru görəndə gizlənməyə yer axtarırdılar. Bu hadisə həmin vaxt hissiyyatıma toxundu. Yoxlama da elə gəlirdi ki, gəl görəsən; dik, "kraxmallı"  formada... Müəllimlərin də  yanında elə gəzirdi ki... Bax həmin an mənim heç vaxt yadımdan çıxmır. İnsanın daxili azadlığı olanda, o azadlığı boğmağa cəhd edən bütün anlar yadında qalır. Orta məktəbdəki müəllimlik fəaliyyətimlə bağlı daha çox o epizodlar yadımda qalıb. Bir də çox uğurlu bir nəticəm oldu, o da yaxşı xatirimdədir.

- Mümkünsə, həmin uğurunuzdan da bəhs edərdiniz...

- Demək, bir gün yenə də gəlib yoxlama aparırdılar. Üç aydır dərs deyirdim, təcrübəm də az. Dərsə daxil olub, yazılı yoxlama apardılar. "Maarif"in də təsdiq olunmuş bir blankı var idi. Sonra da baxırdı yazılara, yoxlayırdı, cavab verirdi. Kompleks yoxlama idi. Yazılandan sonrakı yoxlamada nəticələri yazırdıq. Hə, sonra həmin yoxlamada mənim məktəb üzrə nəticəm oldu o vaxt 93%. Bu da unudulmaz xatirələrim arasında yer alır.  Həmin o yoxlama, mənim rayon təhsil sistemində müəyyən qədər tanınmağıma səbəb oldu. Gedib demişdilər ki, bir cavan oğlan gəlib kəndə yaxşı dərs deyir.

"Bugün sinifə girən müəllim çox ciddi çətinliklərlə üzləşir"

- Bəs ilk dərs gününüzü, şagirdlərlə o ilk ünsiyyətinizi necə xatırlayırsınız? Siz həm də tarix müəllimi olmusunuz. Sirr deyil ki, tarix fənni bir çox şagirdin bir az yaralı yeridir. Siz o çətinliyi necə aşdınız, şagirdlərlə o bağları necə qurdunuz?

- Müəllim fəaliyyətindən əvvəl, biz iki dəfə  praktikada olmuşduq: bir dəfə 190 nömrəli məktəbdə, bir dəfə də 18 nömrəli məktəbdə. Birində bir ay, digərində iki ay praktika keçmişdim. Artıq demək olar ki, müəllimlik təcrübəm var idi. Ona görə də xüsusi problem yaşanmadı. Həm də öz doğulub, boya-başa çatdığım kənddə fəaliyyətə başladığımdan şagirdlərin hər birini də tanıyırdım. Bura mənim üçün yad bir yer deyildi, öz doğma ocağımda dərs deyirdim. Sadəcə, sinfə girib dərsi izah etdikcə beynimdə sanki bir xatirələr lenti fırlanırdı; bir vaxtlar özümün oturduğum o parta gözümün önünə gəlirdi... Adətən qonşu kəndə və ya başqa rayona təyinat alan müəllimlər üçün adaptasiya dövrü çətin olur, məndə isə belə bir problem yaşanmadı. 

Dərsə başladığım ilk gündən qısa müddət ərzində çalışdım ki, şagirdlər tarix fəninə  hörmətlə yanaşsınlar. Burada kiçik bir haşiyəyə çıxım: insanın həyatda şəxsiyyətini qoruyan və onu təmin edən faktor ilk növbədə, onun sənətidir. Əgər çörək yediyin, maaş aldığın, həyatını həsr etdiyin bir peşəyə hörmətsiz yanaşarsansa, özün də heç vaxt hörmət qazana bilməzsən. Müəllim öz dəyərini hər şeydən üstün tutmalıdır; mən də elə ilk gündən bunu qorumağa çalışdım.

Şagirdlərlə də uca səslə, haylı-küylü danışmağa ehtiyac yoxdur.  Dərs dediyim dövr 1975-1980-ci illərə təsadüf edirdi. O vaxt şagirdlər bir-birindən yalnız dərsə münasibətlərinə görə fərqlənirdilər; biri yaxşı oxuyurdu, biri zəif. Amma nizam-intizam, tərbiyə, müəllimi görəndə özünü yığışdırmaq mədəniyyəti hamıda eyni dərəcədə yüksək idi. Doğrudan da, o dövrün müəllimlərinin bəxti gətirmişdi. İndi isə zaman, cəmiyyət, psixologiya və insan amilinə olan münasibət kökündən dəyişib, pedaqoji yanaşmalarda böyük fərqlər yaranıb. Bu gün sinfə girən müəllimlər həm psixoloji, həm də digər cəhətlərdən çox böyük çətinliklərlə üzləşirlər. Bizim dövrümüzdə belə çətinliklər yox idi. Bizdən tələb olunan yeganə şey sinfə girib öz fənnimizə vicdanla yanaşmaq idi.

"Şagirdimə xəbərçiliyi xüsusi üsulla tərgitdim"

- Maraqlıdır, illər keçsə də, heç unuda bilmədiyiniz, hər an xatırlayanda üzünüzdə təbəssüm yarada bilən, yadda qalan şagirdiniz olubmu? 

- Əlbəttə olub... Şagirdlərin müəllimə, məktəbə yanaşması, təbii ki, müxtəlif olurdu. İçlərində özünü müəllimə sevdirmək, diqqət mərkəzində olmaq üçün xəbərçilik edənlər də tapılırdı. Tənəffüsdə uşaqlar qaçıb oynayanda dərhal gəlib sinif rəhbərinə: "Müəllim, uşaqlar sinfi toz-torpağa bürüyürlər'", - deyə xəbər verirdilər. Əslində, bu da onların müəllimə yaxınlaşmaq, özünü təsdiq etmək forması idi.

Yaxşı yadımdadır, altıncı sinifdə oxuyan bir şagirdim vardı,  özü də seyyid nəslindən idi. Bizim tərəflərdə seyyidə hörmət böyük olur, "seyyidə əl vurmazlar, yoxsa cəddi qənim olar" inancı var idi. Müəllimliyimin birinci ilində gördüm ki, bu uşaq gündə bir-iki dəfə sinifdə olanları qaçıb sinif rəhbərinə çatdırır. Elə gətirdi ki, fəaliyyətimin ikinci ilində məni tədris işləri üzrə direktor müavini  təyin etdilər. Normalda buna yalnız üç illik stajdan sonra icazə verilirdi, amma məktəbdəki yoxlamanın mənimlə bağlı olan uğurlu nəticəsi maarif müdirinin diqqətini çəkmişdi və o, bu təyinata rəvac verdi. Hələ onda cəmi 22 yaşım var idi.  Məktəbdə ciddi bir nizam-intizam yaratmağa çalışırdım. 

Bir gün otağımda oturmuşdum, həmin o uşaq sinifə daxil oldu. Amma elə bir hay-küylə gəlib, qapını elə döydü ki, elə bil haradasa müharibə başlayıb. Otaqda da tək idim. Gəldi, həyəcanla, kürəklərini büzərək xəbərçilik etməyə başladı: "Müəllim, filan uşaq filan işi gördü..." Mənim isə uşaqlıqdan yalançı və xəbərçi insanlardan zəhləm gedirdi.

Dedim: "Gəl bura, otur". Oturdu. Soruşdum ki, "Sənə kimsə tapşırıb bu işlə məşğul olmağı?". O vaxtlar məktəblərdə "sinifkom" və "təmizkom"lar var idi. Sinifkom ümumi işlərə baxırdı, təmizkom isə uşaqların dırnaqlarına, təmizliyinə nəzarət edirdi.  Dırnağı uzun, çirkli olan uşaqdan növbəti gün məktəbə səliqəli gəlmək tələb olunurdu. Qəribə, amma özünəməxsus bir tərbiyə metodu idi.

Sizə bir əhvalatda danışım, yeri gəlmişkən... Bir dəfə bir müəllim yoldaşımın qəhqahə çəkib güldüyünü gördüm. Səbəbini soruşanda dedi ki, dördüncü sinifdə oxuyan bir uşağın üzərinin tozlu olduğunu görüb dedim ki, "oğlum, bəs anan sənin üst-başına nəzarət etmir?". Uşaq da qayıdıb ki: "Müəllim, Allah eləyib də, anam neyləsin?". Bax, bu şirin xatirə də heç yadımdan çıxmır...(gülür)

Nə isə, qayıdaq həmin altıncı sinif şagirdinə. Üzümü ona tutub dedim ki, "Bu nə sənətdir, ayıb deyil?! Özün də seyyid oğlusan, seyyidsən".  Onunla çox ciddi bir tərbiyəvi söhbət apardım. Sonra da dedim ki, "İndi get sinfə və uşaqlardan üzr istə". Özüm də onunla birgə sinfə getdim, uşaqların qarşısında üzr istədi. Sinfə də elan etdim ki, bu gündən etibarən bu uşaq bir də xəbərçilik etməyəcək. Sonra söhbətin sonunda mən ona  bir dəftər və qələm hədiyyə edib, demişdim ki, "Bunu sənə hədiyyə verirəm ki, bir də xəbərçilik etməyəsən". Elə o gündən də o pis vərdişini tərgitdi.

Üstündən illər keçdi. Sonralar mən hər yay kəndə gedəndə mütləq bilirdi, yanıma gəlirdi, O uşaq böyüyüb, kənddə sürücü işləyirdi. Hər dəfə qarşılaşanda mənə deyirdi ki, "Müəllim, bəlkə də siz olmasaydınız, mən gələcəkdə xəbərçi, satqın bir adam olacaqdım. Sizin o vaxtkı yanaşmanız məni xilas etdi". Onun  minnətdarlığı da heç vaxt yadımdan çıxmır.

"Dərs keçmək üçün çox fərqli metodlarım var idim"

- Bəs siz bir gənc müəllim kimi hansısa bir fərqli dərs metodundan istifadə edirdinizmi şagirdlər üçün?

Bəli, xüsusi metodlarım var idi. Birincisi, indiki dərsliklərdən fərqli olaraq, o vaxt kitabların sonunda xüsusi suallar olurdu. Mən bütün şagirdlərə ümumi dəftər aldırırdım. Hətta imkanı olmayan, kasıb uşaqlara o dəftərləri məktəbin fondundan təmin edirdim. Dərs dediyim siniflərdə hər şagirdin ayrıca belə bir dəftəri var idi. Onlar növbəti dərsə gələndə mütləq kitabın sonundakı sualların cavabını o dəftərə yazmalı idilər. Suallara cavab yazmaq üçün isə mövzunu mütləq oxuyub öyrənmək lazım gəlirdi. Bax bu, fərqli bir metod idi.

İkincisi isə, şagird lövhəyə çıxıb dərs danışanda mən elə bir mühit yaratmışdım ki, ona həm yeni mövzudan, həm də keçmiş dərslərdən suallar verirdi yoldaşları. Bunun sayəsində uşaqlar təkcə gündəlik dərsi öyrənmir, həm də keçmiş mövzuları daima təkrar edirdilər. Bunların hər biri mənim öz metodikam idi.

Sonradan Bakı Dövlət Universitetində dərs deyən zaman isə tələbələrim üçün tamamilə başqa bir metod işlətməyə başladım. İlboyu dərslərə mütəmadi gələn, dərsdən "2" qiyməti almayan tələbələri imtahandan azad edirdim. Hazırda BDU-nun professoruyam və bu metodu Boloniya sisteminə keçənə qədər uğurla tətbiq edirdim. Təəssüf ki, Boloniya sisteminə keçəndən sonra artıq bu cür fərdi metodlar öz əhəmiyyətini itirdi.

- Müəllim, heç parta arxasında oturan o uşaqların səs-küyü,  tənəffüs zəngi, hətta lövhə qarşısında o həyəcanlanan, elə həm özünüz üçün, həm şagirdləriniz üçün darıxırsınızmı?

- İndi hansısa bir romantikadan danışsam, yalan olar. Artıq o illər arxada qalıb. Geriyə baxanda görürəm ki, o üç il həyatımın sadəcə kiçik bir epizodu olub. Məsələn, 70 illik ömrümün elə fərqli dövrləri, elə epizodları olub ki, onlar mənim üçün sanki Füzulinin "Leyli və Məcnun" əsərinə çevrilib; özündən əvvəlki və sonrakı bütün hadisələri kölgədə qoyub. Yəni, o illər artıq unudulmaz bir xatirədir. İndi siz sual verdiniz, onlar yenidən yadıma düşdü.

Amma o kəndə, məktəbə gedəndə, köhnə şagirdlərimlə görüşəndə çox maraqlı bir mənzərə yaranır. Vaxtilə altıncı, yeddinci sinifdə dərs dediyim o uşaqlarda tarix fənninə elə bir həvəs oyanmışdı ki... O dövrdə repetitorluq, hazırlıq yox idi, hər şey məktəbdə öyrənilirdi. Mən orada üç il işlədim. Məndən sonra onlar təhsillərini davam etdirib onuncu sinfi bitirdilər. Çox maraqlıdır ki, həmin uşaqlar universitetin tarix fakültəsinə qəbul oldular. Zaman keçdi, mən bu dəfə onların qarşısına məktəb müəllimi kimi yox, universitet professoru kimi çıxdım və yenidən onlara dərs dedim. Bax, həyatda belə maraqlı təsadüflər, talelər olub.

İndi bəzən tək qalanda, başımı əlimin altına qoyub düşünəndə o illərin xatirəsi məni tamamilə başqa duyğularla baş-başa qoyur. Məsələn, o vaxt valideynlərim sağ idi, indi isə yoxdurlar. O vaxt kəndə gedəndə o ata ocağı isti idi, bu gün isə o ocaq soyuyub... O vaxt bacı-qardaşlarımın hamısı sağ idi, bu gün isə artıq bəziləri dünyasını dəyişib, rəhmətə gedib. O illəri xatırlamaq, həm də o itkiləri, o doğmaları xatırlamaqdır...

- Allah rəhmət etsin...

- İndi geriyə baxanda o insani itkilər, o doğma xatirələr məktəbdəki dərs prosesindən daha çox yadıma düşür. Bu gün məni artıq öz nəvələrimin təhsil prosesi daha çox maraqlandırır. Onların dərsləri ilə yaxından məşğul oluram. Bəzən müəllimləri ilə, hətta direktorları ilə daima əlaqə saxlayıram. Onlardan tək bir istəyim olur ki, əllərində olan bütün pedaqoji metodlardan istifadə edib mənim nəvələrimə elmi, biliyi ən yaxşı şəkildə öyrətsinlər.

- Allah saxlasın. Müəllim, onların da yəqin ki, tarixə marağı olar, yoxsa necə?"

- Böyük nəvəm doqquzuncu sinifdə oxuyur, marağı daha çox humanitar sahəyədir. Amma maraqlıdır ki, mənim üç övladımın heç birində tarixə qarşı xüsusi həvəs olmadı. İkisi xarici dillər üzrə təhsil aldı, biri isə hüquq fakültəsini bitirdi. Yəni tarixə yönələn olmadı. Görünür, bu məsələlərdə genetika o qədər də xüsusi rol oynamır; həyat hər kəsi öz axarı ilə bir yerə aparır. Nəvələrim isə hələ uşaqdırlar, böyüyü doqquzuncu sinifdə oxuyur, kiçiyi isə hələ ikinci sinifdədir.

- Əgər zamanı geri qaytarmaq şansınız olsaydı, yenə də çətin, amma şərəfli olan o müəllim peşəsini seçərdinizmi? Yenidən bu sahədə oxumaq, işləmək istərdinizmi? Yoxsa bugünkü düşüncənizlə tam fərqli bir sahəyə yönələrdiniz?"

Hazırda Bakı Dövlət Universitetində yarımştat müəllim kimi fəaliyyət göstərirəm. Yəni mən təhsillə əlaqəmi heç vaxt kəsməmişəm, orada da tələbələrim var. Bilirsiniz, gənclərin arasında olanda insanın aldığı o müsbət enerji onu həyata bağlayır, ruhunu yaxşı mənada təzələyir. Ona görə də mən keçmişə boylananda heç vaxt düşünməmişəm ki, "kaş hər şey başqa cür olaydı". Çünki bunun bir mənası yoxdur. İnsan reallaşması mümkün olan şeylər haqqında düşünməli, qeyri-mümkün xəyallarla beynini yükləməməlidir. Mən tam səmimi deyirəm ki, baş tutması qeyri-mümkün olan şeylər barəsində vaxt itirmirəm.

Amma müəllimlik peşəsinə gəlincə... "Təzədən orta məktəbi bitirsəydiniz, hansı peşəni seçərdiniz?" sualına tərəddüdsüz "bəli, yenə müəllimliyi seçərdim" deyə cavab verərdim. Mən hələ ali məktəbin birinci kursunda oxuyanda qarşıma qəti məqsəd qoymuşdum ki, professor olacağam. Şükürlər olsun ki, bu arzuma da çatdım. Ona görə də, zamanı geri qaytarmaq imkanım olsaydı və mənə "orta məktəbi qurtarsan, hansı ixtisasa gedərsən?" sualı verilsə, cavabım birmənalı şəkildə elə yenə müəllimliyi, tarix ixtisasını seçmək olardı. 

184480

Fəzail İbrahimlinin institutun 1-ci kursunda oxuyarkən çəkilmiş fotosu

- Bu gün də ali məktəbdə fəaliyyətinizi davam etdirirsiniz. Uzunillik pedaqoji təcrübənizə əsaslanaraq müasir tələbələrlə keçmiş dövrün gənclərini müqayisə etsəniz, hansı fərqləri qabardardınız? Onların elmə, təhsilə və gələcəyə baxışlarında hansı dəyişikliklər müşahidə olunur?

Çox ciddi fərq var. Xüsusən də bu Boloniya və test sistemindən sonra fərqlər daha qabarıq görünür. Mən demirəm ki, test pis sistemdir. Əksinə, test sistemi, korrupsiyanın, yeyintinin qarşısını tamamilə ala bildi və bu, onun çox böyük üstünlüyüdür. İndi imtahanları yenidən üzbəüz götürsələr, inanın, o qədər müəllimin başı bəla çəkər, o qədər böyük narazılıq yaranar ki... Bu, sanki bir insan qırğınına səbəb olar.

Digər tərəfdən, test sistemi savadlı, qabiliyyətli, amma arxası olmayan uşaqların taleyində müsbət rol oynayır, onlara yol açır. Amma məsələnin digər tərəfi də var. Bizim dövrümüzdə insan hərtərəfli yetişirdi. O vaxt insanların istər ədəbiyyat, istər tarix, istərsə də riyaziyyat sahəsindəki bilikləri sistemli bir elm idi. İndiki uşaqların bildikləri isə sadəcə ətraflı məlumat, pərakəndə informasiyadır.

Məsələn, o vaxt biz universitetə qəbul olmaq üçün ədəbiyyatdan tutmuş kimya və fizikaya qədər bir çox fəndən imtahan verməli idik. Bu, insanın ədəbi savadını, dünyagörüşünü və elmə olan münasibətini formalaşdırırdı. İmtahanda bir əsər haqqında mövzu düşürdüsə, sən onu yazıb təhlil edirdin. Bu da insanda yazmaq, ifadə etmək qabiliyyəti formalaşdırırdı. Beləcə, gələcəkdə hansı vəzifədə işləməyindən asılı olmayaraq, insan yazmağı, pozmağı, araşdırmağı bacarırdı. Çünki arxasında böyük bir məlumat bazası dayanırdı.

Bəs indi necədir? Test sistemində uşaqların beyni lüzumsuz yerə yüklənir. Məsələn, heç bir Avropa ölkəsində bizim qəbul imtahanlarında qoyulan bu cür ağır sualları tapmaq olmaz. Bizdə uşaqların beynini Hindistanın, yaxud tamamilə aidiyyatı olmayan başqa uzaq ölkələrin tarixlərinin xırdalıqları ilə yükləyirlər. Axı bu aidiyyatı olmayan ölkələrin testləri ilə gənclərin beynini doldurmaq nə dərəcədə lazımdır? Mənə Yaponiyanın qədim tarixini bu səviyyədə əzbərləmək niyə lazımdır?

Sabah hansısa tələbə tarix fakültəsinə qəbul olacaqsa, buyursun, orada ixtisaslaşmış kafedralar var: Qədim dünya tarixi, Orta əsrlər,  Azərbaycan tarixi, Avropa və Amerika tarixi. Burada ixtisaslaşmaq olarr. Amma bizdə tələbə  hələ fakültəyə girməmiş, ondan bütün dünya tarixinin ən kiçik detallarını soruşurlar. Bu, bir az ədalətsizdir. Mənim ixtiyarım olsaydı, bu məsələdə çox böyük dəyişikliklər edərdim.

İkincisi, indiki test imtahanları bir növ tapmacaya bənzəyir. İndi  imtahanda dörd variant qoyurlar, uşaq dörd variantın birini seçir, bəzən də bilmədən seçdiyi cavab düz çıxır. Bax, yenə deyirəm, test çox böyük bir islahatdır, kasıb uşaqlarının ali məktəbə girməsi üçün rəvac verir, amma təəssüf ki, tələbəni məhdud bir məlumatdan kənara çıxara bilmir.

Bizim dövrümüzün imtahanları isə tamamilə fərqli idi. Mən universitetə sənəd verəndə qəbul imtahanında mənə Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri düşmüşdü. İndiki kimi yayımdadır, "Azərbaycan ədəbiyyatı tarixi" kitabının ikinci cildindən hazırlaşmışdım. Lövhə qarşısında əsəri belə təhlil etdim:

"Müəllif köhnə həyatın tənqidinə həsr etdiyi '"Ölülər" əsərində islam etiqadı və zehniyyəti nəticəsində kütləviləşmiş bir qrup avam və nadan camaatı, o mühitdə fürsət ələ keçirmiş olan, xalqı soymaq üçün hər cür hiyləyə və fırıldağa müraciət edən ruhaniləri tənqid etmişdir".

Bax, bu elmdir. Bu, "Ölülər" əsərinin dərin təhlilidir. Təkcə bu suala, bu  təhlilə görə mənə qəbul imtahanında 5 verdilər. İndiki gənclərə  mənim bu dediyimi de, onlara bir həftə vaxt ver, inanın ki, bunu dərk edib öyrənə bilməyəcəklər.

184493

Əlbəttə, dünyagörüşü, statistika və məlumat əldə etmək cəhətdən indi hər şey daha rahatdır. Biz vaxtilə bir namizədlik və ya doktorluq dissertasiyası yazanda arxivlərdə aylarla oturub bircə sözü, bircə faktı axtarırdıq. İndi nə var ki? Düyməni basırsan, bütün informasiya qarşındadır. Dünyanın hər yerindən məlumat əlçatandır. Yəni zamana uyğun olaraq, təbii ki, bu, təbii bir prosesdir.

Bizim o vaxt keçdiyimiz Sovet təhsili, əslində, fundamental Alman təhsil sistemindən götürülmüşdü. Sadəcə olaraq, sovet ideologiyası ilə həddindən artıq yüklənmişdi. Əgər o sistemi yüklərdən azad edib saxlasaydıq, həmin təhsil modelindən bu gün çox daha böyük uğurlar əldə etmək olardı. İki dövr arasındakı fundamental fərq budur. Mənə elə gəlir ki, sualınızdakı o fərqi tam izah edə bildim...

"Artıq saçları ağarmış tələbələrim məni görən kimi siqareti söndürdülər"

- Müəllim, keçmiş şagirdləriniz və tələbələriniz bu müsahibəni oxusaydılar, onlara elə buradan nə demək istərdiniz?

Salam söyləyərdim tələbələrimə də, şagirdlərimə də... Mən onların hər biri ilə qarşılaşanda, mənə yaxınlaşmasını görəndə...  Bütün bunlardan sadəcə, qürur duyuram. Küçədə, şəhərdə, harada görürlərsə, mütləq mənə yaxınlaşırlar. Bax, mənim var-dövlətim budur.

Bununla bağlı bir epizodu da bölüşüm... Bir dəfə millət vəkillərindən bir-ikisi ilə Heydər məscidinə yasa gedirdik. Orada pilləkənləri qalxanda gördüm yuxarıda iki nəfər dayanıb. Yaxınlaşdıq. Mənim üçün adi bir mənzərə idi. Saç-saqqalları da ağ idi. Məni görən kimi əllərindəki siqareti dərhal yerə atdılar və təbəssümlə mənə tərəf gəldilər. Elə o təbəssümlərindən tanıdım onları, adları da yadımda idi. İndi hüquq-mühafizə sistemində kifayət qədər ciddi, çox böyük vəzifələrdə işləyirlər. Amma o yaşda, o vəzifədə məni görüb o siqareti yerə atanda dedim ki, siz də qocalmısınız, mən də. Artıq o rəsmiyyəti, prosedurları kənara qoyun. Amma onlar  dedilər ki, müəllim, o vaxt siz bizim üçün nə idinizsə, bu gün də həmin insansınız.  İnanın, o sözlərdən sonra sanki mənim yaşımın üstünə yaş gəldi, ürəyimə bir təpər qondu. Elə bildim mənən dünyanın ən böyük var-dövlətini yığdım. Bax, belələrinin hamısına salam söyləyirəm.

Amma vaxtilə oxumaq istəməyən, mənim o tələbkarlığıma, prinsiplərimə qarşı çıxan, azadlığı boğulanlar bəlkə də, o dövrdə məni o qədər də sevməyiblər. Nəyə görə? Çünki uşaq idilər. Amma  böyüyəndən sonra, yəqin ki, onlar da mənim nə istədiyimi yaxşı başa düşüblər. O ki qaldı savadlı, qabiliyyətli uşaqlara  mən onları görəndə , onlar da məni görəndə qarşılıqlı olaraq böyük bir müsbət enerji alırıq. Amma necə olmasından, kimliyindən asılı olmayaraq, bunların hamısı mənim ömür kitabımın səhifələridir. Həyatımın mənalı məqamlarının qəhrəmanları, düşüncələrimin ən çox tuşlandığı ünvanlardır. Ona görə də onlara salam çatdıraraq hər birinə mənalı və sağlam ömür arzu edirəm.

- Həmin şəxslər sizin şagirdlərinizdən idi, yoxsa tələbələrinizdən?

- Tələbələrim idi. Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyurdular. Bu gün də həmin sistemdə işləyirlər. İnanın ki, o vaxta qədər onlarla heç bir əlaqəmiz də yox idi. Amma məscidin pilləkənlərində onların mənə qarşı atdığı o hörmət addımı mənim dünyama bir dünya da gətirdi, çox sevindim.

Bilirsiniz, bu nəyə bənzəyir? "Yeddi oğul istərəm" filmində bir səhnə var, Cəlal gəlir, deyir: "Humay sağdır... Humay sağdır, indi istəyirsən öldür məni". Bax, mən də o an daxilən elə bir hiss keçirdim və dedim ki, nə yaxşı ki, mənim belə tələbələrim var. Yaşlansam da, deməli, həyatımın ləzzəti, mənası hələ də var imiş...

- Fəzail müəllim,  bu gün müəllimlik fəaliyyətinə yeni başlayan gənc həmkarlarınıza təcrübəli bir ustad kimi hansı məsləhətləri verərdiniz?

Bir məsləhət verərdim: Özünə və tədris etdiyi fənnə qiymət versin ki, özü də dəyərli olsun. Dəyər vermək bilirsiniz nə deməkdir? Başqalarından dəyər gözləmək üçün sən, ilk növbədə, özün özünə dəyər verməlisən. Səndə dəyər varsa, o sənindir, deməli, ondan başqalarına da pay verə bilərsən. Amma özündə dəyər yoxdursa, sənin olmayandan necə pay verəsən? Atalar demişkən, barsız ağacdan bar istəməzlər.

Mən tək bir şey deyərdim ki, kim nə işlə məşğul olur olsun, harada işləyir işləsin, öz ləyaqətinə və şəxsiyyətinə dəyər versin. Bu, çəkməçiyə də aiddir, alimə də, prokurora da, deputata da, məmura da... Özünə dəyər verməyi bacaran insan, başqalarının yanında da hər zaman dəyərli olar".

184494

Ukrayna KÜTLƏVİ HÜCUMA başladı - Rusiyada bu yerlər vurulur!
Son xəbərlərDaha çox