Ötən günlərdə Gəncə-Daşkəsən regionu üzrə ali və ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsil işçilərinə TəhsilPlus kartlarının təqdimetmə mərasimləri keçirilib. Belə ki, TəhsilPlus layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirir, onların sosial təminat imkanlarını genişləndirir, əlavə güzəşt və üstünlüklər təqdim edir.
Layihənin Gəncə-Daşkəsən regionunda başlanması qərarı hansı meyarlara əsaslanıb və bu seçim nə ilə əsaslandırılır? TəhsilPlus kartlarının funksional imkanları hazırda hansı səviyyədədir və gələcək mərhələlərdə hansı yeniliklər planlaşdırılır?
Mövzu ilə bağlı AzEdu.az Təhsilin İnkişafı Fonduna sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Təhsilin İnkişafı Fondunun mətbuat katibi Könül Abdulrəşidova qeyd edib ki,TəhsilPlus layihəsinin əsas məqsədi təhsil işçilərinin sosial rifahının dəstəklənməsi, onların müxtəlif xidmət və məhsullara daha əlçatan çıxışının təmin edilməsidir:
"Layihə təhsil işçilərinə təqdim olunan sosial imkanları genişləndirməklə yanaşı, onların peşə fəaliyyətinə verilən ictimai dəyərin daha da artırılmasına xidmət edir. TəhsilPlus kartı vasitəsilə təhsil işçiləri müxtəlif sahələr üzrə tərəfdaş müəssisələrin təqdim etdiyi güzəşt və üstünlüklərdən yararlana bilirlər ki, bu da onların gündəlik xərclərinin optimallaşdırılmasına töhfə verir.
TəhsilPlus kartlarının ölkə üzrə ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilməsi regionun geniş təhsil şəbəkəsinə malik olması, burada fəaliyyət göstərən təhsil işçilərinin sayının yüksək olması və layihənin regional tətbiq imkanlarının qiymətləndirilməsi baxımından məqsədəuyğun hesab edilməsi ilə bağlıdır. Ümumilikdə isə layihənin tətbiqi mərhələli şəkildə həyata keçirilir və növbəti mərhələlərdə digər regionları da əhatə etməsi nəzərdə tutulur. Bu layihə bütün ölkə üzrə fəaliyyət göstərən təhsil işçilərini əhatə edəcək.
TəhsilPlus kartı birbaşa tədris prosesini deyil, təhsil işçilərinin gündəlik həyatını və sosial təminat imkanlarını dəstəkləyən alətdir. Kart vasitəsilə təqdim olunan güzəştlər və üstünlüklər müəllimlərin, akademik və inzibati heyətin müxtəlif xidmətlərdən daha sərfəli şərtlərlə yararlanmasına imkan yaradır. Bu da dolayısı ilə onların motivasiyasının artırılmasına xidmət edir".
Hazırda TəhsilPlus kartı müxtəlif tərəfdaş qurumlar tərəfindən təqdim olunan güzəşt və üstünlüklərdən yararlanmaq imkanı yaradır:
"Layihənin inkişaf mərhələləri çərçivəsində tərəfdaş şəbəkəsinin genişləndirilməsi, yeni xidmət istiqamətlərinin əlavə olunması və istifadəçilər üçün əlavə imkanların formalaşdırılması nəzərdə tutulur. Məqsəd kartı təhsil işçiləri üçün daha faydalı və çoxfunksiyalı platformaya çevirməkdir.
Hər bir genişmiqyaslı layihədə olduğu kimi, TəhsilPlus layihəsinin həyata keçirilməsi zamanı da koordinasiya, tərəfdaşlıq əlaqələrinin qurulması və proseslərin vahid mexanizm üzrə təşkili kimi məsələlər diqqət mərkəzində olub. Bu istiqamətdə aidiyyəti qurumlarla sıx əməkdaşlıq aparılıb, texniki və təşkilati proseslər mərhələli şəkildə tənzimlənib. Nəticədə layihənin tətbiqi üçün zəruri infrastruktur formalaşdırılıb.
İlk təqdimatlardan etibarən təhsil işçilərinin layihəyə marağı və münasibəti müsbətdir. Adaptasiya prosesinin daha rahat təşkili məqsədilə təqdimat tədbirləri keçirilir, istifadə qaydaları barədə məlumatlandırma aparılır və müxtəlif kommunikasiya kanalları vasitəsilə kartın imkanları barədə məlumatlar paylaşılır. Qarşıdakı mərhələlərdə də maarifləndirmə fəaliyyətlərinin davam etdirilməsi nəzərdə tutulur ki, bütün istifadəçilər kartın təqdim etdiyi imkanlardan maksimum səviyyədə faydalana bilsinlər".