Azedu.az

QS 2027 reytinqləri açıqlandı: AzMİU Avropada 92-ci oldu

Ali təhsil

16 Sentyabr 2026, 16:30
QS 2027 reytinqləri açıqlandı: AzMİU Avropada 92-ci oldu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir sıra təhsil proqramları QS Business Master’s Rankings 2027 və QS Global MBA Rankings 2027 beynəlxalq reytinqlərində təmsil olunub. Reytinq nəticələrində AzMİU-nun marketinq, maliyyə, menecment, biznes analitikası, təchizat zəncirinin idarə edilməsi və MBA istiqamətləri üzrə proqramlarının göstəriciləri əks olunub.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Əldə olunan nəticələr proqramların məzunların əmək bazarında rəqabət qabiliyyəti, peşəkar nəticələri, akademik və intellektual potensialı, müxtəliflik və inklüzivlik, gender balansı, eləcə də təhsilə qoyulan investisiyanın iqtisadi səmərəliliyi kimi müxtəlif meyarlar üzrə göstəricilərini əks etdirir.

QS Business Master’s Rankings 2027 biznes sahəsində ixtisaslaşmış magistr proqramlarını qiymətləndirən beynəlxalq reytinqlərdəndir. 2027-ci il buraxılışında dünyanın müxtəlif ölkələrindən 1132 proqram yer alıb.

Reytinq çərçivəsində proqramlar beş əsas istiqamət üzrə qiymətləndirilir:

- məzunların işlə təmin olunması (Employability) – məzunların əmək bazarında rəqabət qabiliyyəti və işə qəbul perspektivləri;

- akademik və intellektual liderlik (Thought Leadership) – proqramın akademik və tədqiqat potensialı;

- təhsilin iqtisadi səmərəliliyi (Value for Money) – təhsilə çəkilən xərclərin iqtisadi səmərəliliyi və investisiyanın geri dönüşü;

- məzunların peşəkar nəticələri (Alumni Outcomes) – məzunların karyera inkişafı və peşəkar fəaliyyət nəticələri;

- müxtəliflik və inklüzivlik (Diversity) – gender balansı və beynəlxalq müxtəliflik daxil olmaqla təhsil mühitinin inklüzivliyi.

Bununla yanaşı, MBA proqramları QS tərəfindən ayrıca QS Global MBA Rankings 2027 çərçivəsində qiymətləndirilir. 2027-ci il reytinqində 73 ölkə və 400-dən çox MBA proqramı təmsil olunub.

AzMİU-nun Logistika və təchizat zəncirinin idarə edilməsi (Master's in Supply Chain Management) proqramı dünya üzrə 101+ kateqoriyasında yer alıb.

Proqramın diqqətçəkən xüsusiyyətlərindən biri beş əsas QS qiymətləndirmə istiqamətinin hər biri üzrə 101+ kateqoriyasında qərarlaşmasıdır. Bu nəticə proqramın Business Master’s proqramları arasında balanslaşdırılmış göstəricilər nümayiş etdirdiyini göstərir.

Proqram üzrə ən yüksək fərdi nəticə Elmi dərəcəsi PhD olan əməkdaşların nisbəti (Staff with PhD) göstəricisində qeydə alınıb – 100/100 bal. Müxtəliflik və inklüzivlik (Diversity) göstəricisi üzrə isə proqram 100 baldan 50,2 bal toplayıb.

Biznes analitikası (Master's in Business Analytics) proqramı dünya üzrə 201+ kateqoriyasında qərarlaşıb.

Proqramın ən güclü istiqaməti Müxtəliflik və inklüzivlik (Diversity) olub və bu göstərici üzrə dünya üzrə 151–200-cü yerlər arasında sıralanıb.

Bundan əlavə, proqram Məşğulluq (Employability), Təhsilin iqtisadi səmərəliliyi (Value for Money), Məzunların peşəkar nəticələri (Alumni Outcomes) və Fikir liderliyi (Thought Leadership) göstəricilərinin hər biri üzrə 201+ kateqoriyasında yer alıb.

Fərdi göstəricilər arasında ən yüksək nəticə Tələbələrin gender nisbəti (Student Gender Ratio) üzrə qeydə alınıb – 100 baldan 61,4 bal. Professor-müəllim heyətinin gender nisbəti (Faculty Gender Ratio) üzrə 100 baldan 54,1 bal, Elmi dərəcəsi PhD olan əməkdaşların nisbəti (Staff with PhD) üzrə 100 baldan 57,2 bal, Təhsilə qoyulan investisiyanın geri dönüş müddəti (Payback Month) üzrə isə 100 baldan 75,6 bal nəticə əldə edilib.

Maliyyə (Master's in Finance) proqramı qlobal 201+ kateqoriyasında qərarlaşıb.

Proqramın ən güclü istiqaməti Müxtəliflik və inklüzivlik (Diversity) olub. Bu göstərici üzrə proqram 100 baldan 59,5 bal nəticə göstərərək dünya üzrə 141–150-ci yerlər arasında sıralanıb.

Bundan əlavə, proqram Tələbələrin gender nisbəti (Student Gender Ratio) göstəricisi üzrə mümkün olan maksimum nəticəyə – 100/100 bala – nail olub.

Menecment (Master's in Management) proqramı dünya üzrə 201+ kateqoriyasına daxil olub.

Proqramın ən güclü göstəricisi Professor-müəllim heyətinin gender nisbəti (Faculty Gender Ratio) üzrə qeydə alınıb – 100/100 bal. Bununla yanaşı, Təhsilə qoyulan investisiyanın geri dönüş müddəti (Payback Month) göstəricisi üzrə proqram 100 baldan 49,5 bal nəticə əldə edib.

QS tərəfindən qiymətləndirilən beş əsas istiqamətin hər biri üzrə proqram 201+ kateqoriyasında yer alıb.

Marketinq (Master's in Marketing) proqramı dünya üzrə 201+ kateqoriyasında yer alıb.

Proqram Məzunların işlə təmin olunması (Employability) və Məzunların peşəkar nəticələri (Alumni Outcomes) istiqamətləri üzrə 151–200 aralığında qərarlaşıb.

Proqramın ən güclü istiqaməti Müxtəliflik və inklüzivlik (Diversity) olub və dünya üzrə 201+ kateqoriyasında yer alıb. Ayrı-ayrı göstəricilər üzrə Professor-müəllim heyətinin gender nisbəti (Faculty Gender Ratio) göstəricisində 100 baldan 85,5 bal nəticə əldə edilib.

AzMİU-nun Beynəlxalq MBA (Global MBA) proqramı dünya üzrə 301+ kateqoriyasında yer alıb.

Proqram Məzunların peşəkar nəticələri (Alumni Outcomes), Müxtəliflik və inklüzivlik (Diversity) və Məzunların işlə təmin olunması (Employability) istiqamətləri üzrə 201–250 aralığında qərarlaşıb.

Avropa üzrə reytinqdə isə bu proqram 113 proqram arasında 92-ci yeri tutub. Eyni zamanda, proqram Məzunların peşəkar nəticələri (Alumni Outcomes) üzrə 65-ci, Məzunların işlə təmin olunması (Employability) üzrə 71-ci, Müxtəliflik və inklüzivlik (Diversity) üzrə isə 83-cü yerdə qərarlaşıb.

Ayrı-ayrı göstəricilər üzrə proqram Məşğulluq səviyyəsi (Employment Rate) və Tələbələrin gender nisbəti (Student Gender Ratio) sahələrində maksimum nəticə – 100/100 bal, Professor-müəllim heyətinin gender nisbəti (Faculty Gender Ratio) üzrə 100 baldan 93,8 bal, Sahibkarlıq (Entrepreneurship) üzrə isə 100 baldan 90,7 bal əldə edib.

Müxtəliflik və inklüzivlik (Diversity) Global MBA proqramının diqqətçəkən göstəricilərindən biri olub. Bu göstərici üzrə proqram 100 baldan 61,5 bal toplayıb və nəticə QS-in bu kateqoriya üzrə qlobal orta göstəricisini – 60,1 balı üstələyib.

Beləliklə, QS Business Master’s Rankings 2027 və QS Global MBA Rankings 2027 nəticələri AzMİU-nun altı təhsil proqramının beynəlxalq reytinqlərdə təmsil olunduğunu göstərir. Nəticələr universitetin biznes və idarəetmə istiqamətində təqdim etdiyi proqramların müxtəlif beynəlxalq qiymətləndirmə meyarları üzrə göstəricilərini nümayiş etdirir.

Reytinq nəticələrində məzunların işlə təmini, məzunların peşəkar nəticələri, müxtəliflik və inklüzivlik, professor-müəllim heyətinin akademik kvalifikasiyası, gender balansı, sahibkarlıq potensialı və təhsilin iqtisadi səmərəliliyi kimi istiqamətlər üzrə əldə olunan göstəricilər əks olunub.

Qeyd edək ki, bu nəticələr AzMİU-nun təhsil proqramlarının beynəlxalq qiymətləndirmə meyarlarına uyğunluğu və universitetin qlobal təhsil məkanında beynəlxalq çəkisinin artırılması istiqamətində həyata keçirilən fəaliyyətin göstəricisidir.

 

Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?
Son xəbərlərDaha çox