Azedu.az

Şagird sayı azalır, müəllim çatışmazlığı qalır: Təhsili qarşıda nə gözləyir? 

Elm və təhsil

16 Sentyabr 2026, 15:34
Şagird sayı azalır, müəllim çatışmazlığı qalır: Təhsili qarşıda nə gözləyir? 

Son statistik məlumatlar göstərir ki, son 10 ildə Azərbaycanda birinci sinfə qəbul olunan uşaqların sayı təxminən 40 min nəfər (24,4%) azalıb. Belə ki, 2026-2027-ci tədris ili üzrə birinci sinfə 124 mindən çox uşaq qəbul olunduğu halda, əvvəlki illərdə bu göstərici daha yüksək olub. Məsələn, 2023-2024-cü tədris ilində birinci sinfə qəbul olunanların sayı 137 min 100 nəfər təşkil edib.

Maraqlıdır, demoqrafik göstəricilərdə müşahidə olunan bu dəyişiklik təhsil sisteminin gələcəyinə necə təsir edə bilər? 

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb. 

Şagirdlər dilə yalnız “imtahan predmeti” kimi yanaşmamalıdırlar  - Günay Əkbərova

Şagird sayı azalsa belə, müəllim çatışmazlığı yenə də qalacaq:

“Məncə, bu rəqəmlərə sadəcə “birinci sinfə gedən uşaqların sayı azalıb” kimi baxmaq doğru olmaz. Bu, əslində, qarşıdakı 10-15 ildə təhsil sisteminin planlaşdırılmasına təsir göstərə biləcək demoqrafik dəyişiklikdir. Hazırda 2026-2027-ci tədris ili üzrə birinci sinfə 124 mindən çox uşağın qəbul olunduğu bildirilir. Eyni zamanda Dövlət Statistika Komitəsinin məlumatlarında da doğum göstəricilərində azalma görünür. Məsələn, 2026-cı ilin ilk yarısında hər 1000 nəfərə düşən doğum sayı əvvəlki ilin eyni dövründəki 9,0-dan 8,0-a enib. Yəni söhbət təkcə bir ilin məktəb qəbulundan deyil, daha geniş demoqrafik tendensiyadan gedir.

Təbii ki, şagird sayının azalması sabahdan müəllimlərin sayının kəskin şəkildə azaldılması demək deyil. Burada bölgələr üzrə vəziyyət, siniflərin komplektləşdirilməsi, müəllimlərin yaş strukturu, ayrı-ayrı fənlər üzrə ehtiyac və məktəblərin yerləşməsi kimi çoxlu amillər var. Hətta şagird sayı ümumilikdə azaldığı halda müəyyən rayonlarda və ya müəyyən fənlər üzrə müəllim çatışmazlığı yenə də qala bilər.

Dünya təcrübəsində də bunu görürük. OECD-nin araşdırmalarında qeyd olunur ki, şagird sayı azalan ölkələrdə təhsil sistemləri müəllim tələbatını, məktəb şəbəkəsini və infrastrukturu yenidən planlaşdırmalı olur. Xüsusilə əhalisi azalan kənd və ucqar ərazilərdə azsaylı məktəblərin fəaliyyəti, onların birləşdirilməsi və ya resursların daha səmərəli bölüşdürülməsi gündəmə gəlir. Məsələn, OECD Polşada şagird sayının azalması fonunda gələcək müəllim tələbatının da azalmasının gözlənildiyini qeyd edir. Digər tərəfdən, bir çox ölkə bu vəziyyəti yalnız qənaət məsələsi kimi deyil, siniflərdə şagird sayını azaltmaq, müəllimə düşən yükü optimallaşdırmaq və təhsilin keyfiyyətini artırmaq üçün fürsət kimi də qiymətləndirir”.

Demoqrafik azalma təhsildə imkanların daraldılması deyil, keyfiyyət üçün yeni fürsət ola bilər:

“Məncə, Azərbaycan üçün də əsas məsələ məhz budur: demoqrafik azalma avtomatik olaraq təhsil imkanlarının daraldılması kimi qəbul edilməməlidir. Əksinə, daha az şagird olan şəraitdə fərdi yanaşmanı gücləndirmək, müəllim-şagird nisbətini yaxşılaşdırmaq, məktəblərin maddi bazasını və müəllimlərin peşəkar inkişafını gücləndirmək mümkündür. Yəni düzgün planlaşdırılarsa, demoqrafik dəyişiklik müəyyən mənada keyfiyyət üçün yeni imkan da yarada bilər.

Ali təhsilə təsir isə daha gec hiss olunacaq. Bu gün birinci sinfə başlayan uşaqlar təxminən 2037-ci ildə ali məktəbə qəbul yaşına çatacaqlar. Əgər doğum və şagird sayındakı azalma davamlı xarakter alarsa, həmin dövrdə ali təhsil üçün potensial abituriyent bazası da kiçilə bilər. Bu isə xüsusilə tələbatın onsuz da aşağı olduğu bəzi ixtisaslarda plan yerlərinin doldurulmasına təsir göstərə bilər. UNESCO da bir sıra ölkələrdə gənc əhalinin azalmasının ali təhsilə potensial tələbə sayına təsir edən amillərdən biri olduğunu qeyd edir.

Amma mən bunu yalnız mənfi proses kimi qiymətləndirməzdim. Belə dəyişikliklər bizə indidən daha dəqiq proqnozlaşdırma aparmağa imkan verir. Hansı bölgədə neçə məktəbə, neçə müəllimə, hansı ixtisaslar üzrə kadra ehtiyac olacağını əvvəlcədən hesablamaq mümkündür. Əsas məsələ odur ki, təhsil siyasəti demoqrafik göstəriciləri bir neçə il geridən izləməsin, əksinə, 10-15 il qabağı görərək planlaşdırsın. Çünki bu gün doğulan uşaqların sayı əslində gələcəyin məktəb, müəllim və universitet xəritəsini müəyyənləşdirir”.

Rusiya Paşinyana OD PÜSKÜRDÜ: Onu lənətləməliyik!
Son xəbərlərDaha çox