Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
AzEdu.az DİM sədri Məleykə Abbaszadənin Bilik Günü ilə bağlı rəsmi feysbuk hesabında paylaşdığı təbrik mesajını diqqətinizə çatdırır.
"15 Sentyabr - Bilik Günü və yeni tədris ilinin başlanması münasibətilə bütün tələbə və şagirdləri, müəllimləri, həmçinin valideynləri təbrik edirəm.
Əziz, şagirdlər! Hər birinizə çalışmaq və öyrənmək həvəsi, dərslərinizdə uğurlar, qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün əzm və inam arzulayıram.
Əziz, tələbələr! Universitet illəri yalnız yeni biliklər əldə etmək deyil, həm də dünyagörüşünüzü genişləndirmək, öz potensialınızı kəşf etmək, yeni dostluqlar və dəyərli təcrübələr qazanmaq üçün mühüm bir mərhələdir. İndi qarşınızda gələcəyinizə doğru inamla addımlamaq yeni bir səhifə açılır.
Unutmayın ki, müasir dünyada uğur yalnız çox bilməkdən deyil, öyrənməyi bacarmaqdan, dəyişikliklərə uyğunlaşmaqdan, yaradıcı düşünməkdən və əldə etdiyiniz bilikləri faydalı nəticələrə çevirməkdən keçir.
Universitet illərini yalnız imtahanlardan uğurla keçmək üçün deyil, özünüzü gələcəyə hazırlamaq üçün dəyərləndirin.
Sual verməkdən, yeni şeylər sınamaqdan, səhvlərdən nəticə çıxarmaqdan və qarşınıza çıxan imkanlardan istifadə etməkdən çəkinməyin.
Arzu edirəm ki, yeni tədris ili hər biriniz üçün maraqlı təcrübələrin və mühüm uğurların başlanğıcı olsun. Seçdiyiniz yolda inamla irəliləyin, potensialınıza güvənin və gələcəyinizi qurmaq üçün bu gün sahib olduğunuz imkanlardan maksimum yararlanın.
Hər birinizə təhsil yolunuzda böyük nailiyyətlər və uğurlar arzulayıram. Yeni tədris iliniz mübarək!"