Hazırda 2326 nəfər zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron müraciət edib. İndiyə qədər 1224 namizədin müraciəti təsdiq edilib. Müraciəti təsdiq edilən namizədlər üçün 1 oktyabr 2026-cı il tarixindən etibarən müsahibə mərhələsi başlanır. Namizəd sistem vasitəsilə müsahibə mərhələsi üçün ona təqdim edilən vaxtlardan özünə uyğun vaxtı seçməlidir.
AzEdu.az xəbər verir ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir.
Sertifikat almaq üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalı;
- Ali təhsilli olmalı və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalı;
- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməli (təhsil ixtisasları, humanitar və sosial ixtisaslar, iqtisadiyyat və idarəetmə ixtisasları və təbiət ixtisasları qrupları üzrə magistr elmi-ixtisas dərəcəsi əldə edən və ya dövlət qulluğu sertifikatı olan və ya pedaqoji profilli ixtisaslar üzrə bakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);
- Yaşı 22- 45 arası olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Məhkumluğu olmamalı.
Şəxsin sertifikatlaşdırmada iştirakı onun fərdi elektron müraciəti əsasında həyata keçirilir. Namizəd elektron müraciət etdikdən sonra təqdim olunan sənədlərin tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılır. Sənədlər tələblərə uyğundursa, təsdiq, sənədlər tələblərə uyğun deyilsə, imtina olaraq münasibət bildirilir. Bu barədə bildiriş namizədin mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Müraciət təsdiq edildikdə növbə ilə müsahibəyə qeydiyyatla bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə “sms” göndərilir. Həmin namizədlər elektron anketə daxil olaraq özünə uyğun olan müsahibə günü və vaxtını seçirlər. Müsahibəyə dəvət edilən namizəd ona təqdim olunmuş müsahibə günü və vaxtı ilə bağlı seçim etmədikdə bu onun zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirak etməkdən imtina etməsi kimi qiymətləndirilir. Namizədlər aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:
Namizədin təhsil haqqında sənədləri və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır.
Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Nəticə məqbul və ya qeyri-məqbul olaraq qiymətləndirilir. Namizəd müsahibəyə gəlmədikdə bu, onun sertifikatlaşdırma prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər.
Müsahibələr DİM-in inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılır.
Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] poçt ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.