Azedu.az

DİM-dən mühüm mesaj: "Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"

Dövlət İmtahan Mərkəzi

10 Sentyabr 2026, 17:12
DİM-dən mühüm mesaj: "Bərabərlik hər kəsə eyni şeyi vermək deyil"

"İmtahanlar zamanı sağlamlıq imkanları məhdud şəxslərin bilik və bacarıqlarını bərabər şərtlərlə nümayiş etdirə bilməsi üçün onların fərdi ehtiyaclarına uyğun xüsusi şərait yaradılır".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə feysbuk hesabında qeyd edib.

DİM sədri bildirib ki, imtahan iştirakçılarının sağlamlıq imkanları onların bilik və bacarıqlarını nümayiş etdirməsinə mane olmamalıdır:

“Bəzən bunun üçün imtahan zalını dəyişmək lazımdır, bəzən əlavə vaxt vermək. Bəzən sualları oxuyan və cavabları qeyd edən xüsusi təlim keçmiş nəzarətçi ayırmaq, bəzən isə surdoköməkçi cəlb etmək, dinləmə tapşırıqlarını digər tapşırıqlarla əvəz etmək, xüsusi stol-stul hazırlamaq və ya iştirakçının zəruri tibbi cihazla imtahana daxil olmasına şərait yaratmaq.

Çünki bərabərlik hər kəsə eyni şeyi vermək deyil. Bu, hər kəsin öz biliyini bərabər şərtlərlə nümayiş etdirə bilməsi üçün ehtiyac duyduğu şəraiti yaratmaqdır. Bu yanaşma imtahanların təşkili prosesində uzun illərdir tətbiq olunur. 2016-cı ildə sağlamlıq imkanları məhdud və ya inklüziv təhsil alan 132 iştirakçı üçün xüsusi imtahan şəraiti yaradılıbsa, 2026-cı ildə bu rəqəm 929 nəfərə çatıb".

O qeyd edib ki, təkcə 2026-cı ildə 505 nəfər DİM-ə öncədən müraciət edərək ehtiyacına uyğun xüsusi imtahan şəraitinin yaradılmasını xahiş edib. Bundan əlavə, ixtisaslaşmış xüsusi internat məktəblərinin buraxılış siniflərində təhsil alan 274 şagird üçün imtahan onların təhsil aldıqları müəssisələrdə zəruri şərait yaradılmaqla təşkil edilib.

Məleykə Abbaszadə vurğulayıb ki, imtahan iştirakçılarının ehtiyacları fərqli olduğundan onlar üçün yaradılan şərait də fərdi qaydada müəyyənləşdirilir:

“2026-cı ildə müraciət edənlər arasında görmə və eşitmə məhdudiyyəti olan şəxslər, serebral iflic, autizm və epilepsiya spektrində olan iştirakçılar, əlil arabasından istifadə edənlər, yuxarı və aşağı ətraflarında məhdudiyyət olanlar, şəkərli diabet və digər xəstəliklərlə yaşayan şəxslər olub.

Görmə məhdudiyyəti olan iştirakçı üçün xüsusi təlim keçmiş nəzarətçi ayrılır, I qrup gözdən əlil şəxslərə əlavə vaxt verilir və vizual tapşırıqlar onların imkanlarına uyğunlaşdırılır. Eşitmə pozuntusu olan iştirakçı üçün zərurət olduqda surdoköməkçi ayrılır və xarici dil üzrə dinləmə mətnləri yazılı tapşırıqlarla əvəz olunur. Hərəkət məhdudiyyəti olan şəxslər üçün uyğun bina, mərtəbə və xüsusi stol-stul seçilir. Zəruri hallarda eşitmə cihazı, lupa, şəkər pompası və digər tibbi vasitələrdən istifadəyə də şərait yaradılır”.

DİM sədrinin sözlərinə görə, imtahan nəticəsi hər kəs üçün eyni meyarlarla müəyyənləşir:

“Biz isə həmin nəticəyə gedən yolda heç kimin qarşısında maneə qalmamasına çalışırıq”.

Azərbaycanlıların olduğu gəmiyə hücum: Ö*lənlər və yaralılar var
Son xəbərlərDaha çox