Azedu.az

Alimləri təəccübləndirən planet: Ulduzuna qarşı hərəkət edir

Maraqlı

23 Sentyabr 2026, 14:03
Alimləri təəccübləndirən planet: Ulduzuna qarşı hərəkət edir

Yer kürəsindən 73 işıq ili uzaqlıqda yerləşən GJ 3090 b adlı ekzoplanetin ev sahibi ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət etdiyi müəyyən olunub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, alimlər planetin orbitinin ulduzun ekvator müstəvisi ilə 136 dərəcəlik bucaq yaratdığını aşkar ediblər.

Mütəxəssislərin sözlərinə görə, planetlər adətən formalaşdıqları qaz və toz disklərinin təsiri ilə ulduzları ilə eyni istiqamətdə hərəkət edir. Buna görə də belə böyük orbit uyğunsuzluqlarına nadir hallarda rast gəlinir.

GJ 3090 b Yer kürəsindən təxminən 2,2 dəfə böyük radiusa və 4,5 dəfə artıq kütləyə malik alt-Neptun tipli ekzoplanetdir. 2022-ci ildə kəşf edilən bu səma cisminin qeyri-adi hərəkəti La Silla Rəsədxanasında yerləşən NIRPS cihazı ilə aparılan dəqiq müşahidələr nəticəsində təsdiqlənib.

Araşdırma müəllifləri bildirirlər ki, indiyədək orbit meyilliyi bu qədər yüksək olan cəmi beş planet sistemi məlumdur. Lakin GJ 3090 b-ni fərqləndirən əsas xüsusiyyət onun sistemində orbiti bu dərəcədə dəyişdirə biləcək nəhəng planet və ya qəhvəyi cırtdanın olmamasıdır.

Alimlər bu sirli vəziyyəti izah etmək üçün yeni ehtimal irəli sürüblər. Onların fikrincə, ulduz keçmişdə xaricdən gələn və öz hərəkət istiqaməti ilə seçilən ikinci bir disk materialını udmuş ola bilər. Planetin də həmin disk daxilində formalaşdığı ehtimal edilir.

“Astronomy & Astrophysics” jurnalında dərc olunan tədqiqat ekzoplanet sistemlərinin yaranma mexanizmləri ilə bağlı mövcud nəzəriyyələrin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox