“Hər bir müəllim bizim üçün doğma və əzizdir. Məhz bu amili nəzərə alaraq bildiririk ki, sertifikatlaşdırmada daha uğurlu nəticələr əldə etmək üçün müəllimlərin istər psixoloji, istərsə də fənn və metodiki hazırlığı daha yüksək səviyyəyə çatmalıdır".
Bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib.
O, qeyd edib ki, zatən mövcud qaydalara əsasən, müəllim fəaliyyət göstərdiyi dövrdə sertifikatlaşdırmadan cəmi iki dəfə keçir. Misal üçün, 2021–2026-cı illər aralığında imtahandan uğurla keçib yüksək bal toplamısınızsa, növbəti dəfə yalnız 5 ildən sonra müraciət edirsiniz. Ondan sonrakı mərhələlərdən isə artıq azadsınız. Yəni minlərlə müəllimimiz üçün cəmi bir sikl qalıb ki, bu da yanaşmanın nə qədər hümanist olduğunu göstərir.
Bir tədqiqatçı kimi dünyanın ən azı 15–20 ölkəsində (ABŞ, Ukrayna, Qazaxıstan, Almaniya və s.) sertifikatlaşdırma təcrübəsini araşdırmışıq. Bəzi ölkələrdə elə sərt qaydalar var ki, onların bir qismini burada tətbiq etsək, çoxları narazı qalar. Bizdə isə həqiqətən yumşaq və güzəştli münasibət var.
Növbəti mərhələdə də prosesin həddindən artıq mürəkkəbləşəcəyini düşünmürəm. Müəyyən dərəcədə yeniliklər ola bilər, bu da yalnız sualların tərtibatı və formatında özünü göstərəcək. Qaydalar baxımından müəllimlərə əlavə yükün yaradılacağını güman etmirəm.