Azedu.az

“Hər kəs bu qərarıma təəccüblənir” - 649 balla müəllimliyi seçən AYNURAN

AzEdu Təhsil Platforması

30 Sentyabr 2026, 11:24
“Hər kəs bu qərarıma təəccüblənir” - 649 balla müəllimliyi seçən AYNURAN

Qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərdən biri də Abbasova Aynurandır.

O, imtahanından 649,4 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olub. O, ətrafındakıların "Niyə bu balla bura?" suallarına baxmayaraq, ailəsinin məsləhəti ilə bu addımı atıb.

Bu münasibətlə AzEdu.az Aynuran ilə əlaqə saxlayıb.

Həmsöhbətimiz bildirib ki, hər kəs "Bu qədər yüksək balla niyə məhz müəllimlik və niyə region?" sualını verir:

"Ağcabədi şəhər 7 nömrəli tam orta məktəbin məzunuyam. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə ali təhsil alıram.

Bu ixtisası və ali məktəbi seçməyim, ilk növbədə, valideynlərimin məsləhəti və istəyi ilə olub. Onlar evimizdə qalmağımı, gediş-gəlişin daha rahat olacağını nəzərə alaraq buranı məsləhət bildilər. Müəllimlik doğrusu gözəl peşədir, insanlara nəsə öyrətmək, şagirdlər və valideynlərlə xoş münasibət qurmaq insanı qürurlandırır. 

Ancaq mənim öz böyük arzum Bakı Ali Neft Məktəbində (BANM) kompüter elmləri üzrə təhsil almaq idi. İxtisas seçimi zamanı yalnız riyaziyyat və informatika müəllimliyi ixtisasını yazmışdım.

Onsuz da balım yüksək olduğu üçün qəbul olacağımdan əmin idim. Ötən illərin keçid balları ilə müqayisə edirdim və bilirdim ki, ballar qalxsa belə düşəcəyəm. Ona görə də yalnız  buranı yazdım və nəticələri heç bir həyəcan keçirmədən gözlədim.

Qrupumuzda Bakıdan gələn tələbə yoxdur, amma Bərdədən, Sabirabaddan, hətta Laçından olan yoldaşlarımız var. Hər kəs "Bu qədər yüksək balla niyə məhz müəllimlik və niyə bura?" sualını verir. Mən də həmişə bu seçimin valideynlərimin istəyi olduğunu bildirirəm".

Gələcəkdə öz üzərimdə işləyib təkmilləşərək Qarabağ Universitetində dərs demək də istərdim:

"Gələcək planlarıma gəlincə, magistraturada mütləq kompüter elmləri üzrə oxumaq istəyirəm. Şansım olsa, fəaliyyətimi bu sahədə davam etdirəcəyəm. Bəzən insan davamlı dərs oxumaqdan, bu gərginlikdən yorulur.  Ona görə də gələcək həyatımı müəllimliklə yanaşı, başqa ixtisas üzrə də qurmağı hədəfləyirəm.

İş fəaliyyətinə gəldikdə, Qarabağda çalışmaq istərdim. Orada yeni məktəblərin açılmasına, təhsilin inkişafına töhfə vermək, yeniliklərin canlı şahidi olmaq mənim üçün çox xoş olar. Hətta gələcəkdə öz üzərimdə işləyib təkmilləşərək Qarabağ Universitetində dərs deməyi də istərdim.

Uğurun təməli ibtidai siniflərdən qoyulur. Aşağı siniflərdən yaxşı oxumaq çox vacibdir və mən bunun faydasını şəxsi təcrübəmdə görmüşəm. Hazırlıq kursları mənə çox şey qazandırsa da, əsas baza düzgün qoyulmuş ibtidai təhsildir". 

Telefon həqiqətən abituriyneti məhv edir:

"Abituriyentlərə tövsiyəm öncə öz potensiallarının fərqinə varsınlar. Bəlkə şablon kimi çıxacaq, amma telefon həqiqətən vaxtı və abituriyneti məhv edir. Əlbəttə, telefondan yaxşı məqsədlər üçün də istifadə etmək olur. Məsələn, mənim ingilis dilindən dinləməm çox zəif idi. Süni intellektdən bunu necə inkişaf etdirə biləcəyimi soruşdum. Mətn formasında mənə çıxardırdı, mən də qulaq asırdım, eşidirdim ki, orada nələrdən bəhs olunur. Mənim dinləmə ortalamam 3-4  idi, amma buraxılışda 5 dənəsini yazdım. Yəni telefonun düzgün istifadə sayəsində özünüzü inkişaf etdirə bilərsiniz. Və sosial şəbəkələr həqiqətən insanı dərsdən yayındırır.  Sonra deyirlər ki, "Vaxtım qalmadı, planlaşdıra bilmədim". Ona görə məncə, oxuduğunuz müddətdə sosial şəbəkələrdən bir az uzaq durmaq lazımdır.

Mənim öz telefonum var idi. Valideynlərim oxuduğum müddətdə dərslərimə mane olmasın deyə onu kənara qoydular. Qruplarda dərslə bağlı vacib mesajlar olurdu, anamın telefonundan baxırdım. Şəxsi telefonumla yalnız süni intellektdən istifadə etmək üçün istifadə edirdim.

Özünüzə vaxt ayırın, məsələn, "Gündə maksimum 1 saat baxa bilərəm" deyə limit qoyun. Dərsləriniz haqqında olsun və ya başqa mövzuda, 1 saatdan artıq baxmağı tövsiyə etmirəm. Düzdür, sosial həyatınız da olmalıdır, dostlarınızla əylənməlisiniz. Çünki yalnız dərsə qapananda bu insanın sağlamlığına da zərər verir. Dərs çalışmaqla bərabər sağlamlığınıza da çox fikir verin. Yaddaşınızı artıracaq qidalar qəbul edin, çünki zehin açıqlığı imtahanda çox vacibdir. Bir də mənim vazkeçilməz vərdişim dua etməkdir. Mən daim dua edirdim. Bəziləri inanmaya bilər, amma mən buna çox inanıram".

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox