Xəzər Universitetində diplom almaq üçün tələbələrin həm ümumi orta qiymətinin, həm də ixtisas fənləri üzrə orta qiymətinin (GPA) 70-dən aşağı olmaması tələb olunur.
Bu tələbələrə orta göstəricilərini 70-ə çatdırdıqdan sonra diplom almaq imkanı yaradılır.
Maraqlıdır, bu qaydanın bütün universitetlərdə tətbiq edilməsi məqsədəuyğun olarmı?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, 50 və ya 60 bal universiteti bitirmək üçün kifayət etməməlidir, yarım biliklə peşəkar olmaq mümkün deyil:

“Universiteti bitirmək, ümumiyyətlə, asan olmamalıdır. Bunu bütün təhsil xadimləri də deyir: universitetlərin giriş qapısı geniş, çıxış qapısı isə dar olmalıdır. Yəni universitetə qəbul olmaq asan olmalıdır, amma universitetdən asanlıqla məzun olmaq mümkün olmamalıdır.
Xəzər Universiteti də buna görə daha əvvəldən keçid balını 70 müəyyənləşdirib. Keçid balının olması tələbələrin daha məsuliyyətli çalışmasına, daha çox oxumasına və dərslərinə ciddi yanaşmasına səbəb olur. Nəticədə universitetdə dərsə hazırlaşmaq, fənlərdən kəsilməmək və təhsilə ciddi yanaşmaq mədəniyyəti formalaşıb.
Əgər universitetdə keçid balı 50-dirsə, deməli, tələbənin bilməli olduğu biliyin yarısını bilməsi kifayət edir. Bəs görəsən, yarım biliklə bir işi yekunlaşdırmaq, tamamlamaq olarmı? Yarım biliklə həkim olmaq olarmı? Yarım biliklə mühəndis, memar olmaq mümkündürmü?
Ona görə də mən düşünürəm ki, universitetdə keçid balının 50 və ya 60 olması yaxşı hal deyil, əksinə, kədərli bir vəziyyətdir. Çünki yalnız 70 və daha yuxarı bal toplayan tələbənin həmin sahə üzrə kifayət qədər məlumat və biliyə, savada malik olduğunu düşünmək olar ki, gələcəkdə üzərinə düşən işi layiqincə yekunlaşdıra və tamamlaya bilsin. Yarım biliklə peşəkar olmaq, hər hansı bir peşəyə sahib olmaq mümkündürmü? Sual altındadır”.
Biz tələbəni sırf vaxtında məzun etmək üçün çalışmamalıyıq. Əsas məsələ tələbənin 4 ilə məzun olması deyil, həqiqətən öyrənərək məzun olmasıdır:
“Xəzər Universitetinin bu praktikası çox önəmli, qabaqcıl və nümunəvi praktikadır. Çünki insan öz ixtisasını həqiqətən yaxşı bilməlidir. Bunun üçün isə 70 bal çox minimal bir hədd olmalıdır. 70 baldan aşağı nəticə isə qəbuledilməz hal kimi qiymətləndirilməlidir.
Bu yanaşma tələbələrin təhsilə daha məsuliyyətli yanaşmasına və akademik nəticələrini yaxşılaşdırmasına təsir göstərə bilər. Tələbə daha ciddi çalışacaq, daha çox dərs oxuyacaq. Lazım gəlsə, fəndən kəsiləcək, həmin fənni yenidən götürəcək və tələbi yerinə yetirəcək.
Biz tələbəni sırf vaxtında məzun etmək üçün çalışmamalıyıq. Məqsəd o olmamalıdır ki, tələbə universitetə daxil olduğu tarixdən 4 il sonra mütləq məzun olsun. Əgər tələbə fənni keçə bilmirsə, həmin fənni yenidən götürsün. Əsas məsələ tələbənin vaxtında deyil, həqiqətən öyrənərək məzun olmasıdır”.