Azedu.az

Prezident təqaüdçüsü: “Zərərli vərdişləri olanların nəticələri zəif olur”

Ali təhsil

15 Oktyabr 2026, 11:34
Prezident təqaüdçüsü: “Zərərli vərdişləri olanların nəticələri zəif olur”

Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsidir.

Onlardan biri də BANM-in İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbəsi Məhəmməd Bayramzadədir.

O, ali təhsil müəssisələrinə qəbul imtahanından 684,3 bal toplayıb.

AzEdu.az Məhəmməd Bayramzadə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.

Ən böyük hədəfim BANM-də Prezident təqaüdçüsü olmaq idi:

"I qrupda 36 nəfərin 680-dən çox bal topladığını nəzərə alsaq, 684 balla Prezident təqaüdünə düşməməyim də mümkün idi. Prezident təqaüdünə layiq görüldüyümü öyrənəndə əziyyətimin boşa getmədiyinə sevindim. Çünki ən böyük hədəfim BANM-də prezident təqaüdçüsü olmaq idi. Eyni zamanda, informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almaq da arzularımdan biri idi.

Universitet həyatına uyğunlaşmaq mənim üçün nisbətən çətindir. Çünki universitetə gəlmək üçün hər gün təxminən iki saatımı yola sərf edirəm və bu da dərslərə başlayanda özümü yorğun hiss etməyimə səbəb olur. Buna baxmayaraq, düşünürəm ki, zamanla bu çətinliyin də öhdəsindən gələcəm və universitet həyatına daha yaxşı uyğunlaşacam.

Karyera qurmaq isə BANM sayəsində daha asandır. Çünki burada artıq IV, V kursdan etibarən işləməyə başlayırıq və təhsil aldığımız müddətdə real iş təcrübəsi qazanmaq imkanı əldə edirik. Beləliklə, V kursu bitirib əmək fəaliyyətinə tam şəkildə başladıqda, artıq şirkət mühitinə yad olmuruq, əksinə, bu mühitdə müəyyən təcrübə qazanmış oluruq. Təhsil illərində topladığımız bilik və təcrübə sayəsində həm yüksək maaşlı işlərə daha rahat qəbul oluna, həm də iş mühitinə və qarşılaşdığımız yeni tələblərə çətinlik çəkmədən uyğunlaşa bilirik. Düşünürəm ki, bu da BANM-də təhsilin bizə qazandırdığı ən böyük üstünlüklərdən biridir". 

Yaxşı nəticə üçün gecə saat 3-4-ə qədər dərs oxumaq yox, düzgün hazırlaşmaq lazımdır:

"Abituriyentlərə ən böyük tövsiyəm məşğələlər zamanı dərsə tam fokuslanmalarıdır. Hətta özlərinin sualı olmasa belə, digər abituriyentlərin verdiyi suallara diqqətlə qulaq assınlar. Çünki başqalarının suallarını dinləmək və müəllimin izahlarını izləmək də mövzunu daha dərindən anlamağa, fərqli yanaşmaları öyrənməyə kömək edir.

Digər tərəfdən, məncə, gecə saat 3-4-ə qədər dərs oxuyan abituriyentlər nəyisə düzgün etmir və öz öyrənmə üsullarına yenidən nəzər salmalıdırlar. Şəxsən mən məşğələlərdən əlavə, evdə dərs oxumağa çox vaxt sərf etmirdim. Oxuduğum vaxtlarda da, adətən, maksimum 1-2 saata bütün işlərimi yekunlaşdırırdım. Buna görə də düşünürəm ki, evdə 5-6 saatdan çox dərs oxumağa məcbur qalan abituriyentlər öyrənmə üsullarını dəyişməli, vaxtlarını daha səmərəli bölüşdürməyə çalışmalıdırlar. 

Əlbəttə, sağlam ağıl sağlam bədəndə olar. Buna görə də idmanla məşğul olmaq, siqaret və bu kimi zərərli vərdişlərdən uzaq durmaq, ən əsası isə gecə ən azı 8 saat yatmaq çox vacibdir. Mən öz müşahidələrimdə siqaret istifadə edən abituriyentlərin riyaziyyat nəticələrinin zəif olduğunu dəfələrlə görmüşəm. Düşünürəm ki, imtahana hazırlaşarkən sağlamlığa diqqət yetirmək də dərs oxumaq qədər önəmlidir". 

Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu
Son xəbərlərDaha çox