Azedu.az

İxtisas seçənlərin gələcəyi qeyri-müəyyəndir - Kolleclərdə əsas PROBLEM

AzEdu Təhsil Platforması

14 Oktyabr 2026, 14:34
İxtisas seçənlərin gələcəyi qeyri-müəyyəndir - Kolleclərdə əsas PROBLEM

Müşahidələrimizə əsasən deyə bilərik ki, kolleclərdə elə ixtisaslar mövcuddur ki, tələbələr bəzən əlacsızlıqdan onları seçir, lakin gələcəkdə bu ixtisaslara uyğun olaraq harada və necə iş tapacaqları barədə kifayət qədər məlumata sahib olmurlar.

Bəs, Kollec ixtisaslarının əmək bazarına uyğunlaşdırılması və tələbələrin bu barədə məlumatlandırılması istiqamətində hansı islahatlara ehtiyac var?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Məzahir Məmmədli danışıb. 

O qeyd edib ki, Azərbaycan təhsil səviyyəsində kolleclər üçün artıq konkret olaraq arzuolunmaz bir təhsil pilləsinə çevriliblər:

"Biz hər il ali təhsil müəssisələrinə qəbuldan sonra apardığımız müşahidələr əsasında görürük ki, Azərbaycanda fəaliyyət göstərən kolleclərə diqqət o qədər də çox deyil. Bu gün mövcud qəbul qaydalarına uyğun nəticə göstərə bilməyən abituriyentlər, bir qayda olaraq, kolleclərə üz tutmaq məcburiyyətində qalırlar. Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən 70-dən çox kollecin məzunları əmək bazarında özlərinə “kollec məzunuyam” deyərək iş tapa bilmirlər.

Ümumiyyətlə, bu gün müəyyən islahatlar aparılır. Lakin kolleclərin rəhbərliyində dəyişikliklər edilməsi proqram təminatı yenilənmədiyi müddətdə hər hansı nəticə verməyəcək. Düzdür, bu məsələ ilə bağlı Milli Məclis səviyyəsində, o cümlədən Elm və Təhsil Komitəsində də müzakirələr aparılır.

Bu məsələ ilə bağlı mən sosial şəbəkədə də bir dəfə kolleclərlə bağlı paylaşım etmişdim. Təklifim ondan ibarət idi ki, kolleclər subbakalavr pilləsi kimi ali təhsil müəssisələrinin tabeliyinə verilsin. Yəni ali təhsil müəssisələrində bakalavr, magistr və doktorantura səviyyələri ilə yanaşı, subbakalavr səviyyəsi də olsun. İstəyən şəxs subbakalavr dərəcəsi alsın və təhsilini başa vursun, yaxud subbakalavr kimi əmək bazarında özünə iş axtarsın.

Mən hesab edirəm ki, kolleclər artıq Azərbaycanda arzuolunmaz təhsil pilləsinə çevrilib. Düzdür, rəhbərlikdə və tədris proqramlarında yeniliklərlə bağlı islahatlar aparılır, müxtəlif təkliflər səsləndirilir. Ancaq bütün bunlar kollec məzunlarının əmək bazarının tələblərinə uyğunlaşmasını təmin edə bilmir.

Ona görə də kolleclərdə daha dərin islahatlara ehtiyac var. Düşünürəm ki, bu islahatları yalnız kolleclərin ali təhsil müəssisələrinin tabeliyinə verilməsi, onların birbaşa nəzarəti altında tədris proqramlarının yenilənməsi və professor-müəllim heyətinin bu prosesə töhfə verməsi ilə həyata keçirmək mümkündür".

İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!
Son xəbərlərDaha çox