Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycana rəsmi səfəri çərçivəsində Bakı Dövlət Universitetini (BDU) ziyarət edib, burada təhsil alan tələbələrlə görüşüb.
AzEdu.az xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev görüşdə çıxış edərək universitetin Laosun aparıcı universitetləri ilə tərəfdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı sovet dövründə 2 minə yaxın Laos vətəndaşının Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil aldığını bildirib. Nazir “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının yaratdığı imkanları qeyd edərək Laosdan olan gəncləri bu imkanlardan yararlanmağa dəvət edib. Nazir həmçinin iki ölkənin universitetləri və elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit isə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini bildirib.
Görüşün sonunda Laos Prezidenti tələbələrin suallarını cavablandırıb.
Thonqlun Sisulit daha sonra BDU-nun fəxri doktoru Ümummilli lider Heydər Əliyevin adını daşıyan muzeylə tanış olub.