Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov çıxış edərək müəllimləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Nazir bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli təhsil strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla və ardıcıl şəkildə davam etdirilir. Diqqətə çatdırılıb ki, təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq müəllim əməyinə dövlət səviyyəsində yüksək qiymət verilir, təhsilverənlərin sosial rifahının və peşəkar inkişafının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, müəllim yalnız bilik və bacarıqlar formalaşdıran deyil, eyni zamanda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində mühüm rol oynayan əsas qüvvələrdəndir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Cəhri Qəsəbə 1 nömrəli tam orta məktəbinin müəllimi Əpruz Quliyeva bu şərəfli yolda səylə çalışan pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin “Fəxri fərman”ları təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.