Azedu.az

“İbtidai təhsildə nəticə yoxdursa, digər pillələrdə də olmayacaq” - Nazir

Təhsil Nazirliyi

5 Oktyabr 2026, 10:51
“İbtidai təhsildə nəticə yoxdursa, digər pillələrdə də olmayacaq” - Nazir

“İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə də bunu görmək mümkün deyil”.

AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev təhsilin müxtəlif pillələri arasında əlaqənin vacibliyinə diqqət çəkib.

Nazir bu barədə Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı danışıb.

Emin Əmrullayev bildirib ki, müəllim seçimi zamanı peşəyə maraq və yüksək göstəricilər əsas meyarlardan olmalıdır:

“Əgər insan başqa ixtisasa qəbul ola bilmədiyi üçün müəllimlik peşəsini seçibsə, bu, müəyyən mənada problemdir. Hər halda bu, insanın uşaqlıqdan müəllimlik peşəsinə maraq göstərməsi və həmin peşəni seçməsi ilə müqayisədə daha az arzuolunan ssenaridir.

İkinci məqam isə bacardıqca yüksək faizdən müəllim seçimi etməkdir. Daha yüksək göstəricilərə malik məzunlardan müəllim seçmək özü böyük fərq yaradır.

Bu, keçid balı və digər göstəricilərlə yavaş-yavaş ölçülə bilən şəkildə özünü göstərir. Bizim gördüyümüz budur ki, son 10 ildə, hətta daha uzun müddətdə, xüsusilə bəzi fənn müəllimləri üzrə əsaslı, köklü və ciddi irəliləyişimiz var. Bu, bizi sevindirir.

Bu gün Azərbaycan məktəbində həmin dəyişikliklər özünü göstərməyə başlayıb, amma düşünürəm ki, qarşıdakı illərdə bunu daha çox görəcəyik. Bu, təhsilimizin və gələcəyimizin daha təhsilli olması baxımından vacib məqamdır.

Digər məsələ təhsil pillələri və səviyyələri arasında əlaqəni daha yaxşı başa düşməkdir. Bu, çox vacib məsələdir.

Xüsusilə məktəbəqədər təhsil səviyyəsində yaxşı xəbər ondan ibarətdir ki, məktəbəqədər təhsillə əhatəlilik 14 faizdən 45 faizə qədər artıb. Yəni 2014-2015-ci illə müqayisədə üç dəfə daha çox uşağı məktəbəqədər təhsilə cəlb edə bilmişik.

Bu niyə vacibdir? Çünki PISA nəticələrində də gördük ki, ən azı bir il məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların nəticələri məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlardan əhəmiyyətli şəkildə daha yaxşıdır. Yəni işin kökü elə məktəbəqədər təhsildən başlayır.

Yəqin ki, ibtidai sinif müəllimləri də mənimlə razılaşarlar ki, məktəbəqədər hazırlıqdan gələn uşaqlarla işləmək bir neçə dəfə daha asandır.

Üçüncü məqam isə təbii ki, ibtidai təhsildir. Burada da müsbət dinamika görürük. Bir neçə ildir bu istiqamətdə istər sertifikatlaşdırmada, istərsə də işə qəbulda müəyyən addımlar atırıq.

Bilirsiniz ki, ibtidai təhsil bizim üçün xüsusi diqqət yetirdiyimiz istiqamətdir. Yalnız bu ilin 4-cü sinif nəticələrində dinləmə və oxu bacarıqlarında sıçrayış müşahidə etmişik.

Bu, gələn il açıqlanacaq PIRLS 2026 tədqiqatının nəticələrində də, düşünürəm ki, özünü göstərəcək. Bu, bizim üçün çox vacib nəticə olacaq. Əgər orada da irəliyə doğru addım atmışıqsa, deməli, müəyyən mənada nəticələrimiz var. Əks halda isə bir qədər də gözləməli olacağıq.

Amma ibtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə əsaslı bir dəyişiklik görmək mümkün deyil”.

Hücumlar artdı -Türkiyədə Bakıya etirazlar - Sifarişçilər kimlərdir?-
Son xəbərlərDaha çox