“Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsilçinin öz payı var”.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı qeyd edib.
Nazir bildirib ki, təhsilin keyfiyyətinin artırılması ilə yanaşı, milli kimliyin və dəyərlərin qorunması da əsas məsələlərdəndir:
“İstər şagird nailiyyətlərimizin, istərsə də ümumən təhsilimizin keyfiyyətinin artırılması baxımından səylərimizi davam etdirəcəyik. Amma ən vacib məsələlərdən biri milli kimliyi və dəyərləri necə qorumağımızdır.
Burada milli dəyərləri, bacarıq və səriştələri nə üçün əldə etdiyimizi anlamaq çox vacibdir.
Azərbaycan xalqının milli kimliyini qoruyan müstəqil xalq kimi qalmasında, məncə, hər bir təhsilçinin öz payı var. Hər bir təhsilçi bu öhdəliyi anlamalı və onun icrası üçün əlindən gələni etməlidir.
Sonda 5 Oktyabr - Müəllim Günü münasibətilə Azərbaycanda müəllimlik fəaliyyəti ilə məşğul olan bütün həmkarlarımı ürəkdən təbrik edir, onlara müəllimlik peşəsində və təhsil işində uğurlar arzulayıram”.