Azedu.az

Məktəbdə birlik eyni geyimdən başlayır - Müəllimlər vahid formanın üstünlüklərinidən DANIŞDI

AzEdu Təhsil Platforması

15 Oktyabr 2026, 12:46
Məktəbdə birlik eyni geyimdən başlayır - Müəllimlər vahid formanın üstünlüklərinidən DANIŞDI

Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim forması uğurla tətbiq olunur.

Müəllimlərin də vahid geyimdə olması təhsil ocaqlarında birlik və həmrəylik ab-havasını necə gücləndirir? Vahid geyim ümumtəhsil məktəblərində nizam-intizamın möhkəmlənməsinə necə təsir edəcək?

AzEdu.az mövzu ilə bağlı müəllimlərin münasibətini öyrənib. 

"İlin gənc müəllimi" müsabiqəsinin qalibi Təranə Nuriyeva qeyd edib ki, məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda dəyərlərin formalaşdığı, şəxsiyyətin yetişdiyi və nümunəvi davranışın nümayiş etdirildiyi bir mühitdir:

Ekspert: Süni intellektin təsiri onun necə və hansı məqsədlə istifadə olunmasından asılıdır

"Müəllimlərin də vahid geyim formasında olması məktəbdə həmrəylik, birlik və kollektiv məsuliyyət hissinin güclənməsinə xidmət edir. Məktəb yalnız bilik verilən məkan deyil, eyni zamanda dəyərlərin formalaşdığı, şəxsiyyətin yetişdiyi və nümunəvi davranışın nümayiş etdirildiyi bir mühitdir. Bu baxımdan, müəllimlərin vahid geyimdə olması onların ümumi məqsəd ətrafında birləşdiyini, məktəb mədəniyyətinə və peşəkar dəyərlərə bağlılığını ifadə edir.

Müəllim şagird üçün yalnız bilik mənbəyi deyil, həm də davranışı, ünsiyyəti və xarici görünüşü ilə nümunədir. Müəllimlərin səliqəli, sadə və işgüzar geyim tərzinə üstünlük verməsi məktəbdə peşəkar atmosferin formalaşmasına kömək edir. Vahid geyim isə bu yanaşmanı daha sistemli şəkildə nümayiş etdirərək kollektivdə bərabərlik və aidiyyət hissini gücləndirə bilər.

Ümumtəhsil məktəblərində vahid geyimin nizam-intizama təsirinə gəldikdə isə düşünürəm ki, bu təşəbbüs məktəb qaydalarına münasibətin formalaşmasında müsbət rol oynaya bilər. O, şagirdlərdə məktəb mühitinə uyğun davranış, məsuliyyət və qaydalara hörmət vərdişlərinin inkişafına töhfə verə bilər. Bununla belə, nizam-intizamı yalnız geyimlə əlaqələndirmək düzgün olmazdı. Davamlı və sağlam intizam müəllimlərin şəxsi nümunəsi, məktəbdə qarşılıqlı hörmət, aydın müəyyən edilmiş qaydalar və valideynlərlə əməkdaşlıq əsasında formalaşır.

Mənim fikrimcə, vahid geyimə sadəcə zahiri görünüş məsələsi kimi deyil, məktəb mədəniyyətinin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Əsas məqsədimiz eyni geyimdə olan müəllim və şagirdlərdən ibarət kollektiv yaratmaqla kifayətlənməmək, eyni zamanda ortaq dəyərləri, məsuliyyəti və təhsilə bağlılığı bölüşən bir məktəb icması formalaşdırmaqdır.

İnanıram ki, vahid geyim ənənəsinin düzgün yanaşma və nümunəvi davranışla müşayiət olunması məktəblərimizdə daha nizamlı, həmrəy və sağlam təhsil mühitinin formalaşmasına müsbət töhfə verəcək".

Azərbaycan dili və ədəbiyyat müəllimi Səfura Əliyeva qeyd edib ki, vahid geyim müəllimin cəmiyyətdəki nüfuzunu, məsuliyyətini və nümunəvi davranışını simvolizə edir:

"Məktəblərdə müəllim və şagirdlər üçün vahid geyim formasının tətbiqi təhsil mühitində nizam-intizamın, həmrəyliyin və vahid kollektiv ruhunun formalaşmasına müsbət təsir göstərir. Müəllimlərin vahid geyimdə olması, ilk növbədə, kollektivdə birlik və peşə həmrəyliyi hissini gücləndirir, məktəbin nüfuzunu və müəllim peşəsinə olan hörməti daha da artırır. Eyni zamanda, vahid geyim müəllimin cəmiyyətdəki nüfuzunu, məsuliyyətini və nümunəvi davranışını simvolizə edir.

Şagirdlər baxımından isə vahid geyim sosial bərabərliyin qorunmasına, maddi fərqlərin xarici görünüşdə ön plana çıxmamasına və diqqətin geyimdən daha çox təhsilə yönəlməsinə şərait yaradır. Düşünürəm ki, vahid geyim məktəbdə nizam-intizamın möhkəmlənməsinə, məktəb qaydalarına hörmətin artmasına və daha ciddi təlim mühitinin formalaşmasına töhfə verə bilər.

Lakin unutmamalıyıq ki, nizam-intizam yalnız geyimlə təmin olunmur. Bunun üçün müəllimlərin şəxsi nümunəsi, məktəb rəhbərliyinin düzgün yanaşması, valideynlərin dəstəyi və şagirdlərdə məsuliyyət hissinin formalaşdırılması vacibdir. Vahid geyim zahiri birliyi təmin edir, həmin birliyi həqiqi həmrəyliyə çevirən isə ortaq dəyərlər, qarşılıqlı hörmət və təhsilə olan məsuliyyətdir".

Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu
Son xəbərlərDaha çox