Çinin paytaxtı Pekində keçirilən İkinci Çin Azərbaycanşünaslıq beynəlxalq elmi konfransı uğurla yekunlaşıb. Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin təşkilatçılığı, Azərbaycan dili kafedrasının birbaşa iştirakı ilə keçirilən mötəbər elmi tədbir Azərbaycan və Çin alimlərini, gənc tədqiqatçıları və müxtəlif elmi-tədqiqat müəssisələrinin nümayəndələrini bir araya gətirib.
Oktyabrın 17-də təşkil olunan konfrans “Qarşılıqlı öyrənmə, dostluq, qarşılıqlı fayda: Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığının yeni mərhələsi” devizi altında keçirilib. Azərbaycan və Çindən 40-dan çox alim və tədqiqatçının qatıldığı beynəlxalq elmi tədbirin əsas məqsədi iki ölkə arasında elmi və akademik əlaqələrin inkişafına töhfə vermək, Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının və mədəniyyətinin Çində daha geniş araşdırılmasını təşviq etmək, eləcə də qarşılıqlı elmi əməkdaşlıq üçün yeni imkanlar yaratmaq olub. Konfransın açılış mərasimində Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin dekanı, professor Su Yinqyinq, Çin Mərkəzi Millətlər Universitetinin ömürlük professoru Hu Cenhua, Hıbey Pedaqoji Universitetinin sabiq partiya katibi, professor Day Cienbin və Xəzər Universitetinin təsisçisi, akademik Hamlet İsaxanlı çıxış ediblər. Çıxışlarda Azərbaycan və Çin arasında tarixi dostluq münasibətlərindən, son illərdə genişlənən elm və təhsil əlaqələrindən, qarşılıqlı mədəni maraqların elmi tədqiqatlar vasitəsilə daha da dərinləşdirilməsinin əhəmiyyətindən bəhs olunub.
Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin dekanı, professor Su Yinqyinq bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafı təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə əlverişli şərait yaradıb. O, 2024-cü ildə keçirilmiş Birinci Çin Azərbaycanşünaslıq Elmi Konfransının bu istiqamətdə mühüm akademik platformanın formalaşmasına xidmət etdiyini vurğulayıb. Professor universitetin Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Heydər Əliyev Fondu ilə əməkdaşlıq əlaqələrinə də diqqət çəkib.
Konfransın sədri, Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev çıxışında Azərbaycanşünaslıq tədqiqatlarının Çində inkişafının əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, qədim tarixə, zəngin ədəbi-mədəni irsə və özünəməxsus milli ənənələrə malik Azərbaycanın müxtəlif istiqamətlər üzrə öyrənilməsi yalnız Azərbaycanşünaslıq elminin inkişafına deyil, həm də Azərbaycan-Çin dostluğunun möhkəmlənməsinə xidmət edir. Aqşin Əliyev Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisinin və bu sahə üzrə mütəxəssislərin hazırlanmasının Çində Azərbaycanşünaslığın elmi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycanşünaslıq elmi tədqiqatların yeni istiqamətləri ilə zənginləşir
Konfransın əsas məruzələrində Azərbaycan-Çin münasibətlərinin müxtəlif aspektləri, regional əməkdaşlıq, tarixi İpək Yolu, ədəbi-mədəni əlaqələr və müasir geosiyasi proseslər elmi müzakirə mövzusuna çevrilib.
Çin Sosial Elmlər Akademiyasının professoru Li Yonqhuy “Kəmər və Yol” təşəbbüsü çərçivəsində Çin və Azərbaycanın Orta Dəhlizin formalaşdırılmasında roluna həsr olunmuş məruzə ilə çıxış edib. Xəzər Universitetinin təsisçisi, akademik Hamlet İsaxanlı “Azərbaycan bədii ədəbiyyatında Çin obrazları” mövzusunda məruzəsində iki xalq arasında ədəbi-mədəni əlaqələrin tarixi izlərini diqqətə çatdırıb. Çin Dövlət Şurasının İnkişaf Mərkəzinin tədqiqatçısı, professor Sü Tao isə “Mərkəzi Asiya+Azərbaycan” əməkdaşlıq mexanizminin regional təsirlərinə dair elmi mülahizələrini bölüşüb.
Konfransın diqqətçəkən məqamlarından biri Azərbaycan və Çin arasında tarixi-mədəni əlaqələrin klassik ədəbiyyat nümunələri əsasında dəyərləndirilməsi olub. Professor Day Cienbin dahi Azərbaycan şairi Nizami Gəncəvinin XII əsrdə qələmə aldığı “Yeddi gözəl” poemasında Çin şahzadəsi obrazının yer almasını iki xalq arasında qədim mədəni təsəvvürlərin ədəbi ifadəsi kimi diqqətə çatdırıb. Professor Hu Cenhua isə Azərbaycanın zəngin tarixinin, dilinin, yazı mədəniyyətinin, ədəbiyyatının, musiqisinin, folklorunun və ictimai inkişafının Azərbaycanşünaslıq elminin geniş tədqiqat istiqamətlərini əhatə etdiyini bildirib.
Üç elmi bölmədə aktual məsələlər müzakirə olunub
Konfransın elmi proqramı üç əsas istiqamət üzrə təşkil edilib: “Dilçilik, ədəbiyyat və tərcüməçilik”, “Regionşünaslıq”, eləcə də “Kəmər və Yol təşəbbüsü çərçivəsində sivilizasiyalararası qarşılıqlı öyrənmə və iqtisadi-ticari əməkdaşlıq”.
Bölmə iclaslarında 30-a yaxın elmi məruzə nəzərdə tutulub. Müzakirələr zamanı Azərbaycan dilinin dialektoloji xüsusiyyətləri, dil xəritəçiliyi, tərcümədə milli-mədəni anlayışların ifadəsi, əlifba islahatları, regional inkişaf və mədəniyyətlərarası əlaqələr kimi məsələlər diqqət mərkəzində olub. İpək Yolunun tarixi və müasir əhəmiyyəti, Azərbaycanın qədim ticarət və mədəniyyət yolları üzərində yerləşməsi, nəqliyyat dəhlizlərinin inkişafı və iki ölkə arasında əməkdaşlığın perspektivləri də müzakirə edilib. Elmi bölmələrdə aparılan fikir mübadiləsi müxtəlif elm sahələrinin Azərbaycanşünaslıq çərçivəsində birləşdirilməsinin vacibliyini bir daha nümayiş etdirib. Tədbirdə tanınmış alimlərlə yanaşı, gənc tədqiqatçıların, doktorantların, tələbələrin və Çində təhsil alan azərbaycanlı gənclərin iştirakı konfransın mühüm xüsusiyyətlərindən biri olub. Fərqli elmi məktəbləri təmsil edən iştirakçılar tədqiqat nəticələrini təqdim etməklə yanaşı, yeni mövzuların müəyyənləşdirilməsi, ortaq elmi maraqların formalaşdırılması və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Pekin Xarici Dillər Universiteti Azərbaycanşünaslığın inkişafında mühüm rol oynayır
Pekin Xarici Dillər Universitetində Azərbaycan dilinin tədrisi, bu sahədə mütəxəssis hazırlığı və Azərbaycanla bağlı elmi tədbirlərin təşkili Çində Azərbaycanşünaslığın inkişafı üçün mühüm akademik zəmin yaradır.
Universitetin Azərbaycan dili kafedrasının təşəbbüsü və fəaliyyəti nəticəsində Azərbaycan dili və mədəniyyətinin tədrisi ilə yanaşı, ölkəmizin tarixi, ədəbiyyatı, ictimai həyatı və beynəlxalq əlaqələri də elmi araşdırmaların predmetinə çevrilir.
2024-cü ildə əsası qoyulan Çin Azərbaycanşünaslıq Elmi Konfransının ikinci dəfə keçirilməsi bu təşəbbüsün davamlı xarakter aldığını və Azərbaycanşünaslıq üzrə beynəlxalq elmi dialoqun genişləndiyini göstərir. Bu baxımdan konfrans yalnız elmi məruzələrin təqdim olunduğu tədbir deyil, həm də müxtəlif nəsillərdən olan tədqiqatçıların bir-biri ilə əlaqə qurduğu, yeni ideyaların müzakirə edildiyi və gələcək birgə araşdırmalar üçün zəmin formalaşdıran akademik platforma kimi əhəmiyyət daşıyır.
Konfrans yeni elmi əməkdaşlıq imkanları ilə yadda qalıb
İkinci Çin Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransının yekun mərasimində Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, konfransın sədri Aqşin Əliyev tədbirin nəticələrini ümumiləşdirib. O, konfransın Azərbaycan və Çin alimləri arasında elmi dialoqun genişləndirilməsi, müxtəlif tədqiqat istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması və Azərbaycanşünaslıq sahəsində yeni elmi əlaqələrin qurulması baxımından əhəmiyyətini diqqətə çatdırıb. Yekun mərasimində iştirakçılara Azərbaycan-Çin elmi əməkdaşlığına verdikləri töhfələrə görə sertifikatlar təqdim olunub.
Konfrans bir daha göstərib ki, Azərbaycanşünaslıq artıq Çində yalnız Azərbaycan dilinin öyrənilməsi ilə məhdudlaşmayan, tarix, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat, beynəlxalq münasibətlər və regionşünaslıq kimi sahələri birləşdirən çoxşaxəli tədqiqat istiqaməti kimi inkişaf edir. İki ölkənin alimlərinin bir araya gəlməsi, elmi nəticələrin müzakirəsi və gənc tədqiqatçıların prosesə fəal cəlb olunması bu sahənin gələcək inkişafı üçün yeni perspektivlər açır.
Yeni ideyalar və yeni elmi əməkdaşlıqlarla yadda qalan İkinci Çin Azərbaycanşünaslıq Beynəlxalq Elmi Konfransı Çində Azərbaycanşünaslığın inkişafı tarixində daha bir mühüm səhifə açıb.
Pekində baş tutan bu elmi görüş Azərbaycan və Çin arasında akademik əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı mədəni anlaşmanın dərinləşməsinə və gələcək birgə tədqiqatların genişlənməsinə xidmət edən əlamətdar hadisə kimi dəyərləndirilə bilər.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Qüdsiyyə Qəmbərova, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” elmi-metodik jurnalının baş redaktoru vəzifəsini icra edən, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı, Azərbaycan Dillər Universitetinin dosentləri Fialə Abdullayeva və Səbinə Əliyeva, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Nərgiz Kərimova elmi məruzələrlə çıxış ediblər.