Azedu.az

Bir gün isti, bir gün soyuq: Uşaqları xəstəlikdən necə qoruyaq? - PEDİATR

AzEdu Təhsil Platforması

26 Oktyabr 2026, 10:21
Bir gün isti, bir gün soyuq: Uşaqları xəstəlikdən necə qoruyaq? - PEDİATR

Son günlər hava şəraitinin dəyişkən keçməsi, bir gün isti, ertəsi gün isə soyuq və ya yağışlı olması uşaqlar arasında mikrobların və yoluxucu xəstəliklərin yayılmasına səbəb olurmu?

Eyni zamanda, belə hava şəraiti valideynləri də çətin vəziyyətdə qoyur. Onlar övladlarını necə geyindirməli olduqları barədə qərar verməkdə tərəddüd edirlər.

Mövzu ilə bağlı AzEdu.az-a danışan pediatr Şəlalə Poluxova bildirib ki, uşaqların geyimində əsas qayda bir qalın paltar əvəzinə bir neçə nazik qat geyindirməkdir:

“Uşaqlarda immun sistemi hələ tam formalaşmadığı üçün onlar virus və bakteriyalara qarşı yetərincə mübarizə apara bilmirlər. Uşaqların tənəffüs yolları böyüklərlə müqayisədə daha həssasdır. Temperaturun və rütubətin kəskin dəyişməsi zamanı orqanizm yeni şəraitə tez uyğunlaşa bilmir. Bu isə bədən müqavimətinin azalmasına və müxtəlif virusların yayılmasına şərait yaradır.

Belə havalarda valideynlərdə “Uşağı necə geyindirməliyik ki, nə üşüsün, nə də tərləsin?” sualı yaranır. Bəli, bu, bir qədər çətindir və biz həkimlər də bu sualla tez-tez qarşılaşırıq.

Ən doğru üsul bir qalın paltar əvəzinə bir neçə qat geyim seçməkdir. Məsələn, səhər hava sərin olduğu üçün uşaq məktəbə gedərkən nazik köynək, onun üzərindən isə jaket və ya yüngül gödəkçə geyinə bilər. Günorta hava isinəndə artıq qatları çıxarmaq asan olur. Bu, həm uşağın rahat hərəkət etməsinə, həm də tərləməsinin qarşısını almağa kömək edir”.

Soyuq havalarda virus infeksiyalarının artmasının əsas səbəbi uşaqların daha çox qapalı məkanlarda qalmasıdır:

“Yəni hava şəraitinə uyğun, asanlıqla geyinilib çıxarıla bilən paltarlar seçmək ən məqsədəuyğun yanaşmadır. Axşam hava soyuduqda uşaq həmin üst geyimini yenidən geyinə bilər. Ümumiyyətlə, “Pis hava yoxdur, uyğun geyim var” prinsipi burada əsasdır.

Məsələn, Bakı və Abşeron yarımadasında küləkli havalarda uşağı qoruyucu papaqla, havanın daha da soyuduğu dövrlərdə isə nazik şərf və ya boğazı örtən gödəkçə ilə qorumaq olar. Yağışlı havalarda su keçirməyən, lakin nəfəs alan ayaqqabılar geyindirmək məsləhətdir”.

Havanın dəyişməsi xəstəliklərin birbaşa səbəbi deyil. Əsas səbəb viruslardır, lakin dəyişkən hava şəraiti onların yayılmasına təsir göstərə bilər:

“Aşağı temperaturda bəzi viruslar daha uzun müddət aktiv qala bilir. Bu da yoluxma riskini artıra bilər”.

Yoluxma riskini azaltmaq üçün pediatr aşağıdakı tədbirləri vacib sayır:

“Uşaqlara əllərini müntəzəm yumaq vərdişi aşılamaq, qapalı məkanları tez-tez havalandırmaq, öskürək, boğaz ağrısı və burun axıntısı kimi simptomlar yarandıqda həkimə müraciət etmək və özbaşına dərman verməmək vacibdir. Həmçinin mövsümi, xüsusilə də qrip peyvəndlərini vaxtında vurdurmaq, uşağın yuxu rejiminə və balanslı qidalanmasına diqqət yetirmək lazımdır.

Bu qaydalara əməl etməklə uşaqları həm soyuqdan, həm də viruslardan qorumaq mümkündür”, - deyə pediatr əlavə edib.

Şok xəbərdarlıq! İran vurulacaq - Ordu əmr gözləyir
Son xəbərlərDaha çox