Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.
"Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə müvafiq Prezident Fərmanının icrası məqsədilə qəbul olunmuş sənəd dövlət ümumi təhsil müəssisələrində işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və vahid yanaşmanın təmin edilməsinə yönəlib.
Sənədə görə, müəllimin geyimi onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalıdır.
Maraqlıdır, müəllimlərin geyim qaydalarına dair tələblərə nə dərəcədə ehtiyac var idi?
Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, müəllimin hər bir hərəkəti, sözü, bədən dili, müraciəti, bir sözlə hər şey şagird üçün mesajdır. Geyim tərzi də bu mesajın bir hissəsidir:

"İki gün öncə, Nazirlər Kabineti tərəfindən təhsilverənlərin vahid geyim forması ilə bağlı tələblər təsdiqləndi. Qərara əsasən, həm kişi, həm də qadın müəllimlər üçün ayrı-ayrılıqda bir neçə variantda geyim nümunələri əksini tapıb.
Əvvəlcədən öz fikrimi bildirim ki, təqdim olunan variantlar müəllimlər üçün əlavə hər hansı problem, məhdudiyyət və s. kimi çatışmazlıqlar yaratmayacaq. Çünki tələblər bir yox, bir neçə istiqamətlidir. Hazırda orta ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin böyük əksəriyyəti də onsuz da həmin nümunələrə yaxın tərzlərə üstünlük verirdi.
Burada toxunulması vacib olan əsas məsələ isə budur - Müəllimlərin vahid geyim formasına sırf tədris prinsipləri baxımından nə kimi ehtiyac var idi? Cavab isə birmənalı olaraq bu cür olmalı - “bəli, müəllimin vahid geyim forması, ictimai nəzarət mexanizminin yox, məhz tədris prosesinin ayrılmaz hissəsidir. Müəllim istənilən şagird üçün ailəsindən sonra dəyər kateqoriyasının növbəti ümumiləşdirilmiş obrazıdır.
Peşəkarlığı və fərdi göstəricilərindən asılı olaraq bu kateqoriyanın dərəcəsi şagirdlərdə sonradan müxtəlif istiqamətə doğru dəyişə bilər. Şagird üçün müəllimin hər bir hərəkəti, sözü, bədən dili, müraciəti, bir sözlə hər şey həm də mesajdır. Eyni zamanda, geyim tərzi də şagirdin müəllimə olan ümumi yanaşma standartları ilə üst-üstə düşərsə, bu zaman təhsilverənin şagird zehnindəki mövqeyi daha da möhkəmlənmiş olar".
Bir müəllimin geyim tərzi belə şagirdin yaddaşında onun obrazını formalaşdıran ciddi bir detala çevrilə bilər:
"Bəzi hallarda vahid geyim forması məktəb mühitində nizam-intizamın və psixoloji rahatlığın formalaşmasına kömək edə bilər. Şagird məhz həmin geyim formasının ciddiyəti ilə müəllim peşəsinin sanballı, ciddiyəti arasında paralellik yaradır və bu onda şüuraltı təsdiq, razılıq mexanizmini işə salır. Əmin olun bu kimi detallar gəlişi gözəl sözlər deyil, birbaşa neyropsixoloji məsələlərdir.
Sizə bir kiçik nümunə deyim: Mənim anadan olduğum və ilk dəfə məktəbə getdiyim kəndin yolları çox əlverişsiz olduğundan qışda ciddi problem yaranır və şagirdlər məktəbə gələnə qədər xeyli palçıqlı yerlərdən keçməli olurdular. O zaman məktəbdə çalışan və hazırda dünyasını dəyişən qocaman bir müəllim var idi- Daxil müəllim.
O, geyim tərzinə, onun səliqə və təmizliyinə xüsusi diqqət edər, kəndin bu başındakı evindən o başındakı iş yerinə -məktəbə qədər ayaqqabılarının təmizliyini qoruya-qoruya gələrdi. Hazırda onun şagirdlərinin bir çoxusunun yaşı hətta 50-ni də ötüb.
Onlardan biri ilə təsadüfi söhbət zamanı belə bir fikir dedi: “mənim ayaqqabılarım indi də çirkli ola bilməz, biz şagirdlər o vaxt Daxil müəllimə baxırdıq, ayaqqabımızın məhz onunku kimi olması üçün çalışırdıq. Bəziləri məktəb ayaqqabılarını xüsusi sellefan paketlərdə gətirib, məktəbə çatanda ayağındakı köhnələrdə dəyişərdilər”.
İlk baxışdan kiçik nümunə kimi görünə bilər. Amma bir müəllimin adicə geyim tərzi ilə şagird zehniyyətindəki yeri baxımından çox ciddi detaldır. Bir detalı da unutmayaq: insan yaşından asılı olmayaraq, rəğbətini qazandığı müəllim üçün hər zaman şagird olur....
Burada çox ciddi və incə məqamlar var. Şagirdin dünyagörüşünə, onun müəllimi qəbul etməsinə və tədris prosesində müəllimin roluna təsir edən amillər nəzərə alınmalıdır”.