Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim forması artıq tətbiq olunur.
Maraqlıdır, vahid geyim sisteminin tətbiqi məktəbdaxili nizam-intizama necə təsir edəcək?
AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Ələkbərova danışıb.
O, qeyd edib ki, müəllimlər uşaqlardan hansısa qaydaya əməl etməyi tələb edirsə, ilk növbədə özləri onlara nümunə olmalıdır:

"Düşünürəm ki, məktəbdə vahid geyim qaydalarının tətbiqi nizam-intizamın formalaşmasına müsbət təsir göstərə bilər. Çünki məktəb yalnız bilik verilən yer deyil, həm də uşaqlara məsuliyyət, səliqə və müəyyən qaydalara əməl etmək vərdişlərinin aşılandığı mühitdir.
Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, onların diqqətini xarici görünüşə deyil, təhsilə yönəltməyə kömək edə bilər. Müəllimlərin də işgüzar geyim qaydalarına riayət etməsi bu baxımdan önəmlidir. Çünki şagirdlərdən qaydalara əməl etməyi tələb ediriksə, ilk növbədə özümüz onlara nümunə olmalıyıq.
Amma bir məqamı da unutmayaq ki, nizam-intizam təkcə geyimlə təmin olunmur. Əsas məsələ məktəbdə qarşılıqlı hörmətin, məsuliyyətin və sağlam münasibətlərin formalaşdırılmasıdır. Geyim qaydaları isə bu mühitin tamamlayıcı hissəsidir. Məncə, burada əsas məqsəd uşaqlara həddindən artıq məhdudiyyətlər qoymaq deyil, onlara məktəb mühitinin özünəməxsus qaydaları olduğunu düzgün şəkildə izah etməkdir".

Füzuli rayonu Qarabağ kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, direktor, “İlin gənc müəllimi” Əlihüseyn Yaqubov qeyd edib ki, əvvəlki dövrlərdə bəzi şagirdlərin çox bahalı, digərlərinin isə nisbətən ucuz paltar geyinməsi onlar arasında istər-istəməz mənəvi və psixoloji gərginlik yarada bilirdi:
"Məktəbli formasının tətbiqi məktəb daxilində nizam-intizam qaydalarının gözlənilməsində mühüm rol oynayır. Ölkəmizdə uşaqların maddi durumu eyni səviyyədə olmadığından, imkanlı və nisbətən kasib ailələrdən olan şagirdlər arasında müəyyən fərqlər mövcuddur.
Əvvəlki dövrlərdə bəzi şagirdlərin çox bahalı, digərlərinin isə nisbətən ucuz paltar geyinməsi onlar arasında istər-istəməz mənəvi və psixoloji gərginlik yarada bilirdi. Bu baxımdan, vahid geyim formasının tətbiqi hər bir şagirdin təxminən eyni qiymətə və eyni formalı paltar geyinməsini təmin edir ki, bu da psixoloji mühitin normal şəkildə qorunmasına böyük kömək göstərir.
Həmçinin müəllimlər də hər şeydən əvvəl nümunə olmalıdırlar və müəllimlər arasında da xüsusi çərçivənin, geyim sərhədinin olması olduqca müsbət haldır. Bu, şagirdlərin qarşı tərəfdən bir nümunə görməsi mənasına gəlir və prosesin tam şəkildə həyata keçirilməsinə kömək edir.
Məktəb olaraq vahid geyim forması ilə bağlı artıq addımlar atılıb, valideynlərlə müzakirələr aparılıb. Köhnə dərslər bitməmişdən əvvəl - may və iyun ayılarında qruplara yazılaraq valideynlərə məlumat verilib ki, tədris ilində vahid geyim forması tətbiq olunacaq. Ümumi olaraq bu baxımdan heç bir ciddi çətinlik gözlənilmir".