Son günlər Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və müəllimlərin geyim qaydaları ətrafında yaranan müzakirələr cəmiyyətin diqqət mərkəzinə gəlib. Düşünürəm ki, mövzu ətrafında səslənən fikirləri iki qütbə ayırmaq, bir tərəfi dünyəviliyin, digər tərəfi isə dini dəyərlərin müdafiəçisi kimi təqdim etmək düzgün yanaşma deyil. Əslində, müzakirənin mərkəzində daha mühüm sual dayanır: Azərbaycan dövləti təhsildə vahid qayda və intizamı təmin etməklə yanaşı, milli-mənəvi irsə, dini etiqad azadlığına və insan ləyaqətinə hörməti necə qoruyur?
Bu suala cavab hüquqi prinsiplərin, dövlətçilik ənənələrinin və cəmiyyətin mənəvi dəyərlərinin birlikdə nəzərdən keçirilməsini tələb edir.
Dövlətçilik qanunun aliliyindən başlayır
Öncə ondan başlayaq ki, vahid məktəbli forması və müəllimlərin vahid işgüzar geyim üslubu dini dəyərlərə qarşı yönəlmiş tədbir kimi deyil, dünyəvi təhsil, sosial bərabərlik, məktəb nizam-intizamı və dövlətin təhsil siyasəti çərçivəsində müzakirə olunmalıdır. Bununla yanaşı, dünyəvilik dini dəyərlərə hörmətsizlik demək deyil; dövlətçilik ənənəsi də milli-mənəvi irsə hörmətlə hüquqi prinsiplərin uzlaşdırılmasını tələb edir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin idarəçilik fəlsəfəsini aydın şəkildə müəyyən edir. Sənədin 7-ci maddəsinə əsasən, Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. 18-ci maddə dinin dövlətdən ayrı olduğunu və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıdığını təsbit edir. Eyni zamanda, 25-ci maddə dinindən, dilindən, mənşəyindən və əmlak vəziyyətindən asılı olmayaraq hər kəsin hüquq bərabərliyinə təminat verir. 48-ci maddə isə vicdan azadlığını qoruyur. Bu müddəalar heç bir halda bir-birinə zidd deyil. Onlar dövlətin və cəmiyyətin münasibətlərini tənzimləyən vahid hüquqi sistemin hissələridir.
Dünyəvilik dövlətin hər hansı dini etiqadın daşıyıcısına çevrilməməsi, təhsilin isə dini və siyasi təbliğatın deyil, elmi biliklərin, tənqidi düşüncənin və ümumbəşəri dəyərlərin inkişafına xidmət etməsidir. Lakin dünyəvi dövlət anlayışını dinə qarşı münasibətlə eyniləşdirmək də hüquqi və məntiqi baxımdan doğru deyil.
Vahid məktəbli forması nə üçün vacibdir?
Məktəb yalnız bilik verilən məkan deyil. Bura uşağın sosial münasibətləri öyrəndiyi, kollektivə uyğunlaşdığı, məsuliyyət və qarşılıqlı hörmət hissi qazandığı mühüm ictimai institutdur. Vahid məktəbli forması bu baxımdan bir neçə əhəmiyyətli funksiyanı yerinə yetirir. İlk növbədə, vahid geyim şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn zahiri fərqlərin təsirini azaltmağa kömək edir. Uşağın məktəbdəki mövqeyi geyiminin qiyməti, markası və ya dəbə uyğunluğu ilə müəyyən edilməməlidir. Təhsildə əsas meyar uşağın biliyi, bacarığı, zəhməti və davranışı olmalıdır.
İkinci mühüm məqam məktəb kimliyidir. Eyni təhsil müəssisəsində oxuyan uşaqların vahid geyimdə olması onlarda kollektivə mənsubiyyət, ortaq məsuliyyət və məktəbin daxili qaydalarına hörmət hissini gücləndirə bilər.
Üçüncü məqam isə intizam və təkcə təhsil deyil, həm də tərbiyə ocağı sayılan məktəb mühitidir. Aydın, əvvəlcədən müəyyən edilmiş və hamıya eyni qaydada tətbiq olunan geyim tələbləri məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər arasında münasibətlərin daha sistemli qurulmasına şərait yaradır.
Deməli, vahid forma təhsil siyasətinin məqsədi deyil, düzgün təşkil edildikdə həmin məqsədə xidmət edən vasitələrdən biridir.
Hüquqi tənzimləmə - vacib məqamlar
2026-cı il iyulun 7-də “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərdə millilik və dünyəvilik anlayışları milli və ümumbəşəri dəyərlərin qorunması və onların vəhdətinin təmin edilməsi ilə əlaqələndirilib. Dəyişikliklər dövlət ümumi təhsil müəssisələrində həm şagirdlər, həm də təhsilverənlər üçün geyim tələblərinin müəyyənləşdirilməsinə hüquqi əsas yaradıb. Qanunda valideynlərin də övladlarının geyim qaydalarına riayət etməsini təmin etmək vəzifəsi nəzərdə tutulub.
Sentyabrın 21-də Nazirlər Kabinetinin qərarı ilə şagird geyimlərinə dair tələblər yenilənib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sentyabrın 22-də yaydığı məlumatda vahid formanı pozan və ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinin istifadəsinə yol verilmədiyi bildirilib. Oktyabrın 6-da isə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair ayrıca tələblər təsdiqlənib.
Müəllimlərin vahid işgüzar geyiminə gəlincə, demək istəyirəm ki, məktəbdə müəllimin rolu şagirdin biliyinin formalaşdırılması ilə məhdudlaşmır. Müəllim davranışı, ünsiyyət mədəniyyəti, məsuliyyəti və peşəkar münasibəti ilə də nümunə göstərir. Vahid işgüzar geyim üslubu müəllimin peşəkar statusunu vurğulaya, məktəbin təşkilati mədəniyyətini gücləndirə və təhsil mühitində müəyyən standartların formalaşmasına kömək edə bilər.
Bu hüquqi dəyişikliklər geyim məsələsinin artıq yalnız məktəbdaxili ənənə deyil, qanunvericiliklə tənzimlənən sahə olduğunu göstərir. Əgər dövlət vahid geyim tələb edirsə, bu tələbin nədən ibarət olduğu, hansı hüquqi sənədə əsaslandığı və hansı hallarda tətbiq edildiyi aydın dərk olunmalıdır.
Prezident İlham Əliyevin İslam irsinə münasibəti
Azərbaycanın dünyəvi dövlət quruluşunu milli-mənəvi dəyərlərdən ayrı təsəvvür etmək mümkün deyil. Xalqımızın tarixi yaddaşında İslam mədəniyyəti, məscidlər, ziyarətgahlar, dini-memarlıq abidələri və mənəvi ənənələr mühüm yer tutur. Bu irsin qorunması dövlətin mədəni siyasətinin də əhəmiyyətli istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilən dini və tarixi abidələrin bərpası layihələri bu münasibətin konkret nümunələridir. Xüsusilə erməni vandalları tərəfindən dağıdılmış məscidlərin, digər dini inanc yerlərinin bərpasına dövlətin göstərdiyi diqqət və qayğı təkcə memarlıq irsinin qorunması deyil, həm də xalqın tarixi və mənəvi yaddaşının yaşadılması baxımından müstəsna əhəmiyyət daşıyır və ölkə rəhbərinin İslam irsinin qorunmasına münasibətini qiymətləndirərkən nəzərə alınmalı olan konkret nümunələrdir. Azərbaycanda fəaliyyət göstərən dini qurumlara və konfessiyalara hər il dövlət tərəfindən maddi dəstəyin göstərilməsi beynəlxalq aləmdə müsbət tolerantlıq nümunəsi kimi təqdim olunur. Bu məqam beynəlxalq müstəvidə də açıq şəkildə özünü biruzə verir; müsəlman ölkələri ilə yüksək səviyyəli münasibətlərin formalaşması, beynəlxaq platformalarda vahid mövqedən yanaşmalar hər kəsin görə bildiyi reallıqdır. Bir sözlə, milli-mənəvi dəyərlərə münasibət həm dövlətin mədəni siyasətində, həm də vətəndaşlarla gündəlik münasibətlərdə özünü göstərir.
Milli-mənəvi dəyərlər və dövlətçilik: ortaq məsuliyyət
Dövlətçilik qanunlara riayət etməklə yanaşı, cəmiyyətin ortaq dəyərlərini qorumaq, fərqli mövqelər arasında hüquqi çərçivədə anlaşma yaratmaq və gələcək nəsillərə məsuliyyətli vətəndaşlıq mədəniyyəti ötürməkdir. Məktəbli forması məsələsi də məhz bu geniş çərçivədə qiymətləndirilməlidir. Vahid geyim sosial bərabərliyi, məktəb kimliyini və intizamı gücləndirmək məqsədinə xidmət edə bilər. Müəllimlərin vahid işgüzar üslubu isə peşəkar mühitin formalaşmasına töhfə verə bilər. Ona görə də bu irsin qorunması ilə dünyəvi təhsil sisteminin təşkili arasında süni qarşıdurma yaratmaq yolverilməzdir. Əsas məsələ hər iki sahədə hüquqi prinsiplərə və milli maraqlara uyğun davranmaqdır.
Nəticə etibarilə, güclü dövlətçilik heç bir halda qaydasızlığı qəbul edə bilməz. Dövlət məktəbi intizamlı, dünyəvi və hər bir uşaq üçün bərabər təhsil məkanı olmalıdır..
Azərbaycan cəmiyyətinin tarixi təcrübəsi milli kimliyə sadiqlik, qanunlara və qaydalara riayət olunması şəraitində dünyəvi dövlətçilik ənənələri ilə İslam mədəniyyətinin yanaşı mövcudluğunun mümkün olduğunu sübut edib. Ölkəmizin dövlətçilik ənənələri, milli-mənəvi irsi və hüquqi dövlət prinsipləri arasında davamlı tarazlığın təmin edilməsi də məhz bu reallığa bağlıdır.