Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il oktyabrın 14-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçiriləcək.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
İmtahanda iştirak etmək üçün AB qrupu üzrə 10, AC qrupu üzrə 16, BA qrupu üzrə 62, BB qrupu üzrə isə 221 olmaqla, ümumilikdə 309 namizəd qeydiyyatdan keçib.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
İmtahanların keçirilməsi üçün 3 zal admini, 19 nəzarətçi və 5 buraxılış rejimi əməkdaşı ayrılıb.