Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
AzEdu.az xəbər verir ki, M.Abbaszadə rəsmi feysbuk hesabında paylaşdığı təbrikində müəllimlik peşəsinin yalnız bilik və peşəkarlıq deyil, eyni zamanda məsuliyyət, mənəvi keyfiyyətlər, insanı duymaq və anlamaq bacarığı, istedad və yaradıcı yanaşma tələb etdiyini vurğulayıb.
O qeyd edib ki, müəllimin səhvi bəzən insanın özünə inamını sındıra, istedadından uzaqlaşmasına və bacarığı olduğu istiqamətdə yol seçməməsinə səbəb ola bilər. Bununla yanaşı, əsl müəllimin şagirddə onun özünün hələ görə bilmədiyi qabiliyyəti üzə çıxara və inkişaf etdirə biləcəyini bildirib.
M.Abbaszadə XIII əsrin görkəmli Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin müəllimlik sənətinin əhəmiyyətinə dair fikirlərini də xatırladıb:
“Çünki müəllimin işi yalnız bilik vermək deyil. Müəllim insanın formalaşmasında iştirak edir. Cəmiyyət gələcək nəslin taleyini müəllimə etibar edir. Deməli, müəyyən mənada öz gələcəyini də ona etibar edir”, – deyə o vurğulayıb.
DİM sədri özünün də həyatında böyük hərflə yazılmağa layiq müəllimlərin olduğunu qeyd edib və ilk müəllimlərini, o cümlədən ümumtəhsil və musiqi məktəbində ona dərs deyən pedaqoqları minnətdarlıqla xatırladığını bildirib.
“Müəllim üçün ən böyük mükafatlardan biri də budur: onilliklər keçəndən sonra şagirdi yalnız öyrəndiklərini deyil, ona bunları öyrədən insanı da xatırlasın”, – M.Abbaszadə qeyd edib.
Sonda o, bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edərək, onların uşaqların potensialını üzə çıxarmasına, öz imkanlarına inanmasına və həyatda öz yollarını tapmasına dəstək olmalarını arzulayıb.
“Müəllimlər Gününüz mübarək!” – deyə M.Abbaszadə paylaşımını yekunlaşdırıb.
