Dövlət İmtahan Mərkəzi tərəfindən 1 oktyabr 2026-cı il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün Bakı və Gəncə şəhərlərində test imtahanı keçirilib.
AzEdu.az xəbər verir ki, imtahan elektron formada 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanda 1550 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, 1310 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 2 və 5 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.